Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-851/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilətərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfində Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iş üzrə avans ödənişə əsasən mallar ən qısa müdətdə Azərbaycana idxal ediləcəkdir, idxalda gecikmələr olsa da, burada Şəxs MMC-nin təqsiri yoxdur. Wise Energy DMCC şirkətinin təqdim etdiyi məktubdan, təqdim edilmiş sübutlardan və e-2-2(119)- 243/2025 nömrəli Kommersiya mübahisəsi üzrə yekun qərardan göründüyü kimi Şəxs MMC indiyə qədər “Wise Energy” DMCC şirkətindən 3.151.979,87 ABŞ dolları dəyərində malların Azərbaycana idxal edilməsinə, habelə 98.382 ABŞ dolları məbləğində malların Şəxs MMC göstərişi ilə digər müştəriyə (hansı ki malların ödənişini etmişdir) X3 Asia Pacific PTE şirkətinə göndərilməsini təmin etmişdir. Ümumilikdə edilmiş avans ödənişlərə görə 3.250.361 ABŞ dolları məbləğində avans ödəniş Mərkəzi Bank sistemində bağlanılmışdır. Hazırki inzibati xətalar haqqında iş üzrə sözügedən 140 928.93 ABŞ dolları məbləğində vəsaitin idxalı da təmin ediləcəkdir. Bununla belə onlar hər ethimal üçün idxal edilməmiş mallara görə ödənilmiş pul vəsaitinin qarşı müəssisədən tutulması üçün məhkəməyə müraciət etmişlər və Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddiaları təmin edilmişdir. Qeyd etdiyi kimi mallar ölkəyə idxal ediləcək, əks halda isə pulun qarşı müəssisədən tutulması ilə bağlı müvafiq qətnamə mövcuddur. Yəni, hər bir halda ölkə xaricinə köçürülmüş vəsaitlər geri qaytarılacaq, ya mal idxal edilməklə, ya da pul vəsaiti qaytarılmaqla. Şəxs MMC indiyə qədər maksimum səy göstərmiş, bütün mümkün tədbirləri görmüşdür və hal-hazırkı gecikmədə onların təqsiri yoxdur. Mərkəzi Bankın təqdim etdiyi protokolda da təqsirin nədən ibarət olması göstərilməmiş, araşdırma aparılmamışdır. Sadəcə müddət tələbinə əməl edilməməsinə görə avtomatik protokol tərtib edilib göndərilmişdir. İşin hallarını və qanunvericiliyi rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş şəkildə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin təqsiri olmadığına, təqsir hər hansı şəkildə sübut edilmədiyinə, avans ödənişə görə malların idxalı üçün Şəxs MMC tərəfindən mümkün bütün tədbirlər görülmüş olduğuna görə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin, Mərkəzi Bankın nümayəndəsi elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq Şəxs MMC tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə protokolu müdafiə etdiklərini bildirmiş və MMC barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən 167.814 (yüz altmış yeddi yeddi yüz səkkiz yüz on dörd) ABŞ dolları 19 (on doqquz) sent məbləğində vəsait xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 02 (iki) il müddətində 140.928 (yüz qırx min doqquz yüz iyirmi səkkiz) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 22 fevral 2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 1allarına əlavə olunmuş “Wise Energy” DMCC-nin Sumqayıt Şəhət Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şəxs MMC-nin Wise Energy DMCC şirkətinə etdiyi avans ödənişə görə 2 ildən çox bir müddətdir ki, mallar Azərbaycana idxal edilməmiş olduğuna görə Şəxs MMC cərimə riski ilə üzləşmişdir. Belə ki, Şəxs MMC və “Wise Energy” DMCC uzun müddətdir ki, əməkdaşlıq edirlər və hər ikisi etibarlı şirkətlərdirlər. İndiyə qədər edilmiş avans ödənişlərə görə “Wise Energy” DMCC şirkəti tərəfindən birbaşa Şəxs MMC-yə 3.151.979,87 ABŞ dolları (üç milyon yüz əlli bir min doqquz yüz yetmiş doqquz dollar səksən yeddi sent) dəyərində mallar göndərilmişdir. Habelə 98.382 ABŞ dolları məbləğində mallar Şəxs MMC göstərişi ilə X2 Asia Pacific PTE şirkətinə göndərilmişdir. 3(060)-851/2025 nömrəli inzibati xətalar haqqında iş üzrə bəhsi keçən gecikmə məbləği ilə qeyd edilir ki, həmən avans ödənişə görə mallar Şəxs MMC-yə təhvil veriləcəkdir. Lakin, Şəxs MMC, “Wise Energy” DMCC və onun müştəriləri arasındakı razılaşmalara əsasən həmin mallar əvvəlcə Ruminiyadakı sınaq müəssisəsində sınaqdan keçirilməli və bütün sınaqlar tamamlandıqdan sonra Şəxs MMC-yə göndərilməlidirlər. Malların onların zavodlarında istehsalı, Ruminiyayay göndərilməsi, sınaqları keçməsi üçün uzun müddət vaxt tələb olunur. Ukrayna-Rusiya müharibəsi, Yəməndəki Husi üsyançıların Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzində yerləşən beynəlxalq ticarət gəmilərinə hücumlar həyata keçirməsi kimi amillərə görə malların verilməsi daha da gecikməyə məruz qalmışdır. Lakin, avans ödənişi edilmiş mallar Şəxs MMC-yə göndəriləcəkdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-243/2025 saylı qətnaməsindən görünür ki, cavabdeh “Wise Energy” DMCC şirkətindən 216.732 (iki yüz on altı min yeddi yüz otuz iki) ABŞ dolları məbləğində əsas borc ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə, hüquqi yardımla bağlı ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı və 658 (altı yüz əlli səkkiz manat) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Şəxs MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 167.814 (yüz altmış yeddi yeddi yüz səkkiz yüz on dörd) ABŞ dolları 19 (on doqquz) sent məbləğində vəsait xx.xx.2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 02 (iki) il müddətində 140.928 (yüz qırx min doqquz yüz iyirmi səkkiz) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Qeyd edilən halı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi də mübahisələndirməmiş və 140.928 (yüz qırx min doqquz yüz iyirmi səkkiz) ABŞ dolları 93 (doxsan üç) sent məbləğində vəsait hesabına alınan malların həqiqətən də ölkəyə idxal edilmədiyini təsdiq etmişdir. Yalnız nümayəndə bildirmişdir ki, malların idxal edilməməsi Şəxs MMC-nin təqsiri səbəbindən baş verməmişdir. Qarşı müəssisə ilə uzunmüddətli etibarlı tərəfdaş kimi fəaliyyət göstərirlər, köçürülmüş pul vəsaitlərinin böyük hissəsinə görə mallar ölkəyə idxal edilmişdir, yalnız müəyyən məbləğdə vəsaitlərə görə alınan mallar ölkəyə vaxtında idxal edilməmişdir ki, bu da onların təqsiri səbəbindən baş verməmişdir. Belə ki, qarşı müəssisədə müəyyən gecikmələr olmuş, onlar malların idaxl edilməsi ilə bağlı bütün tədbirləri görmüşlər və həmin mallar qısa müddət ərzində ölkəyə idxal ediləcək. Həmçinin hər ehtimal üçün idxal olunmayan mallara görə ödənilmiş pul vəsaitlərinin qarşı müəssisədən tutulması üçün məhkəməyə müraciət etmişlər və bununla bağlı artıq müvafiq qətnamə də qəbul edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin dəlillərinə münasibətdə qeyd edir ki, nümayəndənin göstərdiyi hallar Şəxs MMC-nin törədilmiş inzibati xətaya münasibətdə təqsirini istisna edən hal kimi qəbul edilə bilməz. Belə ki, avans olaraq ölkə xaricinə köçürülmüş vəsait hesabına alınan malların (xidmət) ölkəyə idxal edilməsi və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılması üçün qanunvericlikldə 02 illik müddət müəyyən edilmişdir. İndiki halda bu müddət ərzində mallar ölkəyə idxal edilməmişdir, gələcəkdə isə idxal edilib-edilməyəcəyi dəqiq məlum olan hal deyil. Digər tərəfdən pul vəsaitinin qarşı müəssisədən tutulması ilə bağlı müvafiq qətnamə olsa da, həmin qətnamə qanuni qüvvəsini almamış və icrası təmin edilməmişdir. Nəzərə almaq lazımdır ki, qəbul edilmiş qətnamənin gələcəkdə icrasının təmin edilibedilməməsi məsələsi də iddiaçı tərəfin iradəsindən asılıdır. Onlar həmin qətnamənin icrasından da itənilən an imtina edə bilərlər. Yəni, qətnamənin gələcəkdə icrasının təmin edilib-edilməməsi məsələsi də hazırki halda dəqiq məlum olan hal deyil. Məhkəmə qeyd edir ki, indiki halda mallar iki illik müddət ötürülməklə ölkəyə idxal edilmiş olsa və ya pul vəsaitləri qaytarılmış olsa idi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqelərə uyğun olaraq gecikmələrin üzrlü səbəblərdən baş verməsi ilə məsələnin araşdırıması və müvafiq qiymət verilməsi mümkün olardı. Belə ki, həmin qərarda malların gətirilməsi və xidmətlərin göstərilməsinin barəsində icraat aparılan şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilməsi məsələsinin mümkünlüyü və həmin halların araşdırılıb qiymətləndirilməli olan hal olması qeyd edilmişdir. Konstitusiya Məhkəməsinin Plenum qərarında olan hüquqi mövqelərdən də göründüyü kimi burada malların gətirilməməsi və xidmətlərin göstərilməməsi məsələsi qeyd edilmir, malların gətirilməsi və ya xidmətlərin göstərilməsi hər bir halda təmin edilməlidir, yalnız gecikmə halları olduqda bunun səbəblərinin araşdırılmalı olması qeyd edilir. İndiki halda isə ölkə xaricinə avans olaraq köçürülmüş valyuta vəsaitlərinə görə mallar 02 il ərzində ölkəyə idaxl edilməmiş yaxud valyuta vəsaitinin qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bundan sonra, yəni iki illlik müddət keçdikdən sonra, əlavə 03 aya yaxın müddət keçsə də yenə də mallar ölkəyə idxal edilməmiş yaxud valyuta vəsaitinin qaytarılması təmin edilməmişdir. Gələcəkdə də malların ölkəyə idaxl edilib-edilməsi, yaxud valyuta vəsaitinin qaytarılmasının təmin edilib-edilməməsi qeyri-müəyyəndir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İş üzrə məsuliyyəti istisna edən və ya məsuliyyətdən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 140.928,93 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi miqdarında, yəni 28.186 (iyirmi səkkiz min yüz səksən altı) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bairbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-851/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-851/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver