Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-779/2025 03.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin sahə rəisi polis mayoru Elçin Səfiyarovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Qubadlı rayonunda anadan olmuş, evli Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Xəndək kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin polis sahə rəisi Elçin Səfiyarov tərəfindən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə evinin qarşısında polisin qanuni tələblərini yerinə yetirməmiş, nəticədə onun tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokolu tərtib etmiş 2-ci PB-nin sahə rəisi Elçin Xəlilov tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, yuxarıda qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Belə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri qonşuluğunda yaşayan Məmməd adlı şəxsin qızı Zöhrə üçün tikdirmək istədiyi 5 daş kürsülü evi sökdürmək istəyərkən o, kənardan müşaiyət etmişdir. Zöhrənin epilepsiya xəstələyi olduğundan həmin vaxt halı pisləşmiş, ürəyi gedərək yerə yıxılmışdır. Bu zaman o, bir insan olaraq ona kömək etməyə çalışmış, ətrafda söküntü aparan şəxslərə qadını qaldırıb kənara qoymağı sonra söküntü işlərini davam etdirməyi təklif etmişdir. Ona polis əməkdaşları kənara kəçilməyini tələb etmiş, o, həmin vaxt sadəcə Zöhrəyə yardım etməyə çalışmışdır. Bundan sonra polis əməkdaşları onu avtopatrula əyləşməyi tələb etmişlər. O, dərhal avtopatrula əyləşmiş və PB-nə gəlmişdir. Polis əməkdaşlarının göstərişlərinə riayət etmiş, hər hansı qanunazidd hərəkət etməmişdir. Yalnız Zöhrəyə kömək etmək üçün həmin an orada olmuşdur. Qeyd edir ki, ikinci qrup əlildir, şəkər və ürək xəstləyindən əziyyət çəkir, ürəyində 4 ədəd stend vardır. Ayaq barmaqları amputasiya edilmişdir. Yalnız dövlət tərəfindən ödənilən pensiyası ilə dolanışığını təmin edir. Həyat yoldaşı və oğlu da xətlikdən əziyyət çəkir. Qeyd etdiklərini nəzərə almağı xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT-nm 1-ci Bölümün polis nəfəri polis serjantı, X4 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin işçiləri Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsində qanunsuz tikilməkdə olan evin söküntüsü ilə əlaqədar həmin yerə postaçı yoldaşı X2 ilə birlikdə çağırış məqsədi ilə köməyə getmişlər. Sökülməkdə olan evin qonşuluğunda yaşayan Hüseyn adlı şəxsdən İcra hakimiyyətinin işçilərinin işinə maneçilik törətməməyi, kənara çəkilməyi tələb etmişlər. Bundan sonra manqa komandirinin göstərişi ilə Şəxs avtopatrula əyləşməyi təklif etmiş, sonuncu dərhal avtompatrula əyləşmiş və onlar PB-nə gəlmişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş, X1 şahid İlqar Nəsibovun izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt ŞPİ-nin PPXT-nm 1-ci Bölümün polis nəfəri polis serjantı, X4 baş vermiş hadisə ilə bağlı 2-ci PB-ə raportla müraciət etmişdir. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Şəxs ikinci qrup əlildir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş sənədlərə qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. İXM 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hər hansı qayda qozmamış, o, ictimai qaydanı mühafizəsi vəzifələrini icra edən polis əməkdaşının qanuni tələblərinə tabe olmamaqla bağlı hər hansı hərəkət etməmişdir. Halbuki onun hadisə vaxtı əsas məqsədi halı pisləşərək ürəyi getmiş qonşusu Zöhrə adlı qadına yardım etmək, onu söküntü yerindən kənarlaşdırmaq olmuşdur. Lakin polis əməkdaşları onun bu yardımsevər davranışına məhəl qoymamış, onu ərazidən uzalaşdırmaq üçün ona avtopatrula əyləşməyi təklif etmiş, o da öz növbəsində bu göstərişə əməl etmiş, avtopatrula əyləşmişdir. Məhkəm hesab edir ki, polisin qanuni tələbinə tabe olmamaq kimi məqsədi olmuş olsaydı Şəxs polis əməkdaşına etiraz etməklə, avtopatrula əyləşməkdən imtina etmiş olardı. Lakin məhkəmə tərəfindən qeyd edilən halların baş verdiyi müəyyən edilmişdir. Bu faktı məhkəmə iclasında şahid qismində izahat vermiş polis əməkdaşları da bir daha təsdiq etmişlər. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-779/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-779/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver