Məhkəmə qərarları › İş №3(060)-885/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-885/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-885/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1984-cü ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2022-ci il tarixdə saat 09:10 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində “Toyota” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polis əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsini nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyi aşkarlanmışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 09:10 radələrində “Toyota” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı etibarnamə əsasında idarə etdiyi avtomobildə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində hərəkətdə olduğu zaman yol polisi əməkdaşı tərəfindən saxlanılmış, onun sərxoş olduğundan şübhələndikləri üçün xüsusi texniki vasitə ilə onun sərxoşluğu yoxlanılmış, yoxlama zamanı onda yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. O bununla razılaşmamış, müayinədən keçmək istəmişdir, polis əməkdaşları isə onun müayinədən keçməsini təmin etməmişlər. Bir neçə saatdan sonra o özü Sumqayıt şəhər Narkoloji Dispanserinə müraicət etmişdir və müayinə zamanı onda Məhkəməyə təqdim etdiyi “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından və “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” ptotokolundan göründüyü kimi, onda sərxoşluq vəziyyəti müəyyən olunmamışdır. Barəsində tərtib olunmuş protokoldan narazıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarında olan “səxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 02357 saylı protokollaşdırmadan görünür ki, xüsusi texniki vasitədən istifadə ilə müəyyən edilmişdir ki, alkoqolun miqdarı 4,177% promildir. İş materillarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 1099 nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, şəxsdə alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materillarında olan xx.xx.2022-ci il tarixli, 2/5444 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” ptotokolundan görünür ki, şəxsdə alkoqol sərxoşluq vəziyyəti yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən - Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Lakin iş materillarından göründüyü kimi, şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmamasına baxmayaraq, o polis əməkdaşları tərəfindən tibbi müayinəyə aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.1-ci maddsəinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar