Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-795/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X2, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 24 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində dostuna qarşı ucadan danışan zaman yaxınlaşan polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X6 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində dostuna qarşı ucadan danışan zaman yaxınlaşan polis əməkdaşının qanuni tələbinə tabe olmamış, onları nizam-intizama dəvət etsələr də, hərəkətlərinə davam etmişlər. O, polis bölməsinə dəvət edilmiş, lakin gəlməkdən boyun qaçırmış, polis əməkdaşlarına tabe olmamışdır. Göstərilən halları nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, dostu ilə birlikdə çörək yeyirdilər. Oradan çıxandan sonra dostu ilə ucadan söhbət etmişlər. Polis əməkdaşları isə onların dalaşdığını düşünərək onlara yaxınlaşmışlar. Onlar polis əməkdaşlarına dalaşmadıqlarını, deyib-gülüb, söhbət etdiklərini bildirmişlər. Bu səbəbdən polis bölməsinə getməyə etiraz etmişlər. Daha sonra polis əməkdaşları onları bölməyə aparmışlar. Polisə yalnız sözlə etiraz olmuşdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ PPXT-nin taboru polis baş serjantı X9 bildirmişdir ki, ərazidə gəzərkən iki nəfərin öz aralarında nalayiq ifadələr işlədərək ucadan danışdıqlarını görmüş və yaxınlaşaraq qanuna riayət edilməsi, gecə vaxtı olduğunu evə getmələrini bidirmişlər. Onlar isə öz əməllərinə davam etdikləri üçün bölməyə dəvət olunmuşlar. Bu zaman barəsində inzibati qaydada icraat aparılan şəxs bölməyə getməyə etiraz edərək onların tələbinə tabe olmamışdır. Daha sonra həmin şəxslər tərəflərindən Polis Bölməsinə təmin edilmişlər. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ PPXT-nin taboru manqa komandiri X7 bildirmişdir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisi, “Access Bank”ın yaxınlığında xx.xx.20025-ci il tarixdə, 01:30-01:40 radələrində iki vətəndaşın bir-biri ilə mübahisə etdiyini, yüksək səslə danışdıqlarını və nalayiq ifadələr işlətdiklərini görmüşlər. Həmin vətəndaşlara yaxınlaşıb sakitləşdirməyə çalışmışlar. Onlardan uca səslə danışmamaq tələb olunsa da, buna məhəl qoymamışlar. Daha sonra polis bölməsinə dəvət edilsələr də, bölməyə gəlməkdən imtina etmişlər. Məhkəmə iclasında Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 hüquqlarını müdafə etdiyi şəxs əməlini etiraf etməklə əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci bölüyünün polis nəfəri X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportda qeyd edilmişdir ki, həmin tarixdə, gecə təxminən saat 01:45 radələrində Sumqayıt ŞPİ PPXT-nin taboru manqa komandiri X7 və Sumqayıt ŞPİ PPXTnin taboru polis baş serjantı X11 ilə xidmətdə olarkən Bədəlbəyli küçəsi “Access Bank”ın yanında iki nəfər şəxsin uca səslə mübahisə etdiyi və nalayiq ifadələr işlətdiyini görmüş, dərhal həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək onları nizam-intizama dəvət etmişlər. Lakin, həmin şəxslər onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişlər. Həmin şəxslərə törətdikləri inzibati xəta izah edilərək bölməyə dəvət edilsələr də, PB-yə getməkdən boyun qaçırmış və tabe olmamışlar. Daha sonra həmin şəxslər aidiyyəti üzrə 3-cü PB-yə gətirilmişdir. Təminetmə zamanı hər iki şəxsdən spirtli içki iyi gəldiyi müəyyən edilmişdir.PB-də məlum olmuşdur ki, həmin şəxslər xx.xx.1993-cü il təvəllüdlü Şəxs, digəri xx.xx.1990-cı il təvəllüdlü X5r. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2025-ci il tarixli MN №1878165 nömrəli protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində dostuna qarşı ucadan danışan zaman yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2025-ci il tarixli A/716 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs götürülmüş nümunədə yüngül dərəcədə alkoqol sərxoşluğu aşkarlanmışdır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:15-də tutulmuşdur. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:15-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sansiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-795/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-795/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver