Məhkəmə qərarları › İş №3(060)-822/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-822/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-822/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin direktoru və "xxxx" MMCdə satış nümayəndəsi vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyatda olan və yaşayan "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsindən xx.xx.2009-cu il, tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməyən əmək haqqı borcu olaraq 13527,34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat pul, 2020- ci və 2021-ci ilin cari ayları üzrə ödənilməyən əmək haqqı hesablanaraq iddiaçı Zərərçəkmiş şəxs üzürsüz səbəblərdən ödənilməmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatıma daxil olmuş və həmin tarixdə icraata başlanılmış, bildiriş göndərilmiş, hüquq və vəzifələr izah edilmişdir. Şəxs rəsmi olaraq qərar və bildirişlə tanış edilmişdir. İzahat zamanı sonuncu "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi ilə heç bir əlaqəsi olmadığını bildirmiş, hazırda işinə xitam verildiyini bildirərək ona sənəd təqdim etmişdir. Xitamla bağlı dəfələrlə müvafiq sorğular göndərilmiş, lakin bu faktı təsdiq edən hər hansı müsbət nəticə əldə edilməmişdir. Şəxs hələ də müəssisənin direktoru işləyir və sözügedən borc ödənilməmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Dövlət Vergi Xidmətindən əldə edilmiş xx.xx.2025-ci il tarixli sonuncu sorğuya cavab məktubundan görünür ki, Şəxs "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin direktorudur. Xitam sənədi ona 2023-cü il tarixindən təqdim edilsə də AMAS Alt sisteminə bununla bağlı qeydiyyat aparılmamışdır. Qeyd edilənlərə əsasən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, qeyd olunan protokol üzrə özünü təqsirli bilmir. "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsi öz şəxsi əmlakı və ya maliyyə vəsaiti yoxdur. Komitə "xxxx" ASC-nin tərkibində yaradılmış və üzvlük haqqının ödənilməsi ilə öz fəaliyyətini maliyyələşdirir. Lakin şirkət tərəfindən onlara üzvlük haqqı ödənilməmişdir. Hazırda sözügedən VÖEN-nin fəaliyyəti dayandırılmışdır. Belə ki, mühasibin etdiyi səhvlərə görə hesabatlar göndərilmədiyində vergi borcları yaranmış, bununla bağlı Vergi Xidmətinə müraciət edilmiş, lakin hən hansı müsbət nəticə əldə edilməmişdir. Özü də həmin müəssisədən əmək haqqı almamışdır. Həmçinin xitam sənədinin hər hansı orqana təqdim etməli olduğunu bilməmişdir. Şəxs əlavə olaraq bildirdi ki, "xxxx" ASC-ə qarşı hər hansı iddia qaldırmamış, lakin əldə etdikləri sorğuya cavablar əsasında müraciətlər edəcək. Qeyd edilənlərə əsasən protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, etiraz ərizəsindən qeyd edilənlərdən əlavə olaraq qeyd edir ki, icra məmurunun çağırışlarından yayınmamışdır. Borcun yaranması səbəbi ilə bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Komitənin hesabına "xxxx" ASC tərəfindən ödəniş edilməmiş, buna gör də zərərçəkmiş şəxslərin kart hesablarına hər hansı köçürmələr edilməmişdir. Həmçinin, Şəxs da heç bir ödəniş edilməmişdir. Onların müraciətləri əsasında "xxxx" ASC-dən əldə edilmiş arayış və məktubdan görünür ki, müəssisə pul ödəməli olduğunu etiraf etmiş, lakin hər hansı ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Suqmayıt Şəhər Məhkəməsinin 2(060)-3985/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsindən xx.xx.2009-cu il, tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməyən əmək haqqı borcu olaraq 13527,34 (on üç min beş yüz iyirmi yeddi manat otuz dörd qəpik) manat pul, 2020- ci və 2021-ci ilin cari ayları üzrə ödənilməyən əmək haqqı hesablanaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3985/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3985/2021 saylı xx.xx.2021ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Azəralüminium ASC-dən tələb edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin HTK-nin sədri Şəxs tanış olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin borclunun pul vəsaitlərinə yönəldilməsi haqqında qərarından görünür ki, "xxxx" ASC-yə (VÖEN:**********) məxsus "xxxx" ASC-nin Baş filialında olan bütün hesablarına, "xxxx" ASC-nin Baş filialında olan bütün hesablarına, "xxxx" ASC-nin Baş filialında olan bütün hesablarına 14474.26 manat hissəsində pul vəsaitləri üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Kapital Bank ASC-nin xx.xx.2022-ci il tarixli 603 saylı məktubundan görünür ki, məhkəmə qərarında qeyd olunan müştərinin aktiv hesablaşma hesabı aşkarlanmadığı üçün məktub geri qaytarılmışdır. İş materiallarında olan ABB ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “ABB" ASC-nin avtomatlaşdırılmış əməliyyat sistemində ********** saylı VÖEN ilə "xxxx" ASC-nin adına açılmış bank aşkar edilməmişdir. Digər VÖEN ilə "xxxx" ASC-yə məxsus bank hesabları isə bağlı statusundadır. İş materiallarında olan Bank of Baku ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məktubda adı çəkilən "xxxx" ASC-nin Bankımızda xidmət olunan hesabına həbs qoyulmuşdur. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" ASC-nin adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azəralüminium" ASC ünvan 2 ünvanında fəaliyyət göstərmədiyi məlum olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görsənir ki, ünvan 3 ünvanda qeydiyyatda olan, xx.xx.1976-cı il təvəllüdlü borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin HİK-nin sədri Şəxs xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevə olan müraciətindən görsənir ki, xx.xx.2023-cü il tarixində X3 HİF-nın bank hesabına 14000 azn məbləğində pul vəsaiti köçürmüşdür. Bu vəsaitin 50 faizi onların hesabına köçürülməli idi ki, bu məbləğdə Dövlət orqanlarına olan borca silinsin. Lakin, bu vəsait Metal İşçiləri HİF-nin sədri X2 ilə görüşərkən və mobil telefon vasitəsilə danışılmasına baxmayaraq hələ də hesaba köçürülməyib. Sizdən xahiş edirik ki bu vəsaitin dövlət orqanlarına olan borcu bağlamaq məqsədilə Azərbaycan Alüminiumu" ASC -nin HİK-nin bank hesabına köçürülməsinə köməklik edilməsini xahiş edilməsi qeyd edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 14 nömrəli əmrdən görsənir ki, "xxxx" ASC HİK" bölməsində "HİK-nın Sədri" vəzifəsində işləyən Şəxs İSA OĞLU ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2.”a" tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsi və işçinin xx.xx.2009 tarixindən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 270 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/deportamentinə həvalə edilməsi qeyd edilmişdir. Əmr baş idarə müdiri Şəxs İsa oğlu tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 1 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görsənir ki, "AZƏRALÜMİNİUM” Açıq Səhmdar Cəmiyyəti Həmkarlar İttifaqı Komitəsinin (VÖEN **********) rəhbəri Şəxsdur. Müdafiəçi Vəkil tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Metal İşçiləri HİF tərəfindən Şəxs göndərilmiş məktubda Azərbaycan Metal İşçiləri HİF-in xx.xx.2023-cü il tarixində ödənilən 14300 manat vəsaiti xx.xx.2023-cü il tarixli aktına əsasən həmin müəssisənin Federasiyaya olan borc hissəsi, yəni yaranmış 28600 manat borcun 50%-nin ödənilmiş, ödəniləsi olan borc müəssisə tərəfindən ödənilməlidir. Qarşılıqlı borcların üzləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli aktda məlum olur ki, Azərbaycan Alüminiumu ASC-nin işçilərinin əmək haqqından tutulmuş üzvlük haqqı üzrə Azərbaycan Metal İşçiləri HİF-yə xx.xx.2023-cü il tarixinə borc qalığı 14300 manat təşkil edir. Məhkəmə hesab edir ki, Şəxs 2023-cü il iyun ayında xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş və icraata başlama haqqında qərarla tanış olduqdan sonra kiyafət qədər vaxt keçməsinə, həmçinin icra məmuru tərəfindən rəhbərlik etdiyi hüquqi şəxsin borcları barədə xəbərdar edilməsinə baxmayaraq "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin direktoru kimi borcların ödənilməsi istiqamətində hər hansı fəaliyyət həyata keçirməmişdir. HİK-nin fəaliyyət göstərməməsi, balansında hər hansı əmlakın olmaması, gəlir əldə etməməsi, gəlirinin üzvlük haqqı hesabına formalaşması HİK-nin direktoru vəzifəsini həyata keçirən Şəxs məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Qanunvericiliyinə əsasən cəmiyyətin icra orqanın rəhbəri cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni vəzifəli şəxs olaraq icra sənədinin icra edilməsi istiqamətinə hər hansı fəaliyyətinin olmamasını, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar