Məhkəmə qərarları › İş №3(060)-803/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-803/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-803/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.2004-cü il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, mebel sexində fəhlə işləyən, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 400-də qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP6874743 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi “Naz lifan” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Bakı küçəsi ilə Sülh küçəsinin kəsişməsi istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olduğu zaman, aviakassanın qarşısına çatdıqda anidən avtomobilin qabaq sol təkəri partladığı üçün idarəetməni itirmiş, avtomobilinin qabaq sol hissəsi yolun sağ kənarında dayanıqlı vəziyyətdə olan “Toyota Prius” markalı avtomobilin arxa hissəsindən, sonradan isə qarşıda dayanmış Chevrolet Gruze markalı avtomobilin arxa sol qanadından və arxa sol qapsımdan toqquşmaqla yol- nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Toyota Prius markalı avtomobilin arxa oturacağında sərnişin qismində olmuş bir nəfər qadın xəsarət aldığından hadisə yerinə gələn təcili tibbi yardım maşını vasitəsi ilə xəstəxanaya çatdırılmışdır. Hadisə zamanı özü xəsarət almamış, ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamışdır. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. O, qəzanın çökəyə düşdüyü üçün avtomobilinin təkərinin partlaması nəticəsində baş verdiyini, zərəçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayəti və tələbi yoxdur. Şəxs barəsində qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X3 Şöbəsinin nümayəndəsi və Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X3 Şöbəsinin nümayəndəsinin və zərəçəkmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materiallarında olan öz etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP6874743 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və onun idarə etdiyi «Toyota Prius markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 yüngül dərəcəli bədən xəsarəti dəymişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2025-ci il tarixli, 58 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdala xəsarətlər vardır: Ənsə nahiyyəsinin dərialtı hematoması. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən şəraitdə və qaydada, yəni 15.01.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Naz lifan” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxsnın Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, keçirilmiş məhkəmə tibbi ekspertizasının ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli, 300 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs müayinə edilmiş və onda alkoqol sərxoşluğu vəziyyətinin olmadığı müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi iş üzrə ilkin araşdırma zamanı sürücünün təqsiri müəyyən edilmiş və Şəxs təqsirli hesab edilərək barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 şikayətinin olmamasını və barəsində icraat aparılan şəxsin əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar