Məhkəmə qərarları › İş №3(060)-777/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-777/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-777/2023 17.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, Şəxs idarə etdiyi Mercedes markalı, **-TX-*** nömrə nişanlı avtomobillə C.Cabbarlı küçəsinə çıxarkən Kia Cerato markalı, **-KS-*** nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə Kia Cerato markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və sərnişin Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almışdır. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, özünə məxsus etibarnamə əsasında “Mercedes” minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 16 fevral 2023-cü il tarixdə saat 21 radələrində avtomobili ilə yaşadığı məhəllədən çıxıb sağa dönüş etməklə C.Cabbarlı küçəsinə çıxıb sağ tərəfində olan nömrə nişan və markasını xatırlamadığı avtomoilin yanından keçib əks yola keçmiş, asfalt yaş olduğundan avtomobil sürüşərək əks istiqamətdə hərəkətdə olan Kia Cerato minik markalı 90KS292 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində hər iki avtomobilə ziyan dəymiş, həmin avtomobilin sürücüsü və yanındakı sərnişin xəsarət almış, hadisə yerinə təcili yardım avtomobili gəlmiş və onların hər ikisini Sumqayıt TTYX-na aparmışlar. Hadisədən əvvəl spirtli içki içməmiş, avtomobili idarə etmək hüququ və qüvvədə olan sürücülük vəsiqəsi vardır. Taksi fəaliyyəti ilə məşğul olur və evini onunla dolandırır, zərərçəkmiş şəxs ondan müəyyən məbləğdə pul istəmiş, onun isə bu pula gücü çatmamışdır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, əməlindən peşmandır, barəsində nəqliyyat vasitələrini idarəetmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, özünə məxsus etibarnamə əsasında Kia Cerato minik markalı 90KS292 dövlət qeydiyyat nişanlı avtomobili vardır. 16 fevral 2023-cü il tarixdə saat 21 radələrində avtomobili ilə Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi ilə təxminən 30-40 km/saat sürətlə hərəkətd olmuş, dostu Zərərçəkmiş şəxs1 avtomobilinin qabaq sərnişin oturacağında oturmuş, hərəkət istiqamətinin sol tərəfində ara məhəllədən “Mercedes” minik markalı, 90TX372 dövlət qeydiyyat nişanlı avtomobil sağa çıxmaqla dayanmış vəziyyətdə olan avtomobili sol tərəfindən ötüb idarəetməni itirərək onun hərəkət yoluna çıxmış, avtomobili sağa istiqamətləndirməklə əyləcə təzyiq etmiş, lakin həmin avtomobil onun avtomobilinin ön hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində hər iki avtomobilə ziyan dəymiş, özü və yanındakı sərnişin xəsarət almışdır. Hadisə yerinə təcili yardım avtomobili gəlmiş və onları Sumqayıt TTYX-na aparmışlar. Orada tibbi yardım alıb evə buraxılmışlar. Hadisədən əvvəl spirtli içki içməmişdir. Hadisə baş verərəkən o dərhal qardaşına məlumat vermişdir. Avtomobilinə 7900 manat ziyan dəymiş, onun 5000 manatını sığorta ödəmiş, Şəxs isə qalan ziyanı ödəmək istəmir. Şəxs şikayəti yoxdur, yalnız dəymiş ziyanı ödəməsini istəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, hadisə vaxtı onun oğlu və yanındakı dostu xəsarət almışdır. Maşına dəymiş ziyanın bir qismini sığorta ödəmişdir, avtomobilə 7900 manat məbləğində maddi ziyan vurulmuşdur. Sığorta təxminən 5000 manat ödəniş etmişdir. O da söz vermişdir ki, maşınını satıb dəymiş ziyanın qalanını ödəyəcəkdir, amma ödəniş etməmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sürücülük hüququnun məhdudlaşdırılmasını xahiş edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında digər Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 göstərdikləri ilə eyniməzmunlu izahat verdi, Şəxs heç bir şikayət və tələbi olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş zərərçəkmiş şəxs gəlməmiş, Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin” 971 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən baş vermiş yol nəqliyyat hadisəsinin baş verməsi şəraiti və mexanizmi öz təsdiqini tapmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz C180” minik markalı 90TX372 dövlət qeydiiyat nişanlı, qızılı metallik rəngli avtomobil X5 məxsusdur. İş materiallarında olan etibarnaməyə əsasən Mercedes Benz C180” minik markalı 90TX372 dövlət qeydiiyat nişanlı, qızılı metallik rəngli avtomobil xx.xx.2023-cü il tarixədək Şəxs sürmək üçün etibar edilmişdir. İş materiallarında olan BA058442 saylı, xx.xx.2022-ci ildə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı nəqliyyat vasitələrini xx.xx.2032-ci il tarixədək idarə etmək hüququ olmuşdur. Sürücülük vəsiqəsinin əsli işə əlavə edilməmiş, məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 203 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır:alının sağ hissəsinin səthi kəsilmiş yarası, alının orta səthinin yarası, sol budun aşağı 1/3-nin bayır səthinin, sol budun orta 1/3-nin bayır səthinin qançırları. Qeyd olunan xəsarətlərdən alının sağ səthinin səthi kəsilmiş yarası iti kənara və uca malik olan əşyanın, digər xəsarətlər-yəni, alının orta hissəsinin yarası, sol budun aşağı 1/3-nin bayır səthinin, sol budun orta 1/3-nin bayır səthinin qançırları isə küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən göstərilən şəraitdə yəni YNH-sı zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 203 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sağ mil-bilək oynağının şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu ilə mü.ayiət olunan yumşaq toxumaların şişkinlik fonunda əziyi. Qeyd olunan xəsarətlər də küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-sı zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X3 NK-1/169 saylı yoxlama materialı üzrə qəbul etdiyi “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 01 mart 2023-cü il tarixli qərarı və həmin materialda olan sübutlarla öz təsdiqini tapır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci bəndinin İ hissəsinə görə sürücü hərəkətinin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusuiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Lakin Şəxs Qanunun qeyd olunan tələblərini pozmuş və nəticədə X1 yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görəiki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs peşman olmasını yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini aşırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrumetmə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılsın. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar