Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-878/2025 17.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru X2 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 07 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək 07 aprel 2025-ci il tarixli İXP7026827 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında qərar tərtib edilərkən ona video görüntü və fotoşəkil təqdim edilməmiş, hətta qərar AsanPay elektron səhifəsinə yerləşdirilməmişdir. Halbuki o, svetoforun yaşıl işığında və yolayrıcını keçmə qaydalarına tam əməl edərək hərəkətə davam etmişdir. Buna görə də Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP7160398 inzibati tənbeh vermə barədə qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində “Toyota Prius” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin svetaforun qırmızı işığında hərəkətini davam etdirməsi və sola dönərkən qarşıdan gələn avtomobillərə yol verməli olduğu, yol vermədən dönərək yol ayrıcını keçmə qaydalarını pozmasını müşahidə etmişlər. Qeyd edilən səbəbdən də həmin avtomobilə saxla işarəsi verilmiş, sürücüyə yol verdiyi qanunun pozuntusu izah edilmiş və barəsində müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Qeyd edilən xətanın video görüntüləri də mövcuddur və onu disk şəklində məhkəməyə təqdim edir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini və tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərarından şikayət verilmiş şəxsi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 07 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat “Toyota Prius” markalı **-FA-*** dövlət nişanlı avtomobili idarə edərkən svetaforun və ya nizamlayıcının qadağan edici işığı verilərkən hərəkətini davam etdirməsi və yol ayrıcını keçmə qaydalarını pozmasına görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş YPX inspektorunun təqdim etdiyi video görüntülərdən görünür ki, görüntülər YPX avtomobilində qeydə alınmışdır, görüntülərdə “Toyota Prius” markalı **-FA-*** dövlət nişanlı avtomobilin svetaforun qadağan edici işığı verilərkən hərəkətini davam etdirməsi və sola dönmə edərkən qarşıdan düzünə gələn avtomobilləri gözləməməsi müşahidə edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə saat “Toyota Prius” markalı **-FA-*** dövlət nişanlı avtomobili idarə edərkən svetaforun və ya nizamlayıcının qadağan edici işığı verilərkən hərəkətini davam etdirmiş və və sola dönərkən qarşıdan gələn avtomobillərə yol verməli olduğu, yol vermədən dönərək yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Qeyd edilən inzibati xəta YPX inspektoru tərəfindən bilavasitə aşkar edilmiş, avtomobilə saxla işarəsi verilmiş, sürücüyə yol verdiyi qanunun pozuntusu izah edilmiş və barəsində hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin İİ hissəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Həmin Qanunun 77-ci maddəsinin İV hissəsinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Beləliklə də məhkəmə araşdırması zamanı X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Şikayətçinin digər dəlili ondan ibarətdir ki, qərar tərtib edilərkən ona video görüntü və fotoşəkil təqdim edilməmiş, hətta qərar “AsanPay” elektron səhifəsinə yerləşdirilməmişdir. Məhkəmə şikayətçinin qeyd dəlilinə münasibətdə qeyd edir ki, inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-in 122-ci maddəsinə uyğun qaydada icraat aparılır və bu halda elektron inzibati tənbeh vermə haqqında qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməlidir. İndiki halda isə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməmiş, YPX inspektoru tərəfindən bilavasitə aşkar edilmiş və İXM-in 124-cü maddəsinə uyğun icraat aparılmışdır. Bu halda isə inzibati tənbeh vermə haqqında qərarın əlavəsinin (foto və ya video materiallar) internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilməli olması qanunvericlikdə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 07 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X3 şikayətində 07 aprel 2025ci il tarixli İXP7026827 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin, müəyyən edilmişdir ki, qərar TP seriyalı ******* nömrəli olmuşdur və İXP7026827 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Bu baxımdan X1 şikayətinin əslində 07 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 07 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 07 aprel 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-878/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-878/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver