Məhkəmə qərarları › İş №3(060)-867/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-867/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-867/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, İcra sənədi üzrə tələbkar X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sumqayıt Şəhəri, X11 Qəsəbəsi, K.Kərimov Küçəsi, Ev 17, Mənzil 29 da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1159/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda 3281 (üç min iki yüz səksən bir) manat ödənilməyən borc qalmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1159/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X13 oğlu və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Heybətova (Əmiraslanova) Esmira Fətulla qızına ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2015-ci il təvəllüdlü X7 aid hissədə xx.xx.2023-cü il tarixdən, xx.xx.2010-cu il təvəllüdlü X13 oğluna aid hissədə isə qeyd edilən uşaq cavabdehdən alınaraq iddiaçıya verildiyi tarixdən hesablanmalıdır. Qeyd edilən icra sənədi xx.xx.2023cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, qərar və bildirişlə borclu tanış edilmişdir. Daha sonra MAQNO-MET MMC-də işləməsi ilə bağlı borclunun əmək haqqından tutulmalar aparılmış, lakin xx.xx.2024-cü il tarixdə borclu işdən azad edilmişdir. Hazırda borclunun 3281 manat ödənilməmiş borcu yaranmışdır. Həmçinin borclunun sonuncu iş yeri olan İNAM 2019 MMC-ə əmək haqqından tutulmalar aparılması ilə bağlı müraciət edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, icra məmurunun qeyd etdiyi borc məbləği ilə razı deyil. Belə ki, övladları onunla birlikdə yaşamışdır. Hər ay 200-250 manat miqdarında əmək haqqından tutulmalar aparılaraq tələbkara ödəniş edilmişdir. Həmin işdən çıxmışdır. Bir neçə ay işsiz qalmışdır. Hazırda İnam 2019 MMC-də işləyir, lakin iş müvəqqəti olaraq may ayının 01-dək dayandırılmışdır. O, işləməsə belə ailə üzvlərinin hesabına həmişə ödəniş etmişdir. Sonuncu dəfə fevral ayında 200 manat və mart ayında 200 manat ödəniş etmişdir. Ailə üzvləri uşağın hazırlıq pullarını ödəmişlər. MAQNO-MET MMC-dən 2024-cü ilin sentyabr ayında işdən çıxmış, daha sonra isə kart hesabına ödənişlər etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onlar məhkəmə qaydasında boşansalar belə birlikdə yaşamışlar. Dəqiq olaraq 2023-cü ilin dekabr ayına kimi birlikdə yaşamışlar. O, ödənişlərini lazımı qayda da etmişdir. O, X3 əlbəəl də ödənişlər etmişdir. Hazırda övladlarından biri hələ də onunla birlikdə yaşayır. Ödəniş etməkdən boyun qaçırmır. O, hər ay 200 manat ödəniş edəcəkdir, əgər imkanı olsa daha artıq məbləğdə ödənişlər edəcəkdir. Müdafiəçinin çıxışı ilə razıdır. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahatında bildirmişdir ki, borclunun qohumları ona az miqdarda ödənişlər etmiş, lakin həmin ödənişlər aliment ilə bağlı olmamışdır. O, 2023-cü ilin mart ayından 2024-cü yanvar ayınadək övladlarını borclunun yanında qoyub valideynlərinin evinə getmişdir. Şəxs onunla birlikdə yaşadığı dövrdə də heç bir yardım etməmişdir. Borclunun hazırda 3281 manat borcu vardır. E.Əmiraslanova əlavə olaraq bildirdi ki, hazırda maddi imkanı zəifdir, övladı hazırlığa gedir, onun xərclərini ödəyə bilmir. Borcludan şikayətçidir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin barəsində tərtib edilən protokolla razı deyil. Belə ki, borclu 2024-cü ilin sonunadək əmək haqqından tutulmalar edilmişdir. İcra məmuru tərəfindən borc məbləği ilə bağlı dəqiq araşdırma aparılmamışdır. Hesab edir ki, borclunun əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1159/2023 saylı, xx.xx.2023-cü tarixli icra sənədindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X13 oğlu və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün J93 manat olmaqla, ümumilikdə hər ay üçün 386 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Heybətova (Əmiraslanova) Esmira Fətulla qızına ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2015-ci il təvəllüdlü X7 aid hissədə xx.xx.2023-cü il tarixdən, xx.xx.2010-cu il təvəllüdlü X13 oğluna aid hissədə isə qeyd edilən uşaq cavabdehdən alınaraq iddiaçıya verildiyi tarixdən hesablanmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1159/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “tələbin könüllü ödənilməsi haqqında bildirişdən” görünür ki, borclu Şəxs xx.xx.2023-cü il tarixdə bildirişlə tanış edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-126/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, borclu Şəxs əmək haqqından 1930 manat aliment borcu ödənilənədək hər ay 70% tutulub və borc ödənildikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Heybətova (Əmiraslanova) Esmira Fətulla qızının hesabına köçürülməsi xahiş olunmuşdur.. İş materiallarına olan "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-l159/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs əmək haqqından hər ay 386 manat tutulub tələbkar Heybətova (Əmiraslanova) Esmira Fətulla qızının hesabına köçürülməsinə dair məktubla sizə müraciət olunmuşdur. Növbəti tutulmanın 50% olmaqla aparılması Sizdən xahiş olunmuşdur. İş materiallarına olan MAQNO-MET" MMC-yə məxsus xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, borclu Şəxs xx.xx.2024-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İş materiallarına olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X4 borclunun inzibati məsuliyyətə cəlb olunmasını, hazırda aliment borcunun 3281 manat təşkil etdiyini bildirmişdir. İş materiallarına olan Şəxs izahatından görünür ki, borclu işlərinin müvəqqəti dayanması səbəbindən işləmədiyini və bu səbəbdən aliment borcunu ödəmədəyini bildirmişdir. Tələbkar tərəfindən təqdim olunmuş Kapital Bankın ödəniş kartı üzrə çıxarışından məlum olur ki, borclu tərəfindən vaxtaşırı ödənişlər həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmurunun, tələbkarın, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdirilməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Bundan başqa Şəxs inzibati xəta haqqında protokolda qeyd olunan 3281 manat aliment borcunun olması faktı təsdiqini tapmır. Protokol tərtib olunarkən aliment borcunun hesablanması düzgün həyata keçirilməmiş, tələbkar və borclunun bildirdikləri nəzərə alınmamışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X9 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar