Məhkəmə qərarları › İş №3(060)-871/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-871/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-871/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Masallı rayonu, Həsənli kəndində ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 76-cı məhəllə fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyməsi ilə əlaqədar Şəxs barəsində İXM 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş 5-ci PBnin sahə rəisi Eldar Abdullayev tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı xəsarətlər yetirildildiyi üçün hər iki şəxs barəsində İXM-nin eyni maddəsi ilə ayrı-ayrı protokollar tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilməyərək göstərdi ki, təxminən bir ildir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yaşayan X2 tanyır, iki ay müddətində Eşqinlə qeyri-rəsmi münasibətləri olmuş, lakin son 8 aydır ki, Eşqinlə heç bir münasibətiləri yoxdur. Hər dəfə Eşqin həyat yoldaşı Zərərçəkmiş şəxsyla mübahisə etdikdə, Türkanın anası yaşadığı ünvana gələrək onunla mübahisələr etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 00:30 radələrində kirayədə yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evində olan zaman həyətin giriş qapısının bərk döyüldüyünü eşitmiş və ev sahibi Hüsü qapını açmışdır. Həmin vaxt qapını döyən şəxsin ev sahibindən onu şoruşduğunu eşitmiş, qapını açanda həmin şəxsin Eşqinin arvadı Türkan olduğunu bilmişdir. Türkan onu görən kimi nalayiq söyüşlərlə onu söymüş, üzərinə hücum çəkərək saçını dartıb, sifətini və qollarını cırmaqlamağa başlamışdır. O, da həmin vaxt özünü müdafiə etmişdir. Onlar dava dalaş zamanı döşəməyə yıxılmış, döşəmədə süpürləşmişlər, övladı onların dalaşdığını görüb ağladıqda özünü ələ bilməmişdir. Hadisə vaxtı ev sahibi Hüsü və arvadı Günay onları aralamışlar. Əməlində peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2012-ci ildə o, X3 ilə ailə həyatı qurmuş və birgə nikahdan 3 övladları var. Ailə həyatı qurandan Eşqinlə münasibətləri yaxşı olmuş, lakin son bir ildir ki, Eşqin Sumqayıt şəhəri, 76-cı məhəllədə yaşayan Gülnarə adlı qadınla qeyri-rəsmi olaraq münasibətdə olduğundan aralarında mütəmade olaraq söz-söhbətlər yaranmağa başlamışdır. Qeyd edir ki, Eşqin yaşadıqları evdə videozənglə daima Gülnara ilə danışmışdır. O, Gülnarəni əxlaqsız qadın adlandıraraq, Eşqindən nə üçün onunla danışdığını soruşduqda, Gülnarə də onun azyaşlı qızını əxlaqsız adlandırdırmışdır. Buna görə də yaşadığı evdən çıxıb, xx.xx.2025-ci il tarixdə saat 00:30 radələrində Gülnarənin yaşadığı, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi yaşayış evinə getmişdir. Gülnarə həmin ünvanda kirayədə yaşamış, həyətin qapısını tanımadığı ev sahibəsi açmışdır. Ondan Gülnarənin burada yaşadığını soruşduqda, Gülnarənin qaldığı otağı ona göstərmiş, o, Gülnarənin qaldığı otağın qapısını döymüş və Gülnarə qapını açan kimi onu görüb, saçlarından tutub dartmağa başlamışdır. Gülnarə saçından tutub onu yerə yıxmış və alnını, başını yerə vuraraq onu döymüşdür. O də əllərilə onun sifətindən və qollarından tutaraq cırmaqlamışdır. Gülnarə də əlləri ilə sifətindən cırmaqlayıb, sağ əlinin işarə barmağını dişləmiş, həmçinin taxta parçası ilə sol qolundan və kürəyindən vurmağa başlamışdır. Bu vaxt ev sahibəsi və onun həyat yoldaşı onları ayırmağa başlamışlar. Daha sonra Gülnara ilə sözlə, mübahisə etmiş və o oradan çıxaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gələrək ərizə ilə müraciət etmişdir. O, Şəxs şikayətçidir, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs və Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. MTE və PA X5 Şəxsindən daxil olmuş 325 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol gicgah nahiyyəsinin, alnın sol yarısının şişkinliyi-hematoması, sağ kürəkaltı nahiyyənin, sol bazunun, sol saidin qançırı, alnın, sol əlin, sağ mil-bilək oynağının sıyrıqlar. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə, taxta ilə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərervurmayan xəsarətlərə aid olduğundan dərəcəsi teyin edilmir. Məhkəmə Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən boyun qaçırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədilə bu məzmunda izahat vermişdir. Verdiyi izahat özünü müdafiə xarakteri daşıyır. Belə ki, Gülnarə Qasımovanın təqsirli olması barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin dolayısı ilə etirafedici izahatı, zərəçəkmiş şəxsin izahatı və digər iş materialları ilə tam təsdiq edilir. Bu səbəbdən Şəxs həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, şikayətçidir, barışmaq istəmir. Məhkəmə Şəxs himayəsində xx.xx.2019-cü il təvəllüdlü Məhruzə Məmmədzadə adlı bir azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş sahə rəisi Eldar Abdullayev ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Seyfi qızı barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, himayəsində bir azyaşlı övladının olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar