Məhkəmə qərarları › İş №3(060)-86/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-86/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-86/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 28 dekabr 2023-cü il tarixli, EP ******* saylı protokola dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən tərtib edilmiş 28 dekabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Şəxs MMC (VÖEN **********) tərəfindən Sumqayıt Gömrük İdarəsinə təqdim edilmiş **********1333 sorğu nömrəli gömrük bəyannaməsinin 3-cü vərəqində “diş məcunu, birdəfəlik diş məcunu” kimi bəyan olunan mallardan əlavə gömrük orqanına bəyan olunmayan 10 ədəd “Ruby CompNano-X2 X1”, 8 ədəd “Dent evo Acrylic Teeth”, 16 ədəd “Kuraray Noritake (Clearfil Tn-S X3)” və hər qutuda 200 ədəd olmaqla 5 ədəd qutuda 1000 ədəd “Prophylaxis Paste” markalı diş üçün ləvazimatlar aşkar olunmuşdur. Buna görə də Şəxs MMC Azərbaycan Respublikası İXMnin 482.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasında təmsil edilmədiyindən, məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan gömrük bəyannaməsindən görünür ki, “Şəxs” MMC-nin ünvanına Türkiyə Respublikasında 10 ədəd “Ruby CompNano-X2 X1”, 8 ədəd “Dent evo Acrylic Teeth”, 16 ədəd “Kuraray Noritake (Clearfil Tn-S X3)” və hər qutuda 200 ədəd olmaqla 5 ədəd qutuda 1000 ədəd “Prophylaxis Paste” markalı diş üçün ləvazimatlar yükü daxil olmuş, lakin gömrük bəyannaməsində qeyd olunan mallar öz əksini tapmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9376 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələrə əsasən 23 adda malların xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 34586,00 manat müəyyən edilir. Həmin rəyə əsasən müəyyən edilir ki, AZGLOBAL-2020» MMC tərəfindən gömrük bəyannaməsinə daxil edilməyən 4 adda diş ləvazimatlarının ümumilikdə orta bazar dəyəri 3340 manat təşkil edir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 3340 manat təşkil edir. Ona görə də, Şəxs MMC-yə həmin məbləğin altmış faizi məbləğində, yəni 2004 manat məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 60 (altmış) faizi məbləğində, yəni 2004 (iki min dörd) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar