Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-866/2025 23.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsinin inzibati xəta haqqında iş üzrə 15 dekabr 2020-ci il tarixli TP ******* №li qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində qəbul olunmuş TP ******* saylı, 15 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, xx.xx.2024-cü ildə MYGOV portalında ona aid 200 Azn cərimənin olduğunu görmüş, cəriməyə daxil olduqda ona xx.xx.2020-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən İXP3674449 nömrəli inzibati protokol tərtib edilmişdir. Protokolla görə həmin tarixdə Abşeron, Ziya Bünyadov(Saray) küçəsində karantin rejimi dövründə ölkə ərazisində tətbiq edilmiş müvafiq qaydalara riayət etmədiyim üçün mənə protokol yazıldığı qeyd edilmişdir. Bildirir ki, o, həmin dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyində çalışmış və hal-hazırda həmin qurumda vəzifəsini yerinə yetirir. Ölkə ərazisində tətbiq edilmiş karantin dövründə onlara Nazirlik tərəfindən portal verilmişdir və o portala uyğun olaraq Azərbaycan Respublikası ərazisində rahat olaraq maneəsiz hərəkət etmək səlahiyyəti olmuşdur. Karantin dövrü ərzində müxtəlif ərazilərdə karantin postları olmuşdur ki, o postlardan keçərkən vətəndaşların icazələrinin olub-olmaması yoxlanılmışdır. Əgər ona inzibati protokol tərtib olunubsa niyə sms xəbərdarlığı və yaxud yaşadığı ünvana protokolla tanış olduğu günə kimi bu 4 ildə heç bir bildiriş gəlməmişdir. Çünki, o, bu dövrdə 2 dəfə şəxsiyyətini təsdiq edən sənəd, bir dəfədə ümumi vətəndaş pasportunu dəyişdirmiş və yenədə bu haqda məlumat verilməmişdir. Protokolun surətini almaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Sumqayıt şəhər Polis İdarəsinə məktub göndərmiş və 58-6/2-M-7287 nömrəli məktubu xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq işə obyektiv baxılması, barəsində tərtib edilən xx.xx.2020 tarixli İXP3674449 nömrəli inzibati qərarın ləğv edilməsi və açılan inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 şikayətinə uyğun izahat verərək məhkəmədən TP ******* №li, 15 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırkı işə Sumqayıt şəhər polis idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X3 barəsində 15 dekabr 2020-ci il tarixdə TP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 15 dekabr 2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X3 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. İş materialında olan Sosial Xidmətlər Agentliyi X6 ilə bağlanmış iş yerinə dair arayışdan görünür ki, X3 ilə X8 arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu həmin tarixdən etibarən Abşeron-Xızı regional filialı üzrə böyük mütəxəssis vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinin bitmə tarixi xx.xx.2025-ci il olması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından görünür ki, həmin qərara əsasən 2020-ci il 14 dekabr saat 00:00dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Lakin bir sıra şəxslərin xidməti vəsiqə əsasında hərəkət etmələrinə yol verilmişdir. Həmin şəxslərə qərarın 2.2.2-ci maddəsində sadalanan, “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan X8lərin və digər müəssisələrin əməkdaşları (2 nömrəli əlavə) şamil edilmişdir. 2 nömrəli əlavənin 71-ci bəndində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrinin əməkdaşları qeyd edilmişdir. Lakin Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən X3 barəsində 15 dekabr 2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X3 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılmadan X3 inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər polis idarəsinin X3 barəsindəki TP ******* №li 15 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X1 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 əməlində inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilsin, Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X2 X3 barəsindəki TP ******* №li 15 dekabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-866/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-866/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver