Məhkəmə qərarları › İş №3(060)-847/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-847/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-847/2025 08.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs (tələbkar) X2 iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Aydın oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Zeynəb Məstəliyeva tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-352/2024 saylı icra vərəqəsi üzrə borclu Şəxs üzrlü səbəb olmadan yığılmış 1015 manat aliment borcunu ödəməmiş, nəticədə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Zeynəb Məstəliyeva tərtib etdyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs bu günki günə tələbkara 1015 manat ödənilməmiş aliment borcu yaranmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü alimentin vaxtında ödənilməməsində təqsirli bilir, həmin borcun ödənilməsi üçün vaxt verilməsini məhkəmədən xahiş edir. Növbəti məhkəmə iclasında borclu Şəxs yığılmış aliment borcunun tam ödədiyini bildirirək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs Elvira Cəfərova bildirdi ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs yığılmış 1015 manat aliment borcunu protokol məhkəməyə təqdim edildikdən sonra tam həcmdə ona ödəmişdir. Hazırda borcluya qarşı heç bir şikayət və tələbi yoxdur, bu barədə yazmış olduğu ərizəsini məhkəməyə təqdim edir. Qeyd olunanların nəzərə alınmasını və bu iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-352/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 23 oktyabr 2023-cü il tarixədən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü Hüseyn Quliyevin və xx.xx.2014-cü il təvəllüdlü Həsən Quliyevin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Elvira Cəfərova ödənilməlidir. Zərərçəkmiş şəxs Elvira Cəfərova xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs 08 aprel 2025-ci il tarixədək yığılmış aliment borcunu ona tam olaraq ödəmiş, bu səbəbdən protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Şəxs məhkəməyə ərizə ilə müraciət edərək 3(060)-847/2025 nömrəli iş üzrə hüquqlarının dövlət hesabına müdafiəsi ilə bağlı məhkəmə tərəfindən dəvət olunmuş müdafiəçidən öz təşəbbüsü ilə könüllü olaraq imtina etmişdir. Müdafiəçidən imtinanın hüquqi yardım ödəmək üçün vəsaitinin olmaması ilə əlaqədar olmadığını, özünü müstəqil müdafiə edə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, o cümlədən tələbkarın ərizəsini nəzər alaraq hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.10-cu maddəyə əsasən xitam verilməlidir. Belə ki, tələbkar Elvira Cəfərovanın ərizəsindən görünür ki, ona qətnamə üzrə yığılmış aliment borcu 08 aprel 2025-ci il tarixədək tam ödənilmişdir. İXM-nin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. Həmin Məcəllənin 53.1.10-cu madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən qəbul edilən qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Odur ki, yuxarıdakılara əsasən və İXM-nin 53.1.10-cu və 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.10-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar