Məhkəmə qərarları › İş №3(060)-875/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-875/2021

13.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-875/2021 13.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - X12 (VÖEN **********) və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X7 iştirakları ilə, 16.06.1984-cü ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Məmmədli ərazi dairəsi, Məmmədli kəndində qeydiyyatda olan X8 X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin 19 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X12 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin rəisi, X11 tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 15.03.2021ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən şikayətçi X8 hüquqlarını müdafiə edən müdafiəçi X9 bildirdi ki, 08 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən X8 barəsində guya pandemiya qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə MN ******* saylı "İnzibati xəta haqqında Protokol tərtib olunmuşdur. 08.02.2021-ci il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola uyğun olaraq, MN ******* saylı qərar qəbul edilərək 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki X4 nümayəndələri saat 18:00 radələrində Sumqayıt Novxanı bağlarında yerləşən idarə etdiyi “Sahil” kafesinə gələrək bildirmişdir ki, qida qəbul zalında sıxlıq normalarına riayət olunmamış və mətbəxdə çalışan işçi heyət maskadan istifadə etməmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında Protokolda qeyd edilmişdir ki, “Sahil” kafesində, qida qəbul zalında sıxlıq normalarına riayət olunmaması və mətbəxdə çalışan işçi heyətin maskadan istifadə etməməsinə görə İXM-nin 211.1 və 211.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər”. Məhkəmənin nəzərinə çatdırır ki, həmin kafe karantin dövründə uzun müddət fəaliyyət göstərməmiş, hal-hazırda öz fəaliyyətini qanunun tələblərinə uyğun qurmuşlar. Həmin gün böyük həcmli zalda oturanlar epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin qaydalarına əməl etməklə əyləşmişdilər. Bundan əlavə protokolda qeyd edilir ki, mətbəxdə işçi heyəti maskadan istifadə etməmişdir. İşçi heyyəti daimi maskadan istifadə edir. Elə hallar olur ki, mətbəxdəki istiliyin nəticəsində maskanı çıxardıb istifadə etməli olurlar və ya yeməklərin dadını, qoxusunu və duzunu müəyyən etməli olurlar. Konkret olaraq həmin şəxslər maskadan istifadə etməmişlərsə onlar fiziki şəxs kimi Azərbaycan Respublikası İXM-nin 211.2 maddəsi ilə məsuliyyətə cəlb olunmalı idilər. X1 idarə etdiyi “Sahil” kafesinin zalı kifayət qədər genişdir. İnsanlar arasında sosial məsafə saxlanılmışdır. Ona görə də qeyd olunanları nəzərə alaraq X8 şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin rəisi, X11 tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X13 izahatında bildirdi ki, 08 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndələri saat 18:00 radələrində Sumqayıt Novxanı bağlarında yerləşən X8 idarə etdiyi “Sahil” kafesinə reyd zamanı pandemiya qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “Sahil” kafesində, qida qəbul zalında sıxlıq normalarına riayət olunmaması və mətbəxdə çalışan işçi heyətin maskadan istifadə etməmələri səbəbindən İXM-nin 211.1 və 211.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də vəzifəli şəxs X12 19.02.2021-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 211.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Odur ki, X8 şikayətinin təmin olunmamasını və 19 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 izahatında göstərdi ki, Qida təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi vəzifəsində işləyir. 08.02.2021-ci il tarixdə Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin əməkdaşları ilə COVİD-19 pandemiyası dövründə karantin qaydalarına riayət olunması ilə bağlı aparılan monitorinq zamanı X8 oğlunun iştirakı ilə Sumqayıt şəhəri, Novxanı yolunda yerləşən “Sahil” kafesinə baxış keçirilmiş, baxış zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 336 saylı qərarına əsasən kafenin zalında eyni masa arxasında 6 nəfərdən artıq şəxsin əyləşməsinə icazə verilmədiyi halda 9 nəfər və 2 uşağın oturduğu və kafenin mətbəxində çalışan qadın işçilərin tibbi maskadan istifadə etmədiyi müşahidə edilmişdir. Həmin faktları özündə əks etdirən fotoşəkillər və videoçəkiliş də vardır. Göstərilən faktla əlaqədar tərəfindən X12 barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 211.1 və 211.3-cü maddələri ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuş və həmin protokol əsasında 19 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 Tariyel Əbdüləli oğlunun izahatını təsdiq edərək bildirdi ki, Qeydiyyat və sahibkarlarla iş sektorunun məsləhətçisi vəzifəsində işləyir. 08.02.2021-ci il tarixdə Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsinin əməkdaşları ilə COVİD-19 pandemiyası dövründə karantin qaydalarına riayət olunması ilə bağlı aparılan monitorinq zamanı X8 oğlunun iştirakı ilə Sumqayıt şəhəri, Novxanı yolunda yerləşən “Sahil” kafesinə baxış keçirilməsi zamanı o da monitorinqdə iştirak etmişdir. Baxış zamanı kafenin zalında eyni masa arxasında 6 nəfərdən artıq şəxsin əyləşməsinə icazə verilmədiyi halda 9 nəfər və 2 uşağın oturduğu və kafenin mətbəxində çalışan qadın işçilərin tibbi maskadan istifadə etmədiyi müşahidə edilmişdir. İş materiallarına əlavə olunmuş 08 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 19 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarıını pozduğu üçün X12 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta hadisəsinin foto və video görüntülərini özündə əks etdirən 01 ədəd CD-R diskinə Məhkəmə tərəfindən baxış keçirilmiş və baxış zamanı inzibati xəta haqqında protokolda qeyd olunan “Sahil” kafesində, qida qəbul zalında sıxlıq normalarına riayət olunmaması, eyni masa arxasında 6 nəfərdən artıq şəxsin əyləşməsinə icazə verilmədiyi halda 9 nəfər və 2 uşağın oturduğu və mətbəxdə çalışan işçi heyətin maskadan istifadə etməməsi müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmçinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər” barədə 12 sentyabr 2020-ci il tarixli 336 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi məhdudiyyətləri tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X8 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X12 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işin materiallarında olan inzibati xəta hadisəsinin foto və video görüntülərini özündə əks etdirən 01 ədəd CD-R diski iş üzrə sübut əhəmiyyəti daşıdığından iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X12 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş 19 fevral 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. İnzibati işin materiallarında olan inzibati xəta hadisəsinin foto və video görüntülərini özündə əks etdirən 01 ədəd CD-R diski iş üzrə sübut əhəmiyyəti daşıdığından iş materiallarında saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar