Məhkəmə qərarları › İş №3(060)-881/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-881/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-881/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6113/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs icra sənədi üzrə tələbkara heç bir ödəniş etməmiş, bununla da, o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Sənan Qasımlı izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən icra vərəqəsinə əsasən Şəxs 6900 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra vərəqəsi onun icraatına daxil olduqdan sonra tərəfindən xx.xx.2024-cü il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, qeyd olunan qərar və tələbin könüllü icrası barədə bildiriş 15 mart 2024-cü il tarixdə şəxsən Şəxs təqdim edilmişdir. 17 aprel 2024-cü il tarixdə borclu öz izahatında işləmədiyi üçün heç bir ödəniş edə bilmədiyini bildirmişdir. 19 aprel 2024-cü il tarixdə tələbin yönəldilə biləcəyi əmlakın olub-olmaması barədə borclunun qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmiş, bu barədə akt tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Borclu yalnız hazırkı məhkəmə iclasında borcundan 400 manat ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən icra vərəqəsinə əsasən həqiqətən də onun Zərərçəkmiş şəxs 6900 manat borcu olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olur. O, bir neçə dəfə borcunu hissə-hissə ödəməyə çalışsa da, bu barədə həm tələbkara həm də icra məmuruna bildirsə də tələbkar hissə-hissə ödənişə razı olmamış, icra məmuru isə bunun üçün müvafiq məhkəmə qərarının olmasının vacibliyi ona izah edilmişdir. Lakin bunun nə məna verdiyini bilməmiş və bu səbəbdən məhkəməyə müraciət etməmişdir. O, tələbkara hissə-hissə ödənişlə bağlı tələbkara təkliflər etsə də, sonuncu onunla razılaşmayaraq borcu tam tələb etmişdir. Hazırda davam edən məhkəmə iclasında tələbkara 400 manat ödəniş etmiş, təxminən 2 saat ərzində daha 200 manat ödəniş edəcəkdir. Qeyd olunanların nəzərə alınmasını, ona vaxt verilməsini, təqsirli bilinəcəyi halda cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclassında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd edilən icra vərəqəsinə əsasən borclu Şəxs ona 6900 manat borcu olmuşdur. Borclu tərəfindən üç il ərzində dəfələrlə borcun hissə-hissə ödənilməsi barədə razılığı olsa da, borclu vədinə əməl etməmiş, heç bir ödəniş etməmişdir. Hazırda davam edən məhkəmə iclasında borclu tərəfindən ona 400 manat ödəniş edilmiş, bildirdiyinə görə iki saat ərzində daha 200 manat ödəniş edəcəkdir. Qeyd olunanların nəzərə alınmasını, ödəniş edilməsi üçün ona köməklik edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6113/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 6900 manat alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qərarın könüllü icrası barədə bildirişdən görünür ki, Şəxs qərarı və könüllü icra barədə bildirişi xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli “xəbərdarlıq”dan görünür ki, Şəxs ödəniş etməsi ilə bağlı ona xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli borclu Şəxs “izahatından” görünür ki, sonuncu işləmədiyi üçün pulunun olmadığını, bu səbəbdən ödəniş edə bilməyəcəyini qeyd etmişdir. xx.xx.2024-cü il tarixli “tələbin yönəldiləcəyi əmlak barədə” aktdan görünür ki, Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanına baxış keçirilmiş, tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadığı müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli “qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs adına olan kart hesabına 400 manat ödəniş edilmişdir. Elektron İcra İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs şəxsiyyəti, qohumluq əlaqələri barədə sorğu ünvanlanmış, lakin borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Məhkəmə təminatı hüququ məhkəmənin təkcə vətəndaşların şikayətlərinə baxmaq və qanuni, əsaslandırılmış və ədalətli qərar qəbul etmək vəzifəsini ehtiva etmir. Həmin təminat, həmçinin qəbul olunmuş məhkəmə aktlarının icra edilməsini də nəzərdə tutur. Belə ki, ədalət mühakiməsinin mühüm elementlərindən biri məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunmasıdır. Əks halda, həmin qərarların vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırılması hüququnun pozulması hesab olunur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada (bundan sonra – Konvensiya) da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırılması hüququ xəyali hüquq olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş üzrə tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırılması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırılmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, §35). Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin müvafiq icra sənədinə əsasən borclu Şəxs 15 mart 2024-cü ilin tarixindən bu günədək tələbkara ödənilməmiş 6900 manat borcu yaranmış və həmin borc ödənilməmişdir. Buna görə də, icra məmuru borcun üzrsüz səbəbdən ödənilməməsi qənaətinə gəlmiş və İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin borclu tərəfindən məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Belə ki, iş materiallarından görünür ki, icra sənədi İdarənin icraatına daxil olduqdan sonra icra məmuru borcluya qərarı və tələbin könüllü icrası barədə bildirişi xx.xx.2024-cü il tarixdə təqdim etmiş, könüllü müddətin 5-ci günündə Novruz Bayramı ilə əlaqdar hər kəs ölkədə elan edilmiş 7 günlük tətilə çıxmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə tətil müddəti bitdikdən sonra könüllü icra müddətinin axımı davam etmiş, icra sənədinin könüllü icrası üçün müəyyən edilmiş müddət xx.xx.2024-cü il tarixdə bitmişdir. Bundan sonra icra məmuru hər hansı icra tədbiri həyata keçirməmiş və xx.xx.2024-cü il tarixdə Ramazan bayrami ilə əlaqədar ölkə ərazisində 5 günlük tətil elan edilmiş, xx.xx.2024-cü il tarixdə tətil müddəti bitmişdir. Daha sonra icra məmuru xx.xx.2024-cü il tarixdə borclunu İdarəyə dəvət etmiş, izahatını almış, borcun ödənilməsini tələb etmişdir. Həmin izahatında da borclu qətnamə üzrə borcunu hissəhissə qalıq olaraq 150-200 manat olmaqla ödəyə biləcəyini bildirmiş, lakin icra məmuru təxminən 6 gün sonra borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə icraatı dövründə 400 manat ödəniş etdiyini, daha iki saat ərzində 200 manat da ödəniş edəcəyini bildirmiş, sonuncunun 400 manat ödəniş edildiyini tələbkar özü də təsdiq etmişdir. Göründüyü kimi icra məmuru tez-tələsik, formal mülahizələrə əsaslanmaqla tələbakarın borc məbləğinin hissə-hissə qəbul etmək kimi niyyətinin olub-olmamasını, 3-cü şəxslərdə olan əmlakının olub-olmamasını araşdırmadan borclu barəsində sərt inzibati tədbirlərin görülməsi üçün məhkəmə baxılması üçün protokol təqdim etmişdir. Məhkəmə hesab edir ki, borclu Xalıq Abbaszadə borcun ödənilməsindən üzrsüz səbəbdən yayınmamışdır. Nə icra məmuru, nə də tələbkar Pərvin Pənahov borcluya ödənişlər edə bilməsi üçün müvafiq bank hesabı verməmiş və yalnız məhkəmə iclasında tələbkar borcluya müvafiq bank hesabını təqdim etmiş, edilmiş qısa müddətli fasilədən istifadə edən borclu dərhal ümumi borcundan 400 manat məbləğində pul ödəmişdir. Bu hal məhkəmə iclasında da bir daha təsdiq edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İXM 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş və ya təqdim etməmişdir, o cümlədən “İcra haqqında” qanunun tələbinə yuxarıda qeyd edilən hissədə riayət etmədən protokol tərtib etmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar