Məhkəmə qərarları › İş №3(060)-796/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-796/2021

06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-796/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, şikayət verən şəxs X3, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin nümayəndələri X4 və X6 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair MN № ******* saylı, 23 fevral 2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarından Rəsul Babaverdiyev tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X7 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional bölməsinin MN № ******* saylı, 23 fevral 2021-ci il tarixli inzibati tənbeh verilmə haqqında qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 şikayətində göstərmişdir ki, o, fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğuldur. Fəaliyyətinin əsasını kafe fəaliyyəti təşkil edir. ünvan 1 ünvanındakı “Mağara PUB” kafesini işlədir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin əməkdaşları özlərini təqdim etmədən və heç bir sənəd təqdim etmədən 11.02.2021-ci ildə saat 22:20-də kafeyə gəlmişdirlər. Həmin vaxt kafedə 1 nəfər müştəri olmuşdur. Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin əməkdaşları həmin vaxt ona heç bir protokol təqdim etməmiş, onun izahatı alınmamış, sonradan isə işin baxılması ilə bağlı rəsmi məlumat vermədən onu İXM-nin 211.1-ci maddəsi ilə 4000 manat cərimə etmişlər. Halbuki onun tərəfindən epidemiya əleyhinə rejimin tələbləri pozulmamışdır. İnzibati tənbeh vermə haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 09 mart 2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Şikayətə baxılması 19 mart 2021-ci il tarixə təyin olunmuş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və inzibati xəta haqqında mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etmədiklərindən işin baxılması 06.04.2021-ci il tarixə təxirə salınmışdır. 06.04.2021-ci il tarixli məhkəmə iclasına tərəflər gəlmişdirlər. 06 aprel 2021-ci il tarixli məhkəmə iclasında X7 şikayətinə uyğun izahat verərək mübahisələndirilən qərarın ləğv olunmasını xahiş etdi. 06 aprel 2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional bölməsinin nümayəndəsi T.Tağıyev məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 11.02.2021-ci ildə “COVİD-19”-la mübarizə çərçivəsində ünvan 1 ünvanındakı “Mağara PUB” kafesində monitorinq keçirilərkən kafeni işlədən X7 tərəfindən epidemiya əleyhinə rejimin tələblərinin pozulması aşkar edildiyindən onun barəsində inzibati protokol tərtib edilərək, barəsində İXM-nin 211.1 maddəsi ilə inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional bölməsinin nümayəndəsi məhkəmə iclasında həmçinin bildirdi ki, inzibati protokol tərtib olunan zaman texniki vasitədən istifadə edilməmiş, foto şəkil, video görüntü çəkilməmiş, bu barədə hər hansı rəsmi sübutu məhkəməyə təqdim edə bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 23.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X1 əleyhinə rejimin sanitariyagigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli, 237 №-li Qərarının 2-ci bəndində müəyyən olunmuşdur ki, koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. İctimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur. İctimai iaşə obyektində koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə edilməsi, qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün operativ nəzarət üzrə məsul şəxs təyin edilməli və bu təyinat rəsmiləşdirilməlidir. Məsul şəxs koronavirusla (COVİD-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməli, işçi heyət üçün gigiyena və sanitariya qaydaları ilə bağlı təlimlər təşkil etməlidir. Məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2020-ci il 4 may tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 Koronavirus İnfeksiyasının (Covıd19) Profilaktikası”na dair Metodiki Göstərişlərə əsasən, qida qəbulu zallarında otaqlarda, açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1mdən az olmamalıdır və masalar arası məsafələr 2m-dən az olmamalıdır. Məhkəmə qeyd edir ki, X3 törətdiyi inzibati xətanı sübuta yetirəcək mötəbər sübutlar inzibati xəta haqqında qərarı qəbul etmiş orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda İXM-nin tələblərinə riayət edilməklə inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə təqdim edilməsinə dair, həmçinin inzibati xəta haqqında işə baxılması ilə bağlı X3 rəsmi qaydada məlumatlandırılmasını təsdiq edən bildirişin sonuncunun almasına dair sübut da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Qanunvericiliyin aşağıda qeyd olunan müddəalarına istinadən qeyd edir ki, hazırki işdə müəyyən edilmiş bütün şübhələr barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 23.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. İXM-nin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X7 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 23.02.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar