Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-806/2022 26.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Babayev Elnur Eyyub oğlunun, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 Eyyub oğlu tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X6 Eyyub oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən qəbul edilmiş 17.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 22 aprel 2022-ci il tarixə təyin edilmiş, lakin Sumqayıt şəhər polis idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və Babayev Elnur Eyyub oğlunun karantin rejim qaydalarını pozmasını təsdiq edən sübutların təqdim olunması ilə bağlı işin baxılması 25 aprel 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında çıxış edən şikayətçi Babayev Elnur Eyyub oğlu izahatında bildirdi ki, 17.03.2022-ci il tarixdə saat 11:00 radələrində işlədiyi "xxxx" ASC-nin Sumqayıt filialında iş otağında olan zaman qapı tanımadığı mülki geyimli şəxs tərəfindən icazəsiz olaraq açılmış, molbil telefonla tez-tələsik çəkiliş aparılmış, onun tibbi maskadan istifadə etmədiyinə görə barəsində AR İnzibati Xətalar Məcəlləsinin 211.2 maddəsinə əsasən MN ******* saylı protokol tərtib etmiş və 100 AZN cərimə tətbiq edilmişdir. Halbuki iş xüsusiyyəti ilə bağı olaraq müştərilərlə işləmir, heç bir halda vətəndaşlarla təması olmur, həmçinin kənar şəxslərin iş prosesinə maneçilik törətməməsi məqsədilə otağın qapısı daim bağlı olur. Bununla bağlı onun iş otağının üzərində müvafiq bildiriş də vardır. Hadisədən bir neçə dəqiqə sonra filialın müdiri onu öz iş otağına dəvət etmiş, bu zaman otaqda biri polis, digər iki nəfə mülki geyimli şəxs olduğunu görmüşdür. Onlar onun tibbi maskadan istifadə etməməsi ilə bağlı protokol tərtib edəcəklərini bildirmişlər. Bu zaman isə o öz növbəsində müştərilərə xidmət etmədiyini, otaqda həmkarları ilə sosial məsafəni gözlədiyini, həmçinin gizli çəkiliş aparılarkən çay içdiyini bildirmişdir. Çay içilən zaman maskadan istifadə etmək mümkün olmadığı üçün maskanı müvəqqəti çıxarılması inzibati xəta hesab olunmamalıdır. Bunu polis əməkdaşlarına dəfələrlə bildirməyinə baxmayaraq barəsində protokol tərtib edilmiş və cərimə tətbiq edilmişdir. Heç bir xəta törətmədiyinə görə həmin protokol ilə razı deyil. Həmçinin, polis əməkdaşları ofisə daxil olduqları zaman çəkiliş aparmışlar, həmin görüntülərdə də masanın üzərində fincan və qapının üzərindəki bildiriş. Ofisdə bütün profilaktik tədbirlər görülərək, gigiyenik qaydalara ciddi riayət olunur. Onun xidməti otağının yalnız işçilər üçün nəzərdə tutulması, onların məsafəni gözləməsi, çay qəbulu zamanı tibbi maskanın müvəqqəti çıxarılması nəzərə alınmalı idi. Hesab edir ki, çay içərkən tibbi maska taxmayanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə edilə bilməz, buna baxmayaraq polis əməkdaşları buna riayət etmədən onu cərimə etmişlər. Belə ki, onun hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, polis mayoru X3bildirdi ki, 17.03.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Babayev Elnur Eyyub oğlu işlədiyi "xxxx" ASC-nin Sumqayıt filialında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu üçün barəsində inzibati xətaya dair protokol tərtib olunmuş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Babayev Elnur Eyyub oğlu barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan 17.03.2022-ci il tarixli İXP ******* saylı protokol əsasında qəbul edilmiş 17.03.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Babayev Elnur Eyyub oğlu 17.03.2022-ci il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən "xxxx" ASC-də olan zaman tibbi maskadan istifadə etməmiş, buna görə də onun barəsində 100 manat məbləğində cərimə növündə tənbeh növü tətbiq edilmişdir. Eyni zamanda iş materialında olan Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin 02 iyul 2020-ci il tarixli 22 №-li əmrindən görünür ki, Bankın Baş ofis binaları, digər inzibati binaları və müşdəri xidməti strukturları üzrə Bankda Karonavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar məsul şəxs Əməyin mühafizəsi üzrə mütəxəssis Elşən Nəzərov təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Babayev Elnur Eyyub oğlunun qərardan şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan ffərdi vasitələrdən istifadə tələbləri barədə” 29 may 2020-ci il tarixli , 189 №-li Qərarının 1.2-ci və 1.5-cü bəndində göstərilmişdir ki, qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla), fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Babayev Elnur Eyyub oğlu tərəfindən Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, Babayev Elnur Eyyub oğlu müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahədə olmamışdır, bunu fotoşəkillədə də əks olunmuş, qapının üzərində yazılmış yazılar da təsdiq edir. Eyni zamanda fotoşəkillərdən görünür ki, həmin zaman Elnur Babayev çay içmişdir. Eyni zamanda Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin 02 iyul 2020-ci il tarixli 22 №-li əmrindən görünür ki, Bankın Baş ofis binaları, digər inzibati binaları və müşdəri xidməti strukturları üzrə Bankda Karonavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar məsul şəxs Əməyin mühafizəsi üzrə mütəxəssis Elşən Nəzərov təyin edilmişdir. Lakin Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi tərəfindən Babayev Elnur Eyyub oğlu barəsində 17 mart 2022-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən Sumqayıt şəhər Polis İdarəsinin vəzifə şəxs tərəfindən 17 mart 2022-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Babayev Elnur Eyyub oğlu barəsində İXM-nin 211.2ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı:
Babayev Elnur Eyyub oğlunun şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Babayev Elnur Eyyub oğlu barəsində qəbul edilmiş 17.03.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
HAKİM: Zaur Hacıyev