Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-861/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs Redko Anatoliinin müdafiəçisi, Bakı Şəhər 13 saylı Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilmiş səlahiyyətli orqan: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 10.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Redko Anatoliinin müdafiəçisi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 10.02.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə Redko Anatoliinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Qeyd edilən qərardan narazı qalan Redko Anatoliinin müdafiəçisi Vəkil şikayətlə məhkəməyə müraciət edərək Ukrayna vətəndaşı GA 016213 nömrəli pasportun sahibi Redko Anatolii barəsində Miqrasiya Nəzarəti Baş İdarəsinin şöbə rəisi X3 tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edərək inzibati xəta haqqına iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Redko Anatoliinin müdafiəçisi Vəkil şikayəti onunla əsaslandırdı ki, Moldova Respublikasının vətəndaşı, iş adamı cənab Cecan Filip Azərbaycan Respublikası ərazisində yerləşən biznes fəaliyyətinə sərmayə qoymaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə danışıqlar aparmaqdadır. Qeyd edilən danışıqlar mis istehsalı zavodunun alınması və həmin zavoda sərmayə qoyularaq işlədilməsindən ibarətdir. Cənab Cecan gələcəkdə həmin zavodda işləmək üçün iş təklifi göndərdiyi ukraynalı mütəxssisləri hazırki mərhələdə Zavodun alış qiymətinin və qoyulacaq sərmayənin hesablanması məqsədi ilə Bakı şəhərinə dəvət etmişdir. Bu mütəxəssislər: Kuripko Oleh, Kurtiev Stepan, Laptiev Yurii və Redko Anatolii olmuşlar. Göstərilən mütəxəssislər Azərbaycan Respublikası ərazisinə 18 yanvar 2022-ci il tarixdə gəlmiş və gəldikdən sonra Azərbaycan Respublikası ərazisində 05 fevral 2022-ci il tarixə qədə COVİD-19 virusundan evdə, özünütəcrid şəraitində müalicə olunmuşlar. 09 fevral 2022-ci il tarixdə adları yuxarıda göstərilən mütəxəssislər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinə dəvət edilmişlər. Mütəxəssislərdən 3 nəfərə təzyiq altında guya "xxxx" MMC-də əmək fəaliyyəi ilə məşğul olması barədə izahat almışlar. Laptev Yurii isə təzyiqlərə baxmayaraq Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmadığını bildirmiş və tələb edilən formada izahat yazmaqdan imtina etmişdir. Daha sonra mütəxəssislər Kürdəxanı qəsəbəsində yerləşən qanunsuz miqrantların saxlanılması mərkəzinə yerləşdirilmişlər. 10 fevral 2022-ci il tarixdə 13 saylı Vəkil Bürosu ilə müqavilə bağlanmış və o qeyd edilən şəxslərin müdafiəçisi təyin edilmiş və müvafiq orderlər götürülmüşdür. Barəsində inzibati tənbeh tətbiq dilən şəxsin vəkili qismində Kürdəxanı qəsəbəsində yeləşən qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan şəxslərlə görüş zamanı saxlanılan şəxslər bildirmişlər ki, onlar saxlanılarkən onlardan təzyiq altında izahat alınmış, izahatlarında Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olduqları yazdırılmışdır. Saxlanılan şəxslər bildirmişlər ki, “əgər izahatı deyilən formada yazmasalar, onlara azadlıqdan məhrumetmə cəzası veriləcək. Əgər izahatlar yazılmış olsa, 3 saat ərzində Ukraynaya geri göndəriləcəklər.” Həmçinin qeyd etmək lazımdır ki, izahatı yazarkən guya işlədikləri iş yerinin olduğu yeri də göstərməyi tələb etsələr də, saxlanılan şəxslər işləmədikləri üçün həmin yerin yerləşdiyi ərazini qeyd edə bilməmişlər. Saxlanılan şəxslərin vəkili olaraq 10 fevral 2022-ci il tarixdə saat 12 radələrində Miqrasiya Nəzarəti Baş İdarəsinə yaxınlaşmış və şöbə rəisi Emin Həsənovla görüşmək istəsə də, nahardan sonra görüşə biləcəyini bildirmişdir. Nahardan sonra E.Həsənovla görüşüb Redko Anatolii, Kurtiev Stepan, Laptiev Yurii və Redko Anatoliinin müdafiəçisi olduğunu bildirmişdir. Orderlərin surətlərini təqdim edib inzibati işə onu vəkil qismində cəlb etməsini xahiş etmişdir. E.Həsənov bu barədə idarə rəisindən icazə almalı olduğunu bildirmiş və rəislə danışdıqdan sonra onu vəkil kimi inzibati işə cəlb etməkdən imtina etmişdir. Belə olan halda rəsmi ərizə yazaraq orderlərin surətini Miqrasiya Nəzarət Baş İdarəsinə təqdim etmək istəmişdir. Miqrasiya Nəzarət Baş İdarəsi ərizəni və orderləri qəbul etməkdən imtina etmişdir. Məcbur olub həmin ərizəni orderlə birlikdə Miqrasiya Xidmətinə təqdim etmişdir. Bütün səylərinə baxmayaraq vəkil qismində müdafiəçi kimi işə cəlb edilməyə nail ola bilməmişdir. Qərarların surətlərinin təqdim edilməsini israrla tələb etməyinə baxmayaraq qərarların surətləri ona təqdim edilməmişdir. Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən Redko Anatolii iş başında tutulmayıb, onun işləməsi ilə bağlı heç bir sübut yoxdur. Redko Anatolii inzibati orqan tərəfindən Miqrasiya Xidmətinin inzibati binasına dəvət edilib və inzibati binada təzyiq altında ondan izahat verilməsi tələb edilib. Göründüyü kimi qanunvericiliyin tələb etdiyi əsaslardan heç biri olmadığı halda inzibati xəta haqqında iş başlana bilməzdi. Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən izahat alarkən ona müdafiəçinin xidmətlərindən istifadə etmək üçün imkan yaradılmamış, müdafiəçinin iştirakı olmadan hədə-qorxu ilə izahat yazmağa məcbur etmişlər. Barəsində iş üzrə icraat aparılan şəxsi Azərbaycan Respublikasına dəvət edən şəxs tərəfindən vəkil tutulduqdan sonra isə vəkilin təkidlə israr etməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə icraata buraxılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərar 13 fevral 2022-ci il tarixdə hava limanında təqdim edilmişdir. Protokolda imza etməsi və ya imza etməkdən imtina etməsinin səbəbləri barədə protokola qeyd etməsi üçün imkan yaradılmamış və bununla da İXM-nin 100.4-cü maddəsinin tələbləri pozulmuşdur. Yuxarıda da qeyd edildiyi kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası ərazisində hər hansı əmək fəaliyyəti ilə məşğul olması barədə heç bir sübut mövcud deyil. İnzibati xəta haqqında protokol və qərar yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən hədə-qorxu ilə alınan izahat əsasında verilmişdir. Bundan başqa barəsində inzabati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilən inzibati tənbeh də ədalətli olmamış, ağır olmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini xahiş etdi və bildirdi ki, inzibati xətanın törədilməsi Redko Anatoliinin izahatı ilə təsdiq edilmişdir, onun fikrincə bu kifayətdir və bu işlərlə bağlı təcrübə də belədir. Bununla bağlı "xxxx" MMC-də başqa araşdırma aparılmamış, sübutlar toplanmamışdır, çünki sahibkarlıq subyektlərində yoxlama aparılması qadağandır. Araşdırma zamanı Redko Anatoliiyə müdafiəçi təqdim edilməmişdir, çünki müdafiəçinin iştirakı məcburi olmamışdır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Məhkəmə tərəfindən Redko Anatoliinin müdafiəçisi Vəkil şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10.02.2022-ci il tarixli, MN ******* saylı qərarı ilə iş icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə Redko Anatoliinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilməklə 60 gün ərzində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Redko Anatolii Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verdiyi izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikasına ilk dəfə 05.06.2021-ci il tarixdə gəlmişdir. Onu "xxxx" MMC şirkəti dəvət etmiş, həmin şirkətdə o mühəndis-mütəxəssis vəzifəsində işləyir, iş qrafiki hələ ki qeyri-stabildir. İş yeri Sumqayıt şəhərində yerləşir. Zəruruət yarandığı hallarda sobanı təmiri işlərinin aparılmasında köməklik edir. Tələbatlarını (yemək, qalmaq v s. xərcləri) "xxxx" MMC ödəyir, hər ay ona 100 dollar əmək haqqı ödənilir, onunla həmçinin 3 nəfər ukraynalı işləyir. Azərbaycanda miqrasiya qanunvericiliyini bir daha pozmayacaq və bir ay müddətində iş fəaliyyətini rəsmiləşdirəcəkdir. Məhkəmə iş materiallarını hər tərəfli araşdırıb, proses iştirakçılarını məhkəmə iclasında verdikləri izahatı və Redko Anatoliinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verdiyi izahatı nəzərə alıb hesab edir ki, Redko Anatolii tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Nəzarəti Baş İdarəsinin 10.02.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Redko Anatoliinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinməsi qanunauyğun və əsaslı olmuşdur. Lakin məhkəmə hesab edir ki, Redko Anatoliiyə tətbiq edilmiş inzibati tənbeh Azərbaycan Respublikası İXM-nin 31 və 32-ci maddələrinin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsinə əsasən iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31– 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, X2 Miqrasiya Xidməti tərəfindən şəxsiyyətinə uyğun olmayan, törətdiyi inzibati xətaya adekvat olmayan daha ağır inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə tərəfindən Redko Anatoliinin Azərbaycan Respublikasında digər qanunsuz fəaliyyət göstərməsi və cinayət törətməsi barədə məhkəməyə məlumat təqdim edilməmişdir. Beləliklə, məhkəmə Redko Anatoliinin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Redko Anatoliinin müdafiəçisi Vəkil şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Ukrayna Respublikasının vətəndaşı Redko Anatolii barəsində İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 10.02.2022-ci il tarixli, MN ******* saylı qərar şəxsin inzibati qaydada ölkədən kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması hissəsində dəyişdirilməli və Redko Anatolii Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 48, 134.1.3, 135.1.5-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Redko Anatoliinin müdafiəçisi Vəkil şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Ukrayna Respublikasının vətəndaşı Redko Anatolii barəsində İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair qəbul edilmiş 10.02.2022-ci il tarixli, MN ******* saylı qərar şəxsin inzibati qaydada ölkədən kənara çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması hissəsində dəyişdirilsin və Redko Anatolii Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №3(060)-861/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-861/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver