Məhkəmə qərarları › İş №3(060)-857/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-857/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-857/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Mətin Kazımlının, İcra sənədi üzrə tələbkarın nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 41-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Mətin Kazımlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 09 aprel 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1484/2022 saylı və xx.xx.2021-ci il tarixli, 2(060)-8405/2021 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Mətin Kazımlı bildirmişdir ki, Sumqayıt şəhəri üzrə İcra idarəsinə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1484/2022 saylı və xx.xx.2021-ci il tarixli, 2(060)-8405/2021 saylı icra sənədləri daxil olmuşdur. Şəxs Unibank ASC-yə 8016.6 AZN və Bank of Baku ASC-yə 8801 azn borcu qalmışdır. Borclu İcra İdarəsinə dəvət edilmiş, qərar və bildirişlə tanış edilmiş, izahatı alınmışdır. Bank of Baku ASC-ə qismən ödəniş etmişdir. Borclunun əmək haqqına tutulmaların aparılmasına cəhd edilmiş, lakin sonuncunun hər dəfə işdən çıxması səbəbindən əmək haqqından tutulmalar baş tutmamışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmişdir. Borclu Unibank ASC-yə heç bir ödəniş etməmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra məmurunun bildirdikləri doğrudur. Öz təqsirini etiraf edir. İcra məmurunun çağırışına gəlməmək səbəbi bir müddət telefonunda problem yaranmış, çağırışlardan məlumatı olmamışdır. Hazırda heç yerdə işləmir. Protokolda qeyd edilən borc məbləğinə etiraz etmir. O, daxili bazarlarda satınalma üzrə araşdırması sahəsində işləyir. Bu həftənin sonunda ona bir şirkət tərəfindən 300 manat ödəniş ediləcək, onu tələbkara ödəyəcəkdir. İşlədiyi sahə üzrə şirkətlər tərəfindən iş müqabilində ona 600-900 manat arası ödəniş edilir. 2022-ci il tarixdən qərardan xəbərdardır. Bu ay ərzində torpaq satışı nəticəsində əldə edəcəyi 2000 manat pulu tələbkarlara ödəyəcəkdir. Məsuliyyətini dərk edir, borc məbləğindən boyun qaçırmır. Qeyd etdiyi ona ödənilməli olacaq pulları əldə edən kimi tələbkarlara ödəyəcəkdir. Ümumiyyətlə banklara olan borcunu il sonuna qədər ödəyəcəyini bildirir. Zərərçəkmiş şəxsin nümayəndəsi X4 izahatında bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin müvafiq qətnaməsi üzrə Şəxs Bank of Bank ASC-nin xeyrinə borc məbləğinin ödənilməsi qərara alınmışdır. İlk vaxtlar borclu ödənişlər etmiş, lakin daha sonradan ödənişlər etməməyə başlamışdır. Bir neçə dəfə borclu Bank of Bank ASC-ə dəvət edilərək profilaktik söhbətlər edilmiş, buna baxmayaraq Şəxs ödənişlər etməmişdir. Borclunun bildirdiyi 300 manat ödəniş etməsi ilə razı deyildir. Belə ki, borclu daha əvvəl də az məbləğdə ödənişlər edərək bundan sonra davamlı ödənişlər edəcəyini bildirmiş, lakin vədinə əməl etməmişdir.Şəxs şikayətçidir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin daimi iş yeri olmamasını, himayəsində az yaşlı övladının olmasını məhkəmədən qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1484/2022 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 8036 (səkkiz min otuz altı manat) əsas, 1269 (bir min iki yüz altmış doqquz) manat 45 (qırx beş) qəpik faiz, 12 (on İki) manat 96 (doxsan altı) qəpik cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 9318 (doqquz min üç yüz on səkkiz) manat 41 (qırx bir) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 113 (bir yüz on üç) manat 59 (əlli doqquz) qəpik məbləğində vəsait Unibank KB ASC-ə xeyrinə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 8405/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 9430,24 (doqquz min dörd yüz otuz manat iyirmi dörd qəpik) manat məbləğində əsas borc, 1101,73 (bir min yüz bir manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu. 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 10581,97 (on min beş yüz səksən bir manat doxsan yeddi qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq məbləğində vəsait "xxxx" ASC-ə xeyrinə ödənilməlidir. İş materiallarında olan bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1484/2022 saylı, xx.xx.2022-ci il tarixli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8405/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1484/2022 icra sənədi üzrə icraata başlanmışdır. Qərar və bildirişlə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-8405/2021 icra sənədi üzrə icraata başlanmışdır. Qərar və bildirişlə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Unibank KB ASCnin icra işləri üzrə şöbə müdiri Sərxan Əfəndiyev Sumqayıt şəhəri üzrə İcra idarəsinə ərizə ilə müraciət edərək Şəxs əmək haqqının 50% həcminə yönəldilməsi, nəticəsi barədə məlumatın onlara təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatından görünür ki, borclu Şəxs maddi imkanı olmamasına görə borcunu ödəmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli izahatından görünür ki, borclu Şəxs imkanı olduğu qədər ödəniş etdiyini, borcu tam bağlamağa imkanı çatmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatından görünür ki, borclu Şəxs imkanı olmamasına görə borcunu ödəmədiyini, həmin vaxtadək 1612 manat ödəniş etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-8405 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 742.84 manat məbləğində icra ödənişi tutulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs barəsində axtarış qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Bank of Baku ASC-dən əldə edilmiş arayışdan görünür ki, Şəxs banka 8800,97 AZN borcu qalmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs barəsində Sumqayıt şəhər İcra İdarəsinin icaatında xx.xx.2022-ci il tarixli, 2(060)-1484/2022 saylı və xx.xx.2021-ci il tarixli, 2(060)-8405/2021 saylı icra sənədləri mövcuddur. Qeyd edilən icra sənədləri üzrə icraata başlama haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Borclu icra sənədi üzrə borcunu üzrsüz səbəbdən icra etməmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni uzun müddət ərzində icra sənədləri üzrə ödəniş etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi yetkinlik yaşına çatmayan övladının olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 14:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar