Məhkəmə qərarları › İş №3(060)-832/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-832/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-832/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-364/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş, nəticədə 1200 manat aliment borcu yaranmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)- 364/2023 saylı icra sənədinə əsasən Şəxs 09 fevral 2019-cu il təvəllüdlü Piriyev Təvəkkül Babək oğlunun və 14 sentyabr 2021-ci il təvəllüdlü X9 oğlunun saxlanılması üçün hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimnet tutularaq X4 verilməlidir. İcra sənədi 21 dekabr 2023-cü ildə verilmiş, xx.xx.2024cü ildə icraata başlamaq haqqında qərar qəbul olunmuş, xx.xx.2024-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmiş və borclunun izahatı alınmışdır. Borclu izahatında xx.xx.2024-cü ildə ödəniş edəcəyini bildirmişdir. Lakin, bundan sonra borclu icra idarəsinə gəlməmiş və telefonlara da cavab verməmişdir. Borclu çağırışlara gəlmədiyi və yayındığı üçün üçün xx.xx.2024-cü il tarixdə barəsində axtarış elan edilmişdir. Borclu axtarış qərarı əsasında icra idarəsinə gətirilmişdir. Bu gün də borclu maddi vəziyyətini əsas gətirərək ödəniş etməmişdir. Hal-hazırda borclu ilə tələbkar arasında hər hansı razılaşma da yoxdur. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru ona verilmiş sullara cavab olaraq bildirmişdir ki, tələbkar ölkə xaricində olduğu üçün icra idarəsinə özü gəlməmiş, nümayəndəsi gəlmişdir. Tələbkarın nümayəndəsinin bu gün təqdim etdiyi ərizəyə əsasən onlara heç bir ödəniş edilməmişdir. Ona görə də borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, həqiqətən də fevral ayında icra idarəsində olmuşdur. Lakin, həmin vaxt dərhal ödəniş etməli olduğunu bilməmişdir. İndiyədək maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmişdir. Hazırda da ödəniş etməyə imkanı yoxdur. Belə ki, İİ qrup əlil olduğu üçün iş də tapa bilmir. Ona vaxt verilərsə hissə-hissə ödəniş edə bilər. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs əlildir, ödənişlərin edilməməsi onun maddi vəziyyəti ilə bağlıdır, burada hər hansı qərəzli münasibət yoxdur. Həmçinin nəzərə almaq lazımdır ki, icra sənədi qısa müddətdir verilib. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-364/2023 saylı icra sənədindən görünür ki, Şəxs 09 fevral 2019-cu il təvəllüdlü Piriyev Təvəkkül Babək oğlunun və 14 sentyabr 2021-ci il təvəllüdlü X9 oğlunun saxlanılması üçün hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimnet tutularaq X4 verilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-364/2023 saylı icra sənədi üzrə tələbin dərhal könüllü icra edilməsi ondan tələb edilmişdir. Bildiriş xx.xx.2024-cüi ildə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İş materiallarında olan Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsində yazdığı xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, xx.xx.2024-cü ildə ödəniş edəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Şəxs əlilliyə görə müavinət alır. İş materiallarına əlavə edilmiş tələbkarın nümayəndəsinin icra idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, icra sənədi icra edilmədiyi üçün borclunun barəsində tədbirlər görülməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(060)-364/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 09 fevral 2019-cu il təvəllüdlü Piriyev Təvəkkül Babək oğlunun və 14 sentyabr 2021-ci il təvəllüdlü X9 oğlunun saxlanılması üçün hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimnet tutularaq X4 verilməlidir. İş üzrə 21 dekabr 2023-cü ildə məhkəmə tərəfindən icra sənədi verilmiş, xx.xx.2024-cü il tarixdə icra idarəsində icraata başlama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2024-cü ildə rəsmi qaydada borcluya verilmişdir. Həmin tarixdə borclu xx.xx.2024-cü ildə ödəniş edəcəyini bildirsə də indiyədək heç bir ödəniş etməmiş və hazırda da ödəniş edə bilmədiyini göstərmişdir. Həmçinin Şəxs icra idarəsinə gəlməkdən yayınmış və yalnız axtarış qərarı əsasında onun icra idarəsinə gətirilməsi mümkün olmuşdur. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədi üzrə heç bir ödəniş etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əlilliyinin olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar