Məhkəmə qərarları › İş №3(060)-782/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-782/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-782/2025 04.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Caparidze küçəsində fərdi evdə yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə X2 məxsus 400 manat məbləğində pulu kartdan karta köçürülməklə aldatma yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi Fərid İsmayılov öz izahatında bildirmişdir ki, Şəxs X2 məxsus 400 manatı aldatma yolu ilə ələ keçirmişdir. Pul kartdan karta köçürülməklə ələ keçirilmişdir. Lakin, hal-hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəmişdir. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, zərərçəkmiş Yusifli Leyla ilə ortaq tanışları vasitəsilə tanış olmuş, zərərçəkmiş şəxs ona hər dəfə 200 manat olmaqla 400 manat məbləğində pulu ona məxsus kart hesabına göndərmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmış, vurulmuş ziyanı tam ödəmişdir, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilən halları nəzərə alaraq barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bununla bağlı müvafiq ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında “whatsapp” tətbiqi ilə video görüntü vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, Şəxs onun 400 manatını aldatma yolu ilə ələ keçirmişdir. 400 manatın 200 manatını mart ayında, qalan 200 manatını isə xx.xx.2025-ci il tarixdə ödəniş etmişdir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona dəymiş ziyanı ödəmiş və o, Şəxs şikayətçi deyil. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla bağlı müvafiq ərizəsi də məhkəməyə təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs barışmış, vurulmuş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsin hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs ilə barışdığı və ona vurduğu ziyanı tam ödədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 43, 48-51, 53, 114-117 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar