Məhkəmə qərarları › İş №3(060)-882/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-882/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-882/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, "xxxx" ASC-də çilingər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 3459/2023 saylı icra vərəqsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İsmayılova (Hüseynova) Günel Şahin qızına ödənilməlidir. İş üzrə xx.xx.2023-cü ildə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2023-cü ildə tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu aliment tələbi üzrə heç bir ödəniş etməmişdir. Yalnız, 2024-cü ilin fevral ayında borclu rəsmi işləməyə başladıqdan sonra onun əmək haqqında 70 faiz həcmində yönəltmə olmuş, iki ay ərzində müvafiq olaraq 299 və 392 manat, ümumilikdə 691 manat həcmində tutma olmuşdur. Lakin, borclu əlavə hər hansı ödəniş etməmişdir. Onun adına hər hansı əmlak və ya qiymətli əşya aşkar edilməmişdir. Həmçinin bildirmişdir ki, borclu həmişə vaxtlı-vaxında onun çağırışlarına gəlmişdir. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, aliment borcunun ödənilməsindən yayınmır, sağlamlığına və maddi vəziyyətinə görə ödənişlər edə bilməmişdir. Belə ki, o, xidməti vəzifələrini icra edərkən travma almış, buna görə uzun illər müayinə və müalicələrdə olmuşdur. Sinir mənşəli travma ilə bağlı İİ qrup əlil kimi uzun müddət müavinət də almışdır. Lakin, sonradan əlilliyi ləğv edilmişdir. Hazırda da əlilliyinin bərpası istiqamətində tibbi sənədlərini toplayır. O, hazırda iki aydan artıqdır ki, "xxxx" ASC-də çilingər işləyir. Əvvəllər də eyni yerdə işləmişdir. Lakin, müalicəsi ilə əlaqədar 01 il müddətində işə çıxa bilməmiş, bu müddət ərzində davamlı olaraq müalicədə olmuşdur. Bir il ərzində müalicədə olmasını təsdiq edən tibbi sənədləri icra məmuruna da təqdim etmişdir. Maddi vəziyyəti çox pisləşdiyi üçün tam sağalmasa da 2024-cü ilin fevral ayından təkrar işə başlamağa məcbur olmuşdur. Bundan sonra isə onun aylıq əmək haqqının 70 faizi hər ay tələbkarın xeyrinə tutulur. Borcun yığılma səbəbi ondan ibarətdir ki, icra sənədi oktyabr ayında verilsə də alimentin hesablanma müddəti may ayından olmuşdur. Həmin vaxtlar isə qeyd etdiyi kimi səhhətinə görə işləyə bilməmişdir. İşlədiyi fevral ayından indiyədək isə ödənişlər həyata keçirilir. Fevral ayını tam işləmədiyi üçün aylıq əmək haqqı da az hesablanmış və ona görə 299 manat tutulmuşdur. Mart ayında 399 manat tutma olmuş, həmçinin bir gün əvvəl də əmək haqqından tutma olmuşdur. Hazırda ödəniş edə bilmir, lakin yığılmış borcunu da ödəməyə söz verir. Maddi vəziyyəti imkan versə o, uşaqlarından heç nəyi əsirgəməz. Hazırda barəsində hər hansı inzibati tənbehin tətbiq edilməsi onun vəziyyətini daha ağırlaşdıracaq. Göstərilən halları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, borclu Şəxs həqiqətən də ikinci qrup əlil olmuşdur və xəstəliyi olmuşdur. Lakin, hesab edir ki, alimenti qərəzli olaraq ödəmir, ona görə də alimnet borcunu tələb edir. Alimnet borcunun ödənilməsi ilə bağlı aralarında hər hansı razılıq yoxdur. Göstərilən halların nəzərə alınmasını və borclunun barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, işin hallarından da görünür ki, hüquqlarını müdafiə etdiyi şəxsin heç bir təqsiri və ya qərəzi mövcud deyil. Belə ki, icra sənədi oktyabr ayında verilmiş, həmin vaxt isə borclu müalicədə olmuş, işləməmişdir. Borclu fevral ayında işə başlamış və həmin vaxtdan da aliment üzrə ödənişlər həyata keçirilir. İndiki vəziyyətdə borclu barəsində hər hansı əsassız inzibati tənbeh tədbirinin tətbiq edilməsi icra sənədinin icrasını gələcəkdə mümkünsüz edəcək. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3459/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İsmayılova (Hüseynova) Günel Şahin qızına ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3459/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3459/2023 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Bildiriş, xx.xx.2023-cü ildə borcluya rəsmi qaydada verilmişdir. İş materiallarında olan elektron icra sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" ASC-də çilingər işləyir və aylıq əmək haqqı 670 manat təşkil edir. İş materiallarında olan “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ambulator xəstənin tibbi vərəqindən görünür ki, Şəxs sol ayağın zəifləməsi, keyləşməsi və yerişin çətinləşməsi şikayətləri ilə bağlı xəstəxanaya müraciət etmiş, onun 2013-cü ildən xəstə olması müəyyən edilmiş, ona yeriş funksiyasının pozulması diaqnozu qoyulmuş və nevroloq nəzarəti məsləhət görülmüşdür. İş materiallarında olan X14 4 nömrəli Şəhər Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ambulator xəstənin tibbi vərəqindən görünür ki, Şəxs İİ qrup əlil olması qeyd edilmişdir. Diaqnoz: S84.7. sol qamış və incik sümüklərinin travmatik sensomotor neyropatiyası. Sol baldır oynağının, baldırın və pəncənin travmatik zədələnməsi. Müalicəvi və əmək məsləhətləri: xəstə cuzi yaxşılaşma ilə evə yazılır. Nevropatoloq, terapevtin ambulator nəzarəti və müalicəsi, ambulator şəraitdə psixiatr baxışı məsləhət görülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3459/2023 saylı icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İsmayılova (Hüseynova) Günel Şahin qızına ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2023-cü ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlama haqqında qərar qəbul edilmiş və xx.xx.2023-cü ildə tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya verilmişdir. Lakin, iş üzrə borclu tərəfindən 2024-cü ilin fevral ayına kimi heç bir ödəniş edilməmiş, həmin vaxtdan sonra aliment borcu onun əmək haqqına yönəldilmişdir. Bununla bağlı borclu barəsində icra məmuru tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs (icra işi üzrə borclu) 2013-cü ildə aldığı sinir mənşəli travma ilə əlaqədar İİ qrup əlilliyi olmuş və sonradan ləğv edilmişdir. Şəxs 2023-cü ilə qeyd edilən xəstəliyi ilə əlaqədar intensiv müalicədə olduğu üçün işləyə bilməmiş, yalnız 2024-cü ilin fevral ayında işə başlamışdır. Həmin vaxtdan isə aliment borcuna görə onun aylıq əmək haqqının 70 faizinə yönəltmə olmuşdur. Şəxs əlavə hər hansı gəliri, daşınar və ya daşınmaz əmlakı müəyyən edilməmişdir. Mülkiyyətində hər hansı bir əmlakının olmaması borclunun əmlak vəziyyətinin göstəricisi olduğu halda, borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsinin nədə ifadə olunduğu göstərilmədən, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Lakin, protokolda borclu Şəxs həmin maddənin dispozisiyasında nəzərdə tutulan hansı hərəkəti və yaxud hərəkətsizliyi etməklə inzibati xəta törətməsi göstərilməmiş və eləcə də, onun əməlində həmin maddənin tərkibinin olduğunu təsdiq edən sübutlar protokolda qeyd edilməmiş və belə bir sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə işin halları ilə müəyyən edilir ki, borclu ödəniş etməkdən qərəzli boyun qaçırmır, icra vərəqəsinin verildiyi 2023-cü ilin oktyabr ayından 2024-cü ilin fevral ayına kimi olan müddət ərzində sağlamlıq vəziyyətinə görə işləməmiş, 2024-cü ilin fevral ayından indiyi kimi isə hər ay aylıq əmək haqqının 70 faizi icra sənədi üzrə borca görə tutulur. Eyni zamanda nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokol ödənişlər olmadığı dövrdə deyil, ödənişlər mütamadi həyata keçirilməyə başladığı vaxtdan sonra tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, əvvəlki borcun ödənilməməsinə Şəxs münasibəti qərəzli olamamış, həmin vaxt səhhəti ilə bağlı müalicə alaraq işləməməsi, yəni faktiki imkanının olmaması ilə bağlı olmuşdur. Hazırda isə hər ay ödənişlər mütamadi həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar