Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-790/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Güliyeva Aytac İsrayıl qızının katibliyi ilə, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Məhəmməd Qalabəyovun inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə dair işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin (bundan sonra – Yanğın Nəzarəti İdarəsi) rəisi Məhəmməd Qalabəyov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 536.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. X4 (bundan sonra – şikayətçi) qərardan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə şikayətçiyə məxsus “Emay” şirniyyat ləvazimatları satışı mağazasında Yanğın Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti yoxlama sonrası idarə rəisi daxili xidmət polkovnik-leytenantı Məhəmməd Qalabəyov tərəfindən qəbul edilmiş qərar onun iştirakı olmadan qəbul edilmişdir. Ona bildiriş təqdim olunub və o, qərarla tanış olmaq üçün Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə getməyinə baxmayaraq, idarə rəisi Məhəmməd Qalabəyov onu qəbul etməmişdir. Bununla bağlı həmin gün şikayətçi FHN-nin 112 qaynar xəttinə öz irad və şikayətimi bildirmişdir. Bundan əlavə keçirilən bu yoxlamalar dövlətin qayda və qanunlarına uyğun yox, şəxsi qərəzlik qismində aparılan qərəzli yoxlamalardır. xx.xx.2024-cü il tarixdə keçirilən birinci yoxlama zamanı qəbul edilmiş 19 fevral 2024-cü il tarixli, MN № ******* nömrəli qərardan 15 mart 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə tərəfindən şikayət ünvanlanmışdır. ******* nömrəli qərarda nöqsan kimi X1 (bundan sonra - YTQ) 01-2001 bənd 9.1-9.12 və YTQ-nın 01-2001 bənd 5.1-5.6 qeyd olunmuşdur. 9.1-9.12 bəndinin içərisində 13 ədəd yanğına qarşı nöqsan, 5.1-5.6 bəndinin içərisində isə 7 ədəd yanğına qarşı nöqsan X2 Qanunda nəzərdə tutulmuşdur. Yoxlama zamanı FHN-nin əməkdaşları tərəfindən tərtib olunan yanğın texniki müayinə aktında 2 ədəd nöqsan qeyd olunmuşdur o nöqsanlar isə tam əsasız və qərəzli yazılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Yanğın Nəzarəti İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırkı işə həmin orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, yoxlama aktında nöqsan kimi obyektdə siqnalizasiyanın işləməməsi, təxliyyə yolunda əşyaların yığılması və obyektin layihə sənədlərinin DYNX ilə razılaşdırılmaması göstərilmişdir. Yoxalama prosedurunun keçirilməsi ilə bağlı videogörüntüdən də görünür ki, obyektin siqnalizasiya işlək vəziyyətdədir. Həmçinin yoxlama vaxtı obyertə yeni mallar gətirilmiş və müvəqqəti olaraq mallar yerə yığılmışdır. Yoxalayıcılar bunu nöqsan kimi qeyd etmişlər. Halbuki həmin mallar az sonra öz yerlərinə yığılacaqdı. Layihə sənədlərinə gəldikdə isə obyektin layihə sənədləri tam qaydasındadır. Yalnız obyektin arxasında kiçik bir artırma tikilmişdir ki, bununla bağlı müvafiq orqanlara müraciət edilmişdir və tezliklə həmin tikili sənədləşdiriləcəkdir. Ona məxsus mağazada əvvəllər yanğın hadisəsi baş vermişdir. Həmin hadisədən sonra Yanğın Nəzarəti İdarəsi tərəfindən ona qarşı qərəzli münasibət göstərilmiş və o, bir-birinin ardınca iki dəfə cərimə edilmişdir. Mağazada yoxlama aparıldıqdan sonra ona telefonla zəng vurularaq xx.xx.2024-cü il tarixdə Yanğın Nəzarəti İdarəsinə dəvət edilmişdir. O, həmin tarixdə İdarəyə getmişdir. Lakin, onu heç kim qəbul etməmiş və məsələ ilə bağlı izahatını alan olmamışdır. Qeyd edilənlərə əsasən şikayətçi şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Məhəmməd Qalabəyov tərəfindən tərtib edimiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X4 İXM-in 536.1-ci maddəsi ilə (yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsi) təqsirli bilinib 500 manat cərimə edilmişdir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2024-cü il tarixi, 0685 saylı yanğın-texniki müayinə aktında müayinə (YTM) zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu qeyd edilmişdir. Həmin qanun pozuntularına yanğın xəbərverici siqnalizasiya sisteminin işlək vəziyyətdə olmaması, YTQ 01-2001 bənd 9.1-912, təxliyyə yolunda əlavə əşyaların yığılması, YTQ 01-2001 bənd 5.1-5.6, obyektin layihə sənədlərinin DYNX ilə razılaşdırılmaması aid edilmişdir. İXM-də göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3). İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3.). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir (78.1.). Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir (100.1.). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır (100.3.). Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur (100.4.). İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir (112.5.). İşdən göründüyü kimi məhkəmə iclaslarının vaxtı və yeri barədə Yanğın Nəzarəti İdarəsinə məlumat verilməsinə baxmayaraq qərarı qəbul etmiş orqan məhkəmə iclaslarında təmsil edilməmiş, qəbul edilmiş qərarın qanuni və əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda şikayətçinin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsin) inzibati xəta haqqında icraatla bağlı Yanğın Nəzarəti İdarəsi tərəfindən məlumatlandırılması, törədilmiş inzibati xəta haqqında izahatının alınması, müvafiq protokolun tərtib edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verməkdən imtina etdiyi təqdirdə bununla bağlı müvafiq sənədləşmənin aparılması barədə iş materiallarında hər hansı sənəd mövcud deyildir. Qeyd edilən məsələlərlə bağlı Yanğın Nəzarəti İdarəsi tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Şikayətçi isə onun mobil telefon vsitəsilə xx.xx.2024-cü il tarixində Yanğın Nəzarəti İdarəsinə dəvət edildiyini, həmin gün İdarəyə getdiyini, lakin hər hansı səlahiyyətli şəxs tərəfindən qəbul edilmədiyini və izahatının alınmadığını bildirmişdir. İXM-də göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir (134.1.4). Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1.) bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması (135.1.6.) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-nin 536.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Məhəmməd Qalabəyov tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında işə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən yenidən baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin. İş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən yenidən araşdırılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-790/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-790/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver