Məhkəmə qərarları › İş №3(060)-8/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-8/2023

12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-8/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Füzuli rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Sülh küçəsində dönmə işıq cihazından istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sərxoş halda olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X1 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 10:35-də onu saxlamışlar. Həmin vaxt 1 bakal pivə içmişdir. Onu saxlayarkən ona protokolun surətini verməmişlər. O protokolda qeyd olunan vaxt saat 08:00 radələrində evində olmuşdur. Porotokolda göstərilən vaxt saat 10:35-də o yoxlanarkən onda spirtli içkinin miqdarı 0,52 promil olmuşdur. Bundan 1 saat 40 dəqiqə sonra gedib yenidən həkim müayinəsindən keçmişdir. Bu zaman artıq onda alkoqol sərxoş aşkar olunmamışdır. Maşında kameraya da düşmüşdür, amma ona videonu təqdim etməmişlər. 1 saat sonra müayinədən keçmişdir. Buna görə də barəsində cərimə inzibati tənbehi tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barəsində heç bir məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından olan xx.xx.2022-ci il tarixli, 03544 saylı protokolda olan Şəxs izahatından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 08:20-də Şəxs sərxoş vəziyyətdə (0,52%) olmuş, onda alkoqol sərxoşluğu əlamətləri olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 4689 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs müayinə vaxtı saat 12:00da ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ DYPŞ tərəfindən alınmış Şəxs izahatından müəyyən olunur ki, hadisə 08:20 radələrində baş vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2415/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə sərxoşluğun təyini ekspertizası təyin edilmiş, Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsinin 2097 saylı xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:20-də alkometr cihazı ilə müayinə zamanı göstərici 0,52% olduğunu nəzərə alsaq, xx.xx.2022-ci il tarixdə saat 12:00-da göstəricinin 0,00 promil olması mümkündür. Şəxs müayinə olunduğu xx.xx.2022-ci il tarixdən saat 08:20-dən təkrar müayinə edildiyi xx.xx.2022-ci il tarixə saat 12:00-dək olan müddət ərzində sərxoşluğun aradan qalxması mümkündür. Məhkəmə hesab edir ki, 03544 №li, 04 sentyabr 2022-ci il tarixli protokol mötəbər sübut kimi qəbul edilməlidir. Sərxoşluq hallarının tibbi müayinəsinin 04 sentyabr 2022-ci il tarixli 4689 saylı aktda qeyd edildiyi kimi Şəxs sərxoşluq vəziyyətinin olmaması öz təsdiqini tapsa da, aradan keçən müddət ərzində sərxoşluq halı aradan qalxmışdır. Bu Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsinin 2097 saylı xx.xx.2023-cü il tarixli rəyi ilə təsdiq edilir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar