Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-784/2025 14.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Hülövlü ərazi dairəsi, Rəhimoba kəndində qeydiyyatda olan və Xaçmaz rayonu, Müşkür kəndində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında 27 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, protokol və iş materialları ilə tanışdır. Özünü təqsirli bilir, sözügedən əməlin inzibati xəta tərkibi yaratmasını bilməmişdir. İş materiallarında izahatları alınan şəxsləri tanıdığını bildirmişdir. Barəsində bəraətlə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 27 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında Şəxs dini mərasim və dini yığıncaq təşkil etmişdir. İş materiallarına əlavə edilmiş X2 adından yazılmış izahatdan görünür ki, o, qohumu İsmət vasitəsi ilə Sərxan hoca ilə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdən Sərxan hocanın yataqxanasına gedir. Ayda 100 manat ödəyərək kursda qaldığını və dini dərslər öyrəndiyini bildirmişdir. Dini dərslər həftədə 6 gün olmaqla Sərxan və Beytullah qardaşlar tərəfindən keçirildiyini qeyd etmişdir. İş materiallarında olan X3 adından yazılmış izahatdan görünür ki, o, 2022-ci ildə İstanbul şəhərinə səfər edərkən dayısı oğlu Hümbətov Elvin vasitəsi ilə X4 ilə tanış olmuş, 2025-ci ilin fevral ayından yataqxanaya namaz qılmağa və dini işlərlə məşğul olmağa getməyə başlamışdır. İş materiallarında olan X1 adından yazılmış izahatdan görünür ki, o, ünvan 1 ünvanında məktəbə hazırlıq və Qurani-Kərim dərsləri keçildiyini, kursa 150 manat ödəniş etdiyini, kurs yoldaşları ilə birgə namaz qıldığını bildirmişdir. İş materiallarında olan İsmayılov Yusif adından yazılmış izahatdan görünür ki, o, 8 aydır yataqxanada qaldığını, aylıq 100 manat ödəniş etdiyini, orada ona dini dərslər, Qurani-Kərim öyrədildiyini bildirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və dini yığıncaqda iştirak edən digər şəxslərin izahatları, inzibati xəta haqqında protokol və digər iş materialları ilə Şəxs dini yığıncaqlar və digər dini mərasimlərin təşkili və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozması sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-784/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-784/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver