Məhkəmə qərarları › İş №3(060)-850/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-850/2022

19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-850/2022 19.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Murad İbrahimov tərəfindən 04.04.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, 23.02.2022-ci il tarixdə Şəxs X1 məxsus əmlakını qəsdən məhv etmiş, baş vermiş hadisə nəticəsində 1900 (bir min doqquz yüz) manat maddi ziyan yetirilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin materiallar Sumqayıt Şəhər Məhkəməsinə 04.04.2022-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir. Himayəsində 1 azyaşlı uşağı var. 2007-ci ildən bəri həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Belə ki, sözügedən torpaq sahəsini atası onun dostundan almışdır, lakin daha sonra torpağı satan şəxs ailəsi ilə birlikdə onları ərazidən çıxartmış, torpaq sahəsinin onlara aid olduğunu iddia etmişdirlər. Həmin torpaq sahəsinin abadlaşdırılmasında böyük əziyyət çəkmişdir, buna görə də sarsıntı keçirərək ani əsəblə təpik vurub daş hasarın kiçik bir qismini dağıtmışdır. Lakin həmin daşlar yararsız hala gəlməmişdir və protokolda göstərilmiş məbləğ dəymiş ziyana uyğun deyildir. Eyni zamanda iş materiallarına hadisə yerinin şəkli əlavə edilməmiş və dəymiş ziyanı dəqiq müəyyən etmək üçün mütəxəssis rəyi alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin nəticəsində şəxsən maraqlı olmayan, sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün xüsusi biliyə malik olan şəxs icraatında inzibati xəta haqqında iş olan hakim, vəzifəli şəxs tərəfindən inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək üçün mütəxəssis kimi dəvət olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, Şəxs barəsində 04.04.2022-ci il tarixli, MN MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən AR İXM-nin 76.1 maddəsinin tələbləri pozularaq, X1 məxsus əmlakın qəsdən məhv edilməsini sübuta yetirə biləcək hadisə yerinin foto şəkilləri iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda inzibati xəta haqqında protokolda maddi ziyanın məbləğinin 1900 manat kimi qeyd olunmasına baxmayaraq dəymiş zərəri dəqiq müəyyən etmək üçün mütəxəssis rəyi alınmamışdır. Bununla da məhkəmə hesab edir ki, İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 04.04.2022-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 04.04.2022ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra idarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar