Məhkəmə qərarları › İş №3(060)-839/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-839/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-839/2025 21.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə, Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, Bərdə rayonu, Mehdili Ərazi Dairəsi, Xanağalı kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sumqayıt şəhər DYPŞ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP6681717 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, qeyd etmişdir ki, idarə etdiyi “Opel-Astra” markalı, **-UN-*** markalı avtomobillə Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə üzü Dəmiryolu vağzalı istiqamətində hərəkət etdikdən sonra sola, həmin küçənin Bədəlbəyli küçəsi ilə kəsişməsində yerləşən yolayrıcına doğru dönmə manevri edib həmin yolayrıcında maşını qısa müddətdə saxlayıb sağdan gələn nəqliyyat vasitələrinin hərəkətinə nəzarət etmiş və sağ istiqamətindən Çerkassi küçəsi ilə düzünə hərəkət edən «X7» markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq məsafədə, yəni təxminən 25-30 metr aralı məsafədə olduğunu görüb yenidən hərəkətə başlayıb təxminən 10 km/saat sürətlə düzünə Bədəlbəyli küçəsi ilə hərəkətini davam etdirən zaman sağ istiqamətindən Çerkassi küçəsi ilə sürətlə düzünə hərəkət edən «X7» markalı avtomobil qabaq hissəsi ilə onun avtomobilinin sağ arxa qapısından və sağ arxa təkərinin üst hissəsindən toqquşmuşdur. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Zərəçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayəti və tələbi yoxdur. Şəxs barəsində qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 112.1.4-cü maddələrində işə zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materiallarında olan öz etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP6681717 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Opel-Astra” markalı, **-UN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2024-cü il tarixli, 1386 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: döş qəfəsinin sol yan səthinin geniş ölçülü qançırı, alın və sol yanaq nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nın məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2024-cü il tarixli, 1410 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ diz oynağı nahiyəsinin geniş ölçülü qançırı və cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sol bazunun qançırı. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nın məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, «Opel-Astra» markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi iş üzrə ilkin araşdırma zamanı sürücünün təqsiri müəyyən edilmiş və Şəxs təqsirli hesab edilərək barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən zərəçəkmiş şəxs X1 şikayətinin olmamasını və barəsində icraat aparılan şəxsin əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar