Məhkəmə qərarları › İş №3(060)-83/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-83/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-83/2025 21.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Abdullayev İsabəli Vidadi oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 12358711 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 Vidadi oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Vidadi oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 12358711 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, həmin qərar əsasında hesablanmış inzibati cərimənin silinməsini və inzibati xəta haqqıda iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş etmişdir. Abdullayev İsabəli Vidadi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 yanvar 2020-ci il tarixinədək Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mütəxəssisi-sürücüsü vəzifəsində işləmişdir və həmin tarixdə öz xahişi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini ica edən S.Bədəlovun xx.xx.2020-ci il tarixli, 01 saylı əmri ilə işdən azad edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mütəxəssisi-sürücüsü vəzifəsində işləyərkən ona təhkim edilmiş “Nissan-Maxima” markalı 50AB136 dövlət qeydiyyat nişanlı minik avtomobili müvafiq təhvil-təslim aktı əsasında 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təhvil verilmişdir. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, adı çəkilən nəqliyyat vasitəsi ilə 2021-2022-ci illər ərzində törədilmiş inizbati xətalar zamanı nəqliyyat vasitəsini idarə edən şəxs qismində onun adı qeyd olunduğundan, həmin xətalara görə cərimələr onun adına yazılmışdır. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən barəsində inzibati cərimənin tətbiqi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ12358711 saylı qərarını tamamilə əsassız və qanunazidd hesab edir. Belə ki, sözügedən qərar qəbul edilərkən inzibati xətalar haqqında qanunvericiliyin tələbləri aşkar şəkildə pozulmuş, müvafiq qanun normaları səhv şəkildə tətbiq edilərək törətmədiyi əməllərə görə əsassız şəkildə cəzalandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyevin sadalanan hallara düzgün hüquqi qiymət verə bilməməsi səbəbindən çıxarılmış qərarı ədalətsiz hesab edərək həmin qərardan şikayət vermək qərarına gəlmişdir və hesab edir ki, həmin qərarın hər hansı hüquqi əsasları olmadığından və inzibati xəta törətməkdə təqsiri sübuta yetirilmədiyindən, sözügedən qərar ləğv olunmalı, hesablanmış cərimə silinməli və inzibati xəta haqqında işlər üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən barəsində inzibati cərimənin tətbiqi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ12358711 saylı Qərarı ləğv edilməsini, həmin qərar əsasında hesablanmış inzibati cərimə silinməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Abdullayev İsabəli Vidadi oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 12358711 saylı qərarından görünür ki, Abdullayev İsabəli Vidadi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 88 nömrəli 12 aprel 2016-cı il tarixli sərəncamına əsasən “Nissan Maxima” markalı minik avtomobili şəhər İcra hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansına verilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 11 nömrəli 01 avqust 2016-cı il tarixli əmrinə əsasən Abdullayev İsabəli Vidadi oğlu 01 avqust 2016-cı il tarixdən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə baş mütəxəssissürücü vəzifəsinə təyin edilmiş, 01 nömrəli 07 yanvar 2020-ci il tarixli əmrə əsasən 07 yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 07 nömrəli 07 yanvar 2020-ci il tarixli əmrinə əsasən Abdullayev İsabəli Vidadi oğlu 07 yanvar 2020-ci il tarixindən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə baş mütəxəssis (sürücü) vəzifəsinə işə qəbul edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sərəncamında olan 50AB136 dövlət qeydiyyat nömrə nişanlı maşın may 2021-ci il tarixdən aprel 2022-ci il tarixə kimi X3 tərəfindən idarə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ 12358711 saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, göründüyü kimi “Nissan Maxima minik” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olmuş, Abdullayev İsabəli Vidadi oğlu 01 avqust 2016-cı il tarixdən 07 yanvar 2020-ci il tarixədək həmin nümayəndəlikdə baş mütəxəssissürücü vəzifəsində çalışmış, lakin inzibati xətanın törədildiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixdə “Nissan Maxima minik” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq Abdullayev İsabəli Vidadi oğlu tərəfindən idarə edilmədiyi halda həmin avtomobilin idarə edilməsi nəticəsində yol verilmiş inzibati xətalara görə inzibati cərimə onun barəsində tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Eyni zamanda iş materiallarından görünür ki, inzibati xəta Sumqayıt NTS-Saray qəsəbəsindən Sumqayta giriş-çıxış saray qəsəbəsi istiqamətində xx.xx.2022-ci il tarixdə saat 00:10-da qeydə alınmış, lakin inzibati tənbeh vermə haqqında elektron qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin: - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. - 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. - 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Abdullayev İsabəli Vidadi oğlunın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2022ci il tarixli, EQ 12358711 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Abdullayev İsabəli Vidadi oğlunın şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli, EQ 12358711 saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar