Məhkəmə qərarları › İş №3(060)-799/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-799/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-799/2024 14.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 05 aprel 2024-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs (VÖEN **********) – (bundan sonra mətndə Şəxs MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC 1500000.00 Rusiya rublu məbləğində vəsaiti 15 mart 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 1500000.00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib edilən 05 aprel 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməyə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs MMC-nin nümayəndəsi X4 iştirak edərək bildirmişdir ki, şirkət tərəfindən pulllar Rusiya Federasiyasında fəaliyyət göstərən hüquqi şəxsin hesabına köçürülmüş, lakin sonradan həmin şirkət bağlanmışdır. Hazırda başqa şirkət onu əvəz edir və köçürdükləri pulların geri qaytarılmasına dair danışıqlar aparılıb pulu geri qaytarırlar, amma hələki pul onların hesabına gəlməsinə dair sənədləri yoxdur. Məhkəmədən müvafiq sənədlərin təqdim edilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclası vaxtı və yeri barədə xəbərdalıq edilməsinə baxmayaraq Şəxs MMC-nin nümayəndəsi iştirak etməmiş, elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının bir həftə təxirə alınmasını xahiş etmiş, lakin səhhəti ilə bağlı hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, ilkin təyin edilmiş məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi elektron kabinet vasitəsi ilə eyni məzmunlu ərizə ünvanlamış, məhkəmə tərəfin xahişini nəzərə alaraq məhkəmə iclasını təxir etmış, sonrakı məhkəmə iclasında sənəd təqdim etmək üçün vaxt istəmiş, nümayəndənin xahiş etdiyi tarixə qədər məhkəmə vaxt vermiş, lakin hüquqi şəxsin nümayəndəsi müvafiq sənədlər əvəzinə məhkəməyə yenidən iclasın təxir edilməsi ilə bağlı ərizə ünvanlamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, nümayəndə sözügedən sənədi olduğu təqdirdə elektron kabinet vasitəsi ilə təqdim etmək iqtidarı olmuş, məhkəmə iclasının səhhəti ilə əlaqədar sənəd təqdim etmədən yenidən təxir edilməsinə dair xahişi üzrlü hesab edilə bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə akt təqdim edilməyən avans köçürmələrinə dair X2 ASC-nin elektron edilmiş çıxarışından görünür ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə 1.50000 rub məğləğində köçürülmüş pulu İP KUTXKİNA L.V almışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış 6- 2/2-442/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən siyahıdakı müştərilər qabaqcadan ödəniş (avans) müqabilində mal və xidmətlərin ölkəyə idxalını və ya vəsaitin geri qaytarılmasını təsdiq edən sənədləri "xxxx" ASC-yə təqdim etməmişdir. Sözügedən məktuba əlavə edilmiş siyahıda Şəxs MMC-nin adı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışından görünür ki, Şəxs MMC (VÖEN **********) 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Şəxs MMC-nin nümayəndəsinin məhkəmə təqdim etdiyi ərizənin surətindən görünür ki, vəsaiti alan şəxs İP KUTXKİNA L.V ödəniş qabiliyyəti olmadığına görə Rivos Texnoloji DİS TİCARET şirkəti sözügedən vəsaitin qaytarılmasına dair üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərlə Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi sübuta yetirilir, hazırda hüquqi şəxs tərəfindən başqa şirkət tərəfindən pulun qaytarılmasına dair öhdəlik götürülməsinə dair məhkəməyə ərizə təqdim etməsi artıq törədilmiş inzibati xətanı aradan qaldırmır. Məhkəmə baxışı zamanı hüquqi şəxsin digər şirkətdən pulun qaytarılmasına dair yazışması barədə Şəxs MMC hərəkətləri inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür. Odur ki, Şəxs MMC (VÖEN **********) barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: AZ 5006, ünvan 1 ünvanında olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 1500000.00 (bir milyon beş yüz min) Rusiya rublu pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində yəni, 300.000 (üç yüz min) Rusiya rublu məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar