Məhkəmə qərarları › İş №3(060)-781/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-781/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-781/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonu, Fərcan Ərazi Dairəsi, Göyyal kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, vət.Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrində Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində ünvansız nalayiq söyüşlər işlədərək polisin qanuni tələblərini pozmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə 2-ci PB-də əməliyyat qrupunda olmuş, polis nəfərləri iki nəfər şəxsi bölməyə gətirmişlər. Şəxslərdən birinin işinə dünən məhkəmədə baxılmış, digəri iş isə Nüslət barəsindədir. Onun barəsində izahatlar alınıb, barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Hadisə yerində olmamış, protokol polis nəfərlərinin raportu, izahatı və özünün izahatı əsasında tərtib olunmuşdur. Şəxs dünəndən bölmədə qalmış, tutma protokolu tərtib olunmuşdur. Mədəni oğlandır, üç azyaşlı övladı vardır, atası İ dərəcəli əlil, anası İİ dərəcəli əlildir, bacısı epilepsiya xəstəsidir. Bunları nəzərə alaraq şəxsə cərimə cəzasının verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, atası Qubadlı rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuş, o da Sumqayıt şəhər İcra Hakimiyyəti icra başçısı ilə əlaqə saxlamış, Socar ərazisində evi vardır, atası, üç azyaşlı övladı, bacısı, İİ dərəcə əlil anası, doqquz nəfər birlikdə yaşayırlar. Həmin yerdə şifahi olaraq tikintiyə icazə vermişlər, icra hakimiyyətindən də şəxslər gəlmiş, atasının adını qeyd etmişlər. Tikinti prosesi atasına aiddir, o, özü heç vaxt tikinti prosesində iştirak etməmişdir. Beş daş qaldırıldıqdan sonra günorta radələrində Socarın işçiləri yaxınlaşaraq tikintini dayandırmağı tələb etmişlər, onlar da dayandırmışlar. Bundan sonra axşam 11:50 radələrində həmin yerdə bir traktor və bir mülki avtomobil olduğunu görmüşlər, orada söküntü işi gedirdi. Anası ilə oraya yaxınlaşmışlar, bu zaman həmin şəxslər çıxıb getmişlər. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, 2-ci PB-nə yönləndirmişlər. 2-ci PB-nə getmiş, orada rəislə görüşmüş, rəis ona şifahi icazə verilsə də tikintinin qanunsuz olduğunu bildirib sökülməli olduğunu demişdir. O da razılaşıb çıxıb işə getmişdir. İş yerinə yaxınlaşan zaman söküntü işinin getdiyini görmüş, oraya yaxınlaşmış, polis əməkdaşları gəlmiş, bu zaman bacısının dili qatlanmış, barmağı beş yerdən deşilmişdir. Bu zaman ağzından nalayiq ifadə çıxmışdır, lakin polisə qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Bundan sonra onu bölməyə dəvət etmişlər, o da könüllü olaraq getmişdir. Məhkəmədən ailə vəziyyətini nəzərə alaraq yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT polis nəfəri, polis kiçik serjantı X2 bildirdi ki, ərazini gəzən zaman növbətçi hissədən onları hadisə yerinə çağırmışlar. Orada İcra Hakimiyyəti əməkdaşlarının söküntü işi apardıqlarını, qanunsuz tikili olduğunu, oraya gedib köməklik etməklərini bildirmişlər. Onlar da oraya gedən zaman vətəndaş söküntüyə mane olurdu, ona kənarlaşmasını bildirdilər. Bir neçə dəfə demişlər və bu zaman bacısının ürəyi getmiş, yıxılmış və dili qatlanmışdır. Bu zaman vətəndaş bacısına kömək edən zaman barmağı dişlərinin arasında qalmış və ağzından söyüş çıxmış, nalayiq ifadə işlətmişdir. Onlar da həmin şəxsi avtopatrula əyləşdirib 2-ci PB-nə təmin etmişlər. Həmin vaxt orada o, iş yoldaşı, komandir heyətindən olanlar, icra hakimiyyəti işçiləri və vətəndaşın ailə üzvləri olmuşdur. Şəxsi bölməyə dəvət edən zaman heç bir müqavimət göstərməmiş, şəxs özü könüllü olaraq avtopatrula əyləşib bölməyə getmiş, onlar da yanında şəxsi müşayiət etmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT polis nəfəri, polis serjantı X7 bildirdi ki, xidməti ərazidə gəzən zaman Çinar 5-in göstərişi ilə icra hakimiyyəti nümayəndələrinə kömək məqsədi ilə Səməd Vurğun küçəsinə yaxınlaşmış, yaxınlaşan zaman vətəndaşa bir neçə dəfə həmin ərazidən uzaqlaşmasını bildirmişlər. Həmin an bacısının ürəyi getmiş, yerə yıxılmış və dili qatlanmışdır. Vətəndaş bacısının dilini çıxaran zaman nalayiq küçə söyüşü istifadə etmiş, ağzından çıxmışdır. Onlar da öz növbəsində vətəndaşı 91-38 çağırışlı avtopatrula dəvət edib əyləşdirib 2-ci PB-nə aparmışlar. Həmin vaxt orada polis əməkdaşları, icra hakimiyyətinin nümayəndələri orada olmuşdur. Şəxsi dəvət edən zaman hər hansı müqavimət göstərməmiş, avtpatrula əyləşərək bölməyə getmişlər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 09:25-də azad edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin maddə üzrə icraata xitam verilməli və İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin: - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, vətəndaş Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs və dindirilmiş şahidlərin izahatında onun xx.xx.2025-ci il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir və sübuta yetirilmir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, iş materiallarına əlavə edilmiş raportun məzmunu Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 09:25-də azad edilmişdir. Şəxs azadlığının məhdudlaşdırılması vaxtı ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Nəzərə alınmalı olan müvafiq obyektiv amillərə qapalı sahəni tərk etmək imkanı, nəzarətdə saxlanma, təcrid edilmə dərəcəsi, cəmiyyətlə əlaqə qurmaq imkanı daxildir (Quzzardi İtaliyaya qarşıH.M. İsveçrəyə qarşı, H.L. Birləşmiş Krallığa qarşı, Ştork Almaniyaya qarşı) Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X3rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də inzibati xəta törətmiş Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə mütənasib qaydada azaldılmalıdır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İXM-nin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınmaqla 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar