Məhkəmə qərarları › İş №3(060)-825/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-825/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-825/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs Şahin Məmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1983-cü il Qubadlı rayonu, Xudular kəndində anadan olmuş, evli, fərdi əməklə məşğul olan, Qubadlı rayonu ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən o, 01 aprel 2025-ci il tarixdə saat 17:35 radələrində Sumqayıt şəhəri, 48-ci məhəllə “Araz” marketə çatmamış, Şahin Məmmədovun avtomobilini saxladararaq onu uca səslə söyüb təhqir edərək xırda xuliqanlıq hərəkəti etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs 1-ci PB-nin sahə rəisi Rasim Əlixanov protokolun məzmununa uyğun izahat vermiş, hadisəni görən şahidlərin olmadığını bildirmişdir. İnzibati xəta haqqında üzrə icraata xitam verilməsini və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, Qubadlı rayonundan məcburi köçkün olmuş, köçkünlük vaxtı ailəsi birlikdə ünvan 2 ünvanında məskunlaşmışlar. Uzun illərdir həmin mənzildə yaşamışlar. Hazırda torpaqları işğaldan azad edildiyi üçün o, digər vətəndaşlar ki, həmin torpaqlarda yaşamaq arzusundadır. Lakin onlar hələ dövlət tərəfindən mənzillə təmin edilməmişlər. Qeyd edir ki, bir neçə gün öncə Şahin Məmmədov onun hazırda yaşadığı ünvana gəlmiş, həmin vaxt o, evdə olmamışdır. Bu səbəbdən o, narahat olmuş, Şahin Məmmədovla 01 aprel 2025-ci il tarixdə yolda görüşmüşdür. X3 arasında heç bir mübahisə olmamış, o, sonuncunu təhqir etməmiş, söyməmiş, həmin vaxt yanlarında kimsə olmamışdır. Baş vermiş anlaşılmamazlığa görə hətta Şahin Məmədovdan üzr istəmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məmhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Şahin Məmmədov izahatında bildirdi ki, rəhbəri olduğu “Qartal” tikinti firmasına məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 7A, mənzil 1 ünvanında Şəxs və onun ailə üzvləri uzun illərdir ki, məcburi köçkün kimi məskunlaşmışdır. Qeyd edir ki, hazırda torpaqlar işğaldan azad edilmiş, bu səbəbdən o, sonuncunun ona məxsus mənzildən çıxması üçün məhkəməyə müraciət etmiş, nəticədə onun xeyrinə qətnamə çıxmışdır. Sonuncu dəfə o, həmin mənzilə gedərək orada yaşayanlara yenidən mənzildən çıxmaq üçün tələb irəli sürmüş, qapını döydükdə qapını Fərmanı Hüseynovun yaşlı anası açmış, həmin şəxs onu mehriban qarşılamışdır. Gələcəkdə hər hansı narahatlıq yaşamaması üçün bu halları telefonu vasitəsilə görütüyə almışdır. Lakin 01 aprel 2025-ci il tarixdə saat 17:35 radələrində onun olduğu avtomobili Şəxs saxlatmış, onun arvadının görüntüsünü çəkdiyini, sosial şəbəkədə paylaşdığını ona irad bildirmişdir. Lakin o, Fərmana belə hərəkət etmədiyini mənzilə getdiyini və çəkiliş etməsinin səbəbini ona bildirmişdir. Həmin vaxt Fərmanla aralarında mübahisə yaranmış, sonuncu onu söymüşdür. Hazırda Fərman ondan olanlarla bağlı üzrxahlıq etmiş, bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Qartal” tikinti firmasının direktoru Şahin Məmmədov 1-ci PB-nin rəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında Şahin Məmmmədov tərəfindən təqdim edilmiş bir ədəd yaddaş kartında olan görütüyə baxış zamanı Şahin Məmmədovun yuxarıda adı çəkilən mənzilin qapısını döydüyünü qapını ahıl yaşlı qadının açdığını, Şahin Məmmədov özünü mənzilin sahibi kimi təqdim etdikdən sonra qadının onu tanıdığını onu son dərəcə isti və mehriban qarşıladığı müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, protokol tərtib etmiş sahə rəisi Rasim Əlixanovu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərəçəkmiş şəxsi dinləyib, iş materialına əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görəəlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs tərəfindən Şahin Məmmədovun ünvanına söylənildiyi iddia nalayiq ifadələri eşidən və bundan narahatçılıq keçirən hər hansı şahid olmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş 1-ci PB-nin sahə rəisi, polis mayoru Rasim Əlixanovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 510cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar