Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-859/2025 09.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3204/2021 saylı, 3(060)-3320/2021 saylı, 3(060)-2552/2021 saylı, 3(060)-3218/2021 saylı, 3(060)- 2870/2023 saylı, 3(060)-2629/2022 saylı cəmi 6 iş üzrə 157147 manat inzibati cəriməni "xxxx" MMC-nin direktoru Şəxs üzrsüz səbəbdən ödəməkdən yayınmış, nəticədə, o, İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru İsayev Tural izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin yuxarıda qeyd edilən icra sənədləri üzrə ümumlikdə 157147 manat inzibati cəriməni "xxxx" MMC-nin direktoru Şəxs üzrsüz səbəbdən ödəməkdən yayınmışdır. Qeyd edir ki, müvafiq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək MMC-nin hüquqi ünvanına göndərilmişdir. Eyni zamanda qeyd edir ki, həmin qərarlardan bir üzrə Şəxs apelyasiya şikayəti versə də yuxarı instansiya məhkəməsi Sumqayıt şəhər məhkəməsinin qərarını dəyişdirmədən qüvvəsində saxlamışdır. Tərəfindən qanunamüvafiq mümkün icra tədbirləri edilsə də, tələbin icrasını təmin etmək mümkün olmamışdır. Borclu Şəxs qeyd edilən cərimələrdən bu günə kimi heç bir ödəniş etməmiş, axtarış nəticəsində İcra İdarəsinin çağırışları təmin edilmişdir. Protokolu müdafiə edir, şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş "xxxx" MMC-nin direktoru Şəxs özünü İXM-nin 528.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında bildirmişdir ki, o, həmin MMC-nin direktoru olmuşdur. Qərarlardan məlumatlı olmuş, lakin ödəniş etməyə maliyyə imkanı olmamışdır. Belə ki, müəyyən məhsulların əldə edilməsi üçün müxtəlif vaxtlarda xarici ölkələrdə yerləşən şirkətlərə pullar köçürülsə də, həmin mallar ölkəyə göndərilməmiş, vəsaitlər geri qaytarılmamışdır, bu səbəbdən məhkəmə tərəfindən şirkət inzibati qaydada cərimə edilmişdir. Hal-hazırda cərimə məbləğlərini ödəməyə imkanı yoxdur. Barəsində olan inzibati cərimələrin ödənilməsi üçün məhkəmədən ona zaman verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş Şəxs müdafiəçisi Vəkil məhkəmədən qərar qəbul edərkən şəxsin əməlindən peşman olması və himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınmasın xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(060)-3320/2021 saylı qərarına əsasən "xxxx" MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 8.909,60 ABŞ dolları məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(060)-2552/2021 saylı qərarına əsasən "xxxx" MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 40.000,00 ABŞ dolları məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(060)-3218/2021 saylı qərarına əsasən "xxxx" MMC İXM-NİN 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 2000 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixi 3(060)-2870/2023 saylı qərarına əsasən "xxxx" MMC İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinmişdir və 1500 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)-2629/2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 1500 manat məbləğində cərimə olunmuşdur. 08 fevral 2023-cü il tarixli “tələbin borclunun pul vəsaitlərinə yönəldilməsi haqqında” qərarına əsasən "xxxx" MMC -yə məxsus "xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC-nin bütün filialında olan bank hesablarına həbs qoyulmuş, lakin tələbin yönəldilə bilinəcəyi vəsait aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli Elektron İcra Sistemindən alınmış xx.xx.2025-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC-nin VÖEN-nin statusu aktivdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(060)-3204/2021 saylı qərarına əsasən "xxxx" MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş, 40000 ABŞ dolları məbləğində cərimə edilmişdir. Şəxs icra sənədləri müəyyən edilmiş tələbin icra edilməsi barədə xəbərdar olunmuş, qərarlar və könüllü icrası barədə bildirişlər ona təqdim edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Şəxs "xxxx" MMC-nin qanuni təmsilçisidir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, vəzifəli şəxs Şəxs tərəfindən Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3204/2021 saylı, 3(060)-3320/2021 saylı, 3(060)- 2552/2021 saylı, 3(060)-3218/2021 saylı, 3(060)-2870/2023 saylı və 3(060)-2629/2022 saylı icra vərəqələrinin icra edilməməsi üzrsüz səbəbdən olmuşdur. Belə ki, icra məmuru qanunla müəyyən edilmiuş mümkün icra tədbirlərini həyata keçirsə də, icra sənədlərinin icrasının təmin edilməsi mümkün olmamışdır. Onun Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır, sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və onun məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi Şəxs MMC-nin vəzifəli şəxsi kimi qanunla üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və ya lazımınca yerinə yetirməyərək qeyd edilən inzibati xətanı törətmişdir. Şəxs himayəsində iki azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və 1200 (bir min iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-859/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-859/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver