Məhkəmə qərarları › İş №3(060)-860/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-860/2022

04.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-860/2022 04.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 qəsəbəsi, Dəmiryol kənarı fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 564-cü maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 564cü maddələri ilə (bundan sonra mətndə İXM-nin) 04 aprel 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 09.03.2022-ci il tarixdə Şəxs bilərək yalandan ixtisaslaşdırılmış xidmətləri çağırmışdır və eyni zamanda xırda xuliqanlıq etmişdir. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 04 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X6 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, ci 09.03.2022-ci il tarixdəə, saat 20:03 radələrində 102 qaynar xəttinə zəng edib məlumat vermiş, həmçinin həmin gün ərizə ilə Sumqayıt şəhər Pl-nin 2-ci PB-nə müraciət etmiş, belə ki, X4 ilə 2007ci ildə rəsmi nigaha girərək ailə həyatı qurmuş, birgə nigahlarından bir oğlu dünyaya gəlmiş, lakin ailə münasibətləri düz gəlmədiyi üçün 2021- ildə rəsmi olaraq nigahlarını pozmuş, buna baxmayaraq həyat yoldaşı və onu valideyinləri ilə eyni ünvanda yaşamaq məcburiyyətində qalmışdır. Əvvəllər ancaq keçmiş əri il orada yaşamış, lakin 2-3 aydır ki, qaynatası və qaynanasının da orada yaşamağa başlamış, o məhkəməyə ev iddiası ilə müraciət etmiş və məhkəmə ona həmin evdə yaşamaq hüquq vermiş, buna baxmayaraq qaynatasının onu evdən çıxarması üçün məhkəməyə müraciət etmiş, bu səbəbdən də məhkəmənin son qərarı olanadək başqa ünvanda yaşamasını bildirmiş, onun isə başqa ünvanda qalacaq yeri olmadığını qeyd etmişdir. Beləliklə də tez-tez aralarında mübahisələri olur, həttda bir neçə dəfə 2-ci PB-nə ərizə ilə müraciət etmiş, 09.03.2022-ci il tarixdə, saat 19:45 radələrində işdən çıxıb evə gəlmiş və uşağın dərslərini hazıraşdırarkən qaynatası Şahmuradın evə daxil olaraq onu görəndə əsəbləşdiyini bildirərək onu evdən qovaraq başqa otağa keçməsini bildirmiş, o, isə başqa otağa keçməmiş və uşağının dərslərini hazırladığını demiş, buna görə də aralarında mübahisə düşmüş və əsəbləşərək əlində olan özünə məxsus stəkanı yerə çırpıb sındırmış ayağa qalxdıqda isə otaqda olan jurnalnı stul ayağına ilişərək bir ayağı sınmış, bundan sonra o əsəbləşib 102 qaynar xəttinə zəng edib məlumat vermişdir. Bu zaman keçmiş qaynatasının üstünə gələrək ona əl-qol atıb onu təhqir etdiyini, lakin onu döyməmiş və ona heç bir xəsarət yetirməmiş, onu döyəcəyindən qorxduğu üçün 102 qaynar xəttinə onu döyməsi barədə məlumat verdiyini bildirmiş, əsil həqiqətdə isə heç kimin onu döyməmiş, qaynatasının onu söyüb təhqir edən vaxt az yaşlı oğlunun və qonşusu Aygünün də orada olduğunu bildirmişdir. Qeyd olunan inzibati xəta ilə bağlı onun heç bir əlaqəsinin olmdığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, keçmiş gəlini Şəxs 09.03.2022-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası DİNnin 102 qaynar xəttinə və Sumqaıt ŞPİ-nin 2-ci PB-nə ünvanladığı şikayət ərizəsinin məzmunu ilə tanış olmuş, gəlini Ayselin 2007-ci ildə oğlu X4 ilə ailə həyatı qurduğunu və birgə nigahlarından 2008-ci il təvəllüdlü oğlu X7 dünyaya gəldiyini bildirmiş, lakin Aysel nə ailəsi, nə də ki, onlarla yola getmədiyi üçün bir il əvvəl onların xəbərləri olmadan məhkəmə yolu ilə rəsmi qaydada nigahlarını pozmuş, nigahları pozulduqdan bir müddət sonra oğlu ilə birlikdə anası evinə getmiş və orada yaşamış, lakin buna baxmayaraq ara-sıra evə gəldiyini və hər dəfə gələndə evdə münaqişə yaradaraq onları narahat etdiyini, həmçinin onları qabaqlamaq üçün polisə şikayət etdiyini bildirmiş, 09.03.2022-ci il tarixdə, təxminən saat 19:00 radələrində işdən çıxıb evə gəlmiş, təxminən 19:20 radələrində qonaq otağında qardaşının gəlini Aygünlə birlikdə televizora baxarkən keçmiş gəlini Aysel oğlu ilə birlikdə evə girmiş, Aysel mətbəxdə içərisi boş vəziyyətdə olan soyuducunu elektrikə taxarkən həyat yoldaşı Nənəxanım ona irad tutaraq boş soyuducunu nə üçün elektrikə taxırsan işıq pul yazır demiş, Aysel isə yaxşı etdiyini və oğlu Muradın canı çıxacaq işıq pulunu ödəyəcəkdir demiş, daha sonra Aysel o, olan otağa gəlmiş guya uşağına dərs öyrədir kimi davranaraq səs-küy çıxartmağa başladıqda o, Aysellə danışmadığı üçün ona demək istədiyi sözü ortalığa deyərək işdən gəldiyini, uşağı öz otğında hazırlaşdırmasını demiş, onun bu sözümdən sonra Aysel qışqıraraq bu evin ona məxsus olduğunu istədiyi yerdə olacağını bildirərək pəncərənin qarşısında olan fincanı götürərək masaya çırpıb sındırmış, daha sonra jurnalnı masanı aşırdıb bir ayağını sındırmış,bundan sonra isə guya onu döyməyi barədə 102 qaynar xəttinə zəng edib yalan məlumat vermiş, Aysel qardaşının gəlini Aygünün yanında oneun ünvanına təhqiramiz söyüşlər edərək təhqir etmiş, Ayseli döymədiyini və onun ünvanına heç bir nalayiq söz işlətmədiyini bildirmiş, sadəcə olaraq evin ona məxsus olduğunu və məhkəmə qərarı ilə nə vaxt ona evdə yaşamaq hüququ veriləcəksə onda gələ biləcəyini deyib evindən çıxıb getməsini bildirmiş, məhkəmə qərarı ilə Ayselin onun evində yaşama hüququnun olması göstərilməmiş və hal-hazırda məhkəmə çəkiməsi getdiyini və növbəti məhkmə iclasınıne aprel ayının 1-də olacağını biidirmiş, Ayselin onu təhqir edərək evdəki əşyaları sındırdığına görə bir başa evdən çıxaraq 2-ci PB-nə gələrək bölmə rəisinin qəbulunda olmuş və baş verənləri ona izah etmiş, əgər məhkəmə qərar verərsə Ayseli öz evinə qəbul edəcəyini, əks halda onun evində yaşamasına icazə verməyəcəyini bildirmişdir. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin protokol üzrə icraata xitam verilməli və İXM-nin 564-cü maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı materiallar isə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.9, 428.10, 429.0.5, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 477-2.2, 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602- 1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 602-2, 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Görünüdüyü kimi, inzibati xəta haqqında protokolda qeyd olunmuş İXM-nin 564-cü maddəsinə dair inzibati xəta üzrə işlərə Rayon (şəhər) məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-nin 564-cü maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı materiallar Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılmalıdır. İş materillarında olan 12 mart 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, vət. Şəxs Azərbaycan Respublikası DİN-nin “102” Zəng Xidməti Mərkəzi Sisteminə etdiyi telefon zəngi əsasında toplanmış 09.03.2022-ci il tarixli, 1NK/237 saylı yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Həmin qərarda qeyd olunmuşdur ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Lakin iş materillarından görünür ki, Şəxs tərəfindən cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xətanın yaranmasına əsas vətəndaş Şəxs ilə onun keçmiş qaynatası arasında məişət zəmnində yaranmış mübahisələr olmuşdur. Məhkəmə hesab edir ki, bu cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması kimi qəymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs sözügedən inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən və onun həqiqətən inzibati xətanı törətməsinə dair Məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxsin təqsirli bilinməsinə dair məhkəmə qərarı ehtimallara əsaslana bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə geri qaytarılsın. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. (№ AZ 09AİİB******************** VÖEN: **********) Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar