Məhkəmə qərarları › İş №3(060)-802/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-802/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-802/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Kürd Mahruzlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında şübhəli bilinərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Azpetrol” YDM yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətərilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı qadağan olunmuş əşya və predmet aşkar edilmmişdir. Lakin, Şəxs şəxsi axtarış zamanı narkotik vasitə istifadə etdiyini bildirmişdir. Ona görə də Cavadov X3 tibbi müayinədən keçirilmiş, müayinə zamanı sonuncunun narkotik vasitə qəbul etmə faktı müəyyən olunmuşdur. İş üzrə əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, saxlanılmamışdan 20 gün qabaq Masallı rayonunda toyda olarkən bir nəfərdən siqaret istəmiş, həmin şəxs ona xəbər vermədən siqaret şəklində nəşə, yəni narkotik vasitə olan marixuana vermişdir. O, həmin siqareti çəkəndə acı dad hiss etmiş və yerə atmışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Azpetrol” YDM yaxınlığında saxlanılmış və Polis idarəsinə gətirilmişdir. İdarənin xidməti otaqların birindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin, onun üzərində qanunla qadağan olunmuş hər hansı maddə aşkar olunmamışdır. Daha sonra o tibbi müayinədən keçirilmiş, tibbi müayinə zamanı onun narkotik vasitə qəbul etməsi müəyyən olunmuşdur. İdarədə olan zaman ona qarşı hər hansı qanunsuz hərəkət, təsir və ya təzyiq olmamışdır. Hazırda əməlindən peşmandır. Göstərilən halları, həmçinin evli olmaqla iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və işdə olan digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü ildə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və müayinə zamanı onun narkotik vasitə qəbul etməsi faktı aşkar edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müyyən edilmişdir ki, Şəxs üzərindən qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır.Sorğu zamanı o, arabir narkotik vasitə istifadə etdiyini, sonuncu dəfə 20 gün bundan əvvəl toy məclisində olan zaman“nəşə”, yəni narkotik vastə olan marixuana istifadə etdiyini bildirmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs götürülmüş nümundə onun marixuna qəbul etməsi faktı aşkar edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7891 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu halları olmuşdur. Narkomaniya xəsəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə göndərilmişdir. Həmin qərarın məzmunundan eyni zamanda görünür ki, Şəxs şəxsi axtarışdan dərhal sonra azad edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağı var. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında protokol, məhkəmə narkoloji ekspertizasının rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini, peşman olmasını və evli olmaqla iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirilən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməli və onun barəsində inzibati cərimənin həddi müəyyən edilərkən İXM-in 31.4-1-ci maddəsinə əsasən bir gün müddətə təhqiqat zamanı tutulması da nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək təhqiqat araşçdırması zamanı tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar