Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-838/2024 03.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1ci maddəsi ilə tərtib edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – protokol tərtib etmiş şəxs) tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material baxılması üçün Sumqayıt Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan göstərilmişdir ki, Sumqayıt şəhəri, 32-ci məhəllə, “Karvan” Ticarət Mərkəzinin yaxınlığında yerləşən Şəxs MMC-nin mağazasında xx.xx.2024-cü il tarixdə vitrində 1 kq-nın qiyməti 4,79 manat göstərilmiş salxım pomidorun kassada artıq hesablanaraq 1 kq-ı 4,89 manata satılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Elman Məhərrəmli adlı vətəndaş Şəxs MMC-nin Sumqayıt şəhərində yerləşən mağazasında alış-veriş edərkən piştaxtadan götürdüyü və üzərində qiyməti 4,79 manat yazılmış salxım pomidoru kassaya təqdim etdikdə, kassada onun qiyməti 4,89 manatdan hesablanmışdır. O, buna etiraz etdikdə mağazanın əməkdaşları tərəfindən ona kobud cavab verilmiş və o, məhsulun üzərində yazılmış qiyməti mobil telefon vasitəsilə çəkərək kassa çeki ilə birlikdə protokol tərtib etmiş şəxsə elektron qaydada şikayət etmişdir. Həmin fakt araşdırılmış və öz təsdiqini tapmışdır. Şəxs MMC-yə bildiriş göndərilib nümayəndəsi inzibati xətaya dair məsələyə baxılması üçün dəvət edilsə də, nümayəndəsinin iştirakı təmin edilməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirdi ki, qeyd edilən məsələ anlaşılmazlıqla bağlı olub. Belə ki, ortada 10 qəpik məbləğində fərq var. Məhsulun qiymətinin çəkildiyi fotoşəkil 26 martda çəkilsə də, şikayət 28 martda edilmişdir. Bu isə həmin fotoşəklin tarixinin dəyişdirilməsini istisna etmir. Qeyd edilənlərə əsasən nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan Elman Məhərrəmli tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlamış olan elektron şikayət ərizəsində göstərilmişdir ki, “xx.xx.2024 tarixində Sumqayıt şəhərində Karvan Ticarət mərkəzinin yanında yerləşən “Araz” supermarketində piştaxtadakı qiymətlə kassa qiyməti arasında uyğunsuzluq aşkarlanmışdır. Belə ki, uyğunsuzluğu gördüyüm anda tərəzi bölümündə çalışan əməkdaşdan məhsulun gərçək qiymətini öyrənməyə çalışdım – 4,89 azn dedi. Amma piştaxtada 4,79 azn qeyd olunub. Xanım əməkdaş məsələni müdiriyyətə bildirdi amma təəssüflər olsun ki bunu diqqətə alan olmadı. Özüm yaxınlaşdım və niyə məsələnin həlli üçün köməklik göstərmək istəmədiniz deyə soruşdum. Cavab olaraq dedilər ki sənin problemin varsa sən yaxınlaşmalı idin. Nəticə olaraq məsələnin həlli yerinə mübahisə başlandı və mən oranı tərk edərək sizlərə müraciət etmək qərarına gəldim. Bu halın təkrarlanmaması üçün qanunda nəzərdə tutulmuş qaydada məsuliyyət daşımalarını istəyirəm”. İş materiallarında olan satış çekindən görünür ki, salxım pomidorun qiyməti 4,89 manat göstərilmişdir. Çekin üzərində tarix olaraq xx.xx.2024-cü il qeyd edilmişdir. İş materiallarında olan və elektron variantı protokol tərtib etmiş şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli fotoşəkildən görünür ki, vitrində qoyulmuş salxım pomidorun üzərində qiyməti 4,79 manat göstərilmişdir. Həmin fotoşəkildə olan məhsulun kodu ilə alınmış məhsulun üzərindəki kodun eyniyyət təşkil etdiyi müəyyən edilir. İşdən görünür ki, protokol tərtib etmiş şəxs tərəfindən Şəxs MMC-yə bildirişlər göndərilərək inzibati xəta haqqında icraatda nümayəndəsinin iştirakını təmin etməsi təklif edilmişdir. İXM-də göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur (12.1). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1). Göründüyü kimi Şəxs MMC-nin Sumqayıt şəhərində, Karvan Ticarət Mərkəzinin yaxınlığında yerləşən mağazasında xx.xx.2024-cü il tarixində “salxım pomidor” məhsulunun piştaxta üzərində olan qiyməti 4,79 manat yazılmasına baxmayaraq, müştərilərə 4,89 manata satılması, bununla da İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilməsi müəyyən edilir. Məhkəmə məhsulun piştaxtadakı qiyməti ilə satış qiyməti arasında fərqin o qədər də yüksək olmamasını, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 4000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-838/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-838/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver