Məhkəmə qərarları › İş №3(060)-788/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-788/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-788/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib etmiş orqanın nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X6 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2 Bakı Regional İdarəsi tərəfindən "xxxx" MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində "xxxx" MMC-yə məxsus yük daşıyan “Ford Tranzit” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması və həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2 Sumqayıt Regional İdarəsinin inspektoru X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində "xxxx" MMC-yə məxsus yük daşıyan “Ford Tranzit” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 əməkdaşları tərəfindən saxlanılmış, həmin nəqliyyat vasitəsini MMC-nin işçisi X13 idarə etməsi müəyyən edilmişdir. Həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 2.2 və 3.2-ci bəndlərinin tələblərinin pozularaq nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması və həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Sözügedən xəta ilə bildiriş MMC-nin ünvanına göndərilmiş, həmçinin avtomobilin sürücüsü izahat verməkdən imtina etmişdir. Yoxlama aparan əməkdaş avtomobildə yük olmasının müşahidə etmiş, avtomobilin reysdə olduğunu müəyyən etməsi səbəbindən sözügedən protokolu tərtib etmişdir. Avtomobil müfaviq olaraq sistemdə yoxlanıldıqdan sonra protokol tərtib edilmişdir. Hesab edir ki, əməkdaşları tərəfindən hər bir anın videolentə alınmasına zərurət olmamışdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, "xxxx" MMC-nin mülkiyyətində olan həm bu nəqliyyat vasitəsi, həm də yükdaşımaları həyata keçirən digər nəqliyyat vasitələrinin reysqabağı texniki müayindən keçməsi və sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. Sürücünün tibbi müayinəsi isə bunun üçün müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçilməli və nümunəsi təsdiq edilmiş müvafiq sənəd verilməlidir. İndiki halda bu sənədlər mövcud deyil. Göstərilən halları nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X9 izahatında bildirmişdir ki, "xxxx" MMC 10 ildən artıqdır avtomobil ehtiyyatlarının satışı ilə məşğuldur. MMC-nin nəzdində olan hər avtomobil müvafiq olaraq qeydiyyatdan keçirilir və vergilərini vaxtı-vaxtında ödəyirlər. Bununla bağlı müvafiq qəbzləri mövcuddur. “Ford Tranzit” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur, MMC-də əmək müqaviləsi əsasında sürücü işləyən şəxs tərəfindən idarə edilir və MMC-yə məxsus yüklərin daşınmasını həyata keçirir. Lakin, həmin nəqliyyat vasitəsi yük daşıma həyata keçirməmişdir. Belə ki, avtomobil 2025-ci ilin fevral ayında alınmış, təmirlə bağlı servisə aparılmış, orada olan zaman agentliyin əməkdaşları sürücüyə yaxınlaşaraq etibarnaməsini tələb etmiş, daha sonra xəbərdarlıq etdiklərini bildirirək oradan uzaqlaşmışlar. Onlara bu vaxtadək qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı bildiriş, protokolun surəti və s. göndərilməmişdir. Protokolun tərtib edilmə tarixindən 2-3 gün əvvəl agentliyin əməkdaşları sürücüyə xəbərdarlıq etmiş, ona protokol barədə heç nə bildirməmişlər. Protokolda iddia edilən tarixdə heç bir mal satılmamış, avtomobil yalnız sürücü tərəfindən təmirə aparılmışdır. Qarşı tərəfin bunun əksini təsdiq edən sübutu yoxdur. Sürücüləri tibbi yoxlamadan daima keçirlər. Agentliyin əməkdaşı tərəfindən avtomobilin bütün şəkilləri və ya videosu çəkilməmişdir. Həmçinin, avtomobilin siyahıda olmamasına səbəb həmin vaxt avtomobilin təmirdə olması ilə bağlıdır. MMC-nin digər avtomobilləri sözügedən siyahıdadırlar. Göstərilənlərə əsasən "xxxx" MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokol, iş materiallarına əlavə edilmiş disk və digər sənədlərlə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanın törədilməsi tam sübuta yetirilir. İş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatında bildirdikləri özünümüdafiə xarakterlidir, iş materialları ilə təkzib olunur. Belə ki, iş materialında olan Azərbaycan X2 Bakı Regional İdarəsinin inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:40 radələrində "xxxx" MMC-yə məxsus yük daşıyan “Ford Tranzit” markalı **-AG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 əməkdaşları tərəfindən saxlanılmış, həmin nəqliyyat vasitəsini MMC-in işçisi X5 idarə etməsi müəyyən edilmişdir. Həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 2.2 və 3.2-ci bəndlərinin tələblərinin pozularaq nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması və həmin nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. X1 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan fotoşəkillər və videogörüntüdən müəyyən edilir ki, “Ford Tranzit” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Azərbaycan X2 Bakı Regional İdarəsinin inspektorunun tələbinə əsasən avtomobilin texniki vəziyyətinin yoxlanılması və onun tibbi müayinədən keçməsinə dair arayış təqdim edilmir, nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması və sürücünün reys qabağı tibbi müayinəsinin təşkil edilməməsinə görə həmin nəqliyyat vasitəsinin aid olduğu MMC-nin məsuliyyət daşıması sürücüyə izah edilir. Sürücü isə müayinədən keçməyə hazır olduğunu bildirir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, "xxxx" MMC-də "xxxx" MMC-yə məxsus digər nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılır və həmin nəqliyyat vasitələri AYNA-nın portalında qeydiyyatdadır. Azərbaycan Respublikası “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən sərnişin və yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslər daşımaların təhlükəsiz yerinə yetirilməsinə, ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə riayət etməlidirlər. Həmin qanunun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən həmin qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin qaydaların 2.3-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir; 2.4-cü bəndinə əsasən Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir; 2.8-ci bəndinə əsasən Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir; 2.10-cu bəndinə əsasən texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. Həmin qaydaların 3.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər; 3.3-cü bəndinə əsasən sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir; 3.4-cü bəndinə əsasən müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır; 3.5-ci bəndinə əsasən Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir; 3.9-cu bəndinə əsasən reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır; 3.10-cu bəndinə əsasən sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Azərbaycan Respublikasının İXM-in 99-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri inzibati xəta hadisəsinin mövcudluğunu kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. CD diskdəki videogörüntüdən məlum olur ki, AYNA-nın əməkdaşları ** AG *** d.q.n-lı nəqliyyat vasitəsinin sürücüsünə yaxınlaşır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarını izah edir. Sürücüdən reysqabağı tibbi müayinədən keçibkeçmədiyini, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılıb-yoxlanılmadığını dəqiqləşdirir. Sürücü isə nəqliyyat vasitəsinin dayanmış vəziyyətdə olmasını bildirsə də, həmin əraziyə nəqliyyat vasitəsinin təmiri məqsədi ilə gəldiyini bildirmir. Bundan başqa məhkəmə iclasından məlum olduğu kimi avtomobil ehtiyyat hissələrinin topdan satışı ilə məşğul olan "xxxx" MMC-yə məxsus ** AG *** d.q.n-lı nəqliyyat vasitəsinin təmir sexlərinin qarşısında dayanmış vəziyyətdə olması, həmin nəqliyyat vasitəsinin yük daşıma həyata keçirmədiyini təsdiq edən fakt hesab edilməməlidir. Ola bilər ki, həqiqətən həmin vaxt ** AG *** d.q.n-lı nəqliyyat vasitəsi orada təmirdə olsun. Ancaq nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixində yük daşımalarını həyata keçirməməsi faktı iş materialları və CD disk ilə təsdiq olunmur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən hüquqi şəxs "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, inzibati xətanın xarakterini, habelə iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 326-cı maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənləri, həmçinin Azərbaycan Respublikası İXM-in 114-55, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 326-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar