Məhkəmə qərarları › İş №3(060)-872/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-872/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-872/2023 06.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Gündüz Aslanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, X1 iştirakı ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32, m 17-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivi, məhəllə 2, ev 664-də yaşayan (xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Gündüz Aslanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə görə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3168 nömrəli tarixli icra sənədinə əsasən borclu Şəxs 10700 manat aliment borcunun ödənilməsi barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Gündüz Aslanov bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3168/2019 saylı, 12 iyul 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X3 xeyrinə 24 iyun 2012-ci il təvəllüdlü X7 və 12 yanvar 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilməmişdir. Bundan başqa borclunun 6000 manat aliment borcu olan zaman barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış, məhkəmə dövründə 4000 manat borcundan ödəniş etmişdir. Borclu hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkir. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü alimentin vaxtında ödənilməməsində təqsirli bilir, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3168/2019 saylı icra sənədinə əsasən onun tələbkara 10700 manat aliment borcu vardır. Hazırda bütün borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Belə ki, o, yenidən ailə həyatı qurmuş və övladı olması ehtimalı var. Əməlindən peşmandır, məhkəmə tərəfindən ona vaxt verilərsə ödəniş edə bilər. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə icra sənədi üzrə tələbkar X5 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-3168/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs 10700 manat aliment tutularaq ona verilməlidir. Borclu tərəfindən aliment borcunun hissə-hissə ödənilməsinə etiraz edir, əksinə tam olaraq ödənilməsini tələb edir, ondan şikayətçidir. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona xx.xx.2019-cu il tarixdə şəxsən təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmiş və göründüyü kimi yüksək məbləğdə ödənilməmiş aliment borcu yaranmışdır. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, tələbkarın və borclunun verilmiş olduğu izahatları o cümlədən icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırkı iş üzrə Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 aprel 2023-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar