Məhkəmə qərarları › İş №3(060)-850/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-850/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-850/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 vəkili və nümayəndəsi Kəngərli və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X17 Xidməti X4 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X17 Xidməti X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının ƏƏSM Nazirliyi yanında X17 Xidməti X4 xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı ilə X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X6 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın tətbiq olunmasına səbəb kimi əmək müqaviləsi hüquqi qüvvəsini almadan işəgötürən tərəfindən fiziki şəxs Tağıyev Aydın Elşən oğlunun işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Tağıyev Aydın Elşən oğlu adlı şəxs heç bir zaman "xxxx" Kiçik Müəssisəsində, o cümlədən “Yeni Həyat” şadlıq sarayında hər hansı vəzifədə işləməmişdir. Polis orqanında olan zaman ölkədən deport olunma qorxusu altında Aydın Tağıyev adlı şəxs guya “Yeni Həyat” şadlıq sarayında işlədiyini izahatında yazmışdır. Bundan başqa onu bir neçə dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Abşeron-Xızı regional şöbəsinə dəvət edilmiş, hər dəfə həmin İdarəyə getdikdə, ondan hər hansı rəsmi izahat alınmamışdır. Buna baxmayaraq, tərtib edilmiş protokollar, qərarlar, göndərilmiş rəsmi məktublar onun adına tərtib edilmişdir. Qeyd edir ki, “X12” direktoru X3r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən “X20”nin vəzifəli şəxsidirektoru X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək, iş üzrə icrata xitam verilməsi barəsində yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" kiçik müəssisəsinin nümayəndəsi və vəkili Kəngərli və Partnyorları Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, həmin inzibati protokol düzgün tərtib olunmamışdır. Belə ki, Tağıyev Aydın Elşən oğlu adlı şəxs işçiləri olmamışdır. Heç vaxt, “X20”ndə Yeni Həyat şadlıq sarayında işləməmişdir. Hazırda araşdırması aparılan fakt ilə əlaqədar hüquqi şəxs “Ferman kiçik müəssisəsi barəsində tərtib olunmuş İXM-in 192.1-ci maddəsi ilə baxılan digər məhkəmə iclasında Aydın Tağıyeva məxsus mobil telefonun anten məlumatları əldə edilmiş, sonuncunun “Yeni Həyat” şadlıq sarayının yaxınlığında mövcud olması təsdiqini tapmamışdır. Bundan əlavə, iş materiallarında yalnız bir nəfərin izahatına istinad olunmaqla qərar qəbul edilmişdir. Göstərilən halları nəzərə alaraq X6 barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, sözügedən qərar polis idarəsindən daxil olmuş materiallar əsasında və eyni zamanda şahidlərin birbaşa X17 Xidmətində verdiyi izahatlardan əsaslanmışdır. Həm, polis idarəsində, həm də X8 izahat verən zaman, həmin şəxslər qeyd etmişdilər ki, “Yeni Həyat” şadlıq sarayında işləyirlər. X10 əmək müqaviləsinin qüvvədə olmasına baxmayaraq Aydın Tağıyevin əmək müqaviləsi olmadan “Yeni Həyat” şadlıq sarayında bərabər fəaliyyət göstərmiş və işləmişdir. Qeyd edir ki, vəzifəli şəxs X6 barəsində qəbul edilmiş və mübahisələndirilən qərar tam qanuni qəbul edilmişdir, bu səbəbdən qüvvədə saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X18 izahatında bildirmişdir ki, H.Z.Tağıyev qəsəbəsində keçirilən yas mərasimində qonşusu Aydınla birlikdə ofisiant kimi orada işləmişlər. İş bitdikdən sonra oradan telefon itirilməsi ilə bağlı polis orqanına çağırılmış, izahatları alınmışdır. Polis orqanında Aydına Özbəkistan Respublikasına deport olunacağı deyilmiş, o da izahatında “Yeni Həyat” şadlıq sarayında işlədiyini qeyd etmişdir. X18 əlavə olaraq suallara cavab olaraq bildirmişdir ki, Aydın Tağıyev “Yeni Həyat” şadlıq sarayında işləməmişdir. Aydın onunla birlikdə yalnız bir dəfə H.Z.Tağıyev qəsəbəsindəki yas mərasimində işləmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Tağıyev Aydın Elşən oğlu izahatında bildirmişdir ki, polis idarəsində izahatı alınan zaman ona hədə qorxu gələrək deportasiya ediləcəyi deyilmiş, həmçinin Əziz də ona məsləhət görmüşdür ki, izahatında “Yeni Həyat” Şadlıq sarayında işlədiyini bildirsin. Deyilənlərlə ilə razılaşmış və izahatında sözügedən şadlıq sarayında işlədiyini bildirmişdir. Bundan başqa deportasiya edilməsindən qorxduğundan Əmək müfəttişliyində də “Yeni Həyat” şadlıq sarayında işlədiyini bildirmişdir. “Yeni Həyat” şadlıq sarayında heç vaxt işləməmişdir. Azərbaycan Respublikasında yalnız bir dəfə H.Z.Tağıyev qəsəbəsindəki yas mərasimində ofisiant olaraq işləmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarınıın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxs Tağıyev Aydın Elşən oğlu hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X1 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci Polis bölməsinin baş təhqiqatçısı Mətləb Abbasovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yaşayan X5 DİN-nin 102 zəng xidməti mərkəzi sisteminə zəng edərək “Honor 70” markalı mobil telefonunun oğurlanması barədə məlumat vermişdir. Aparılmış araşdırma zamanı X7, Özbəkistan Respublikasının vətəndaşı Tağıyev Aydın Elşən oğlunun və X11 “Yeni Həyat” şadlıq sarayında əmək müqaviləsi olmadan işlədikləri müəyyən edilmişdir. İş materiallarında olan X11 Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində verdiyi izahatından görünür ki, o, iki ilə yaxındır ki, “Yeni Həyat” şadlıq sarayında ofisiant işləyir və şadlıq sarayının rəhbərliyi ilə onun arasında əmək müqaviləsi yoxdur, orada müqaviləsiz işləyir. İş materiallarında olan Tağıyev Aydın Elşən oğlunun Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində verdiyi izahatından görünür ki, o, iki ilə yaxındır ki, “Yeni Həyat” şadlıq sarayında ofisiant işləyir və şadlıq sarayının rəhbərliyi ilə onun arasında əmək müqaviləsi yoxdur, orada müqaviləsiz işləyir. İş materiallarında olan X11 Abşeron-Xızı Regional şöbəsində verdiyi izahatından görünür ki, 2023-cü ilin oktyabr ayından Sumqayıt şəhərində yerləşən “Yeni həyat” şadlıq sarayında ofisiant kimi işləyir. Lakin o, rəsmi olaraq xx.xx.2024-cü il tarixdən işləyir. Əvvəlki dövrdən müqaviləsi olmamış və hal-hazırda işləmir. Aydın Tağıyev də 2024-cü ilin sentyabr ayından xx.xx.2024-cü il tarixədək “Yeni həyat” şadlıq sarayında ofisiant kimi işləmişdir. İş materiallarında olan Tağıyev Aydın Elşən oğlunun Abşeron-Xızı Regional şöbəsində verdiyi izahatından görünür ki, o, 2024-cü ilin sentyabr ayından “Yeni Həyat” şadlıq sarayında ofisiant işləyir. Lakin, əmək müqaviləsi olmadan işləmişdir. Həmin dövrdə onunla birlikdə Əziz Ələkbərli də “Yeni Həyat” şadlıq sarayında ofisiant işləmişdir. Bundan başqa müəyyən edilmişdir ki, eyni fakt üzrə “X20” adlı hüquqi şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan və yekun məhkəmə aktı çıxarılan xx.xx.2025-ci il tarixli və nömrəli 3(060)-948/2025 saylı iş üzrə Aydın Tağıyevin istifadəsində olan mobil nömrələrin anten məlumatları əldə edilmişdir. Həmin məlumatlar sifahi sorğu əsasında əldə edilərək iş materiallarına əlavə edilmişdir. "xxxx" MMC-dən Tağıyev Aydın Elşən oğlunun istifadə etdiyi ***-***-**-** və ***-***-**- ** nömrəli mobil telefonların xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində anten məlumatları götürülmüşdür. Həmin mobil nömrələrin anten dairəsinin qeyd edilən müddət ərzində Sumqayıt şəhərinin müxtəlif yerlərində qeydə alınması müəyyən edilmişdir. ***-***-**-** nömrəli mobil telefonun anten məlumatlarının Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Yeni Həyat” Şadlıq Sarayına ən yaxın yerlərdə qeydə alındığı ərazilər araşdırılmış və müəyyən edilmişdir ki, həmin telefonun anten dairəsi bu müddət ərzində 19 dəfə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Vilvan restoranında qeydə alınmışdır. Bundan əlavə ***-***-**-** nömrəli mobil telefonun anten məlumatları bu müddət ərzində beş dəfə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində qeydə alınmışdır. Bunlardan ikisi “Rüstəm” şadlıq evində, biri “88” Çay evində, digər ikisində isə 9-cu mikrorayon qeyd edilsə də, dəqiq yer göstərilməmişdir. ***-***-**-** nömrəli mobil telefonun anten məlumatları da bu müddət ərzində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Yeni Həyat” Şadlıq Sarayına ən yaxın yerlərdə qeydə alındığı ərazi kimi Sumqayıt şəhəri, 8-ci mikrorayon, Vilvan restoranı göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X18 və Tağıyev Aydın Elşən oğlu Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən “Təkbir” mərasim evinə ofisiant kimi dəvət edilmələrinin “Yeni Həyat” Şadlıq Sarayına ("xxxx" Kiçik Müəssisəsinə) heç bir aidiyyəti olmamış və bu işin mübahisəsiz halıdır. Bu hal həm 2-ci Polis Bölməsində, həm də müfəttişlikdə aparılan araşdırma ilə də öz təsdiqini tapmışdır. Həmin mərasim evində olan oğurluq hadisəsi ilə bağlı X18 və Tağıyev Aydın Elşən oğlu Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə dəvət edilmiş, orada Ə.Ələkbərli izahatında “Yeni Həyat” Şadlıq Sarayında iki il müddətdir ki, müqaviləsiz işlədiyini bildirmiş, lakin izahatında Aydın Tağıyevin orada işləməsi ilə bağlı heç nə deməmişdir. Tağıyev Aydın Elşən oğlu izahatında “Yeni Həyat” Şadlıq Sarayında iki il müddətdir ki, müqaviləsiz işlədiyini bildirmişdir. Ona görə də materiallar qeyd edilən məsələ ilə bağlı araşdırma aparılması üçün X17 Xidmətinə göndərilmişdir. Müfəttişlikdə aparılan araşdırma zamanı hər iki şəxs izahatında Tağıyev Aydın Elşən oğlunun “Yeni Həyat” Şadlıq Sarayında 2024-cü ilin sentyabr ayından etibarən müqaviləsiz işlədiyini bildirmişlər. Eyni zamanda müfəttişlikdə aparılan araşdırma zamanı X11 “Yeni Həyat” Şadlıq Sarayında ("xxxx" Kiçik Müəssisəsində) əmək müqaviləsi əsasında işləməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə hər iki şəxs daha öncə verdikləri izahatı təkzib edərək Tağıyev Aydın Elşən oğlunun heç vaxt “Yeni Həyat” Şadlıq Sarayında işləmədiyini, polis əməkdaşlarının və müfəttişin təsir və təzyiqləri ilə Tağıyev Aydın Elşən oğlunun “Yeni Həyat” Şadlıq Sarayında işləməsi ilə bağlı izahat verdiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, X18 və Tağıyev Aydın Elşən oğlunun Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsində və X8 verdikləri izahatlarında olan ziddiyyətli məqamlara qanuna müvafiq qiymət verilməlidir. Göründüyü kimi Tağıyev Aydın Elşən oğlu və X11 izahatlarına istinad etməklə X6 Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həm müfəttişlikdə aparılan araşdırma zamanı, həm də məhkəmə araşdırması zamanı X2 həmin şəxsləri əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən hər hansı əlavə sübut təqdim edilməmişdir. X21 məhkəməyədək araşdırmalarda və məhkəmə iclasında verdiyi mobil nömrənin həmin dövr üçün anten məlumatlarında da Sumqayıt şəhəri 44-cü məhəllə ərazisində yerləşən “Yeni Həyat” şadlıq sarayının yaxınlığında qeydə alınması faktı müəyyən olunmamışdır. Bu fakt bir daha A.Əzizovun X20nə məxsus “Yeni Həyat” şadlıq sarayında işlərin (xidmətlərin) yerinə yetirilməməsini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün qanunverici iki əlamətin mövcudluğunu tələb etmişdir. 1) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməməli; 2) işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. Hüquqda ümumi qəbul edilmiş prinsip və normalara əsasən hər hansı şəxsin əməlində inzibati xəta və ya digər hüquq pozuntusunun olmasını sübuta yetirmə vəzifəsi müvafiq araşdırmanı aparan orqanın üzərinə üzərinə düşür. Sübut etmə dedikdə isə iş üzrə toplanmış sübutların elə məcmusu başa düşülür ki, onların birgə təhlili yekun və təkzib olunmaz nəticəyə gəlinməsi üçün kifayət etsin. İş üzrə gəlinmiş yekun qənaət isə ehtimal və fərziyyətlərə əsaslana bilməz. İndiki halda X16 Xidməti müvafiq icazə alındıqdan sonra həmin şəxslərin (icazənin alınması vaxtına münasibətdə gələcəkdə) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini iddia etməklə, əlavə heç bir sübut əldə etmədən ehtimal və fərziyyələr əsasında inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, konkret fakt sübuta yetirilmədən, şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Eyni zamanda inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll edilməldir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanıb, öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin X4 xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar