Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-885/2024 23.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1996-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4953/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 10 900 manat pulu ödəmir və imtina edir. Bununla da o, icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4953/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 10 900 manat pulu ödəmir. O, icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, borcun hissə-hissə ödənilməsi ilə bağlı tələbkara müraciət etmişdir. Lakin o, borcun hissə-hissə ödənilməsinə razı olmamışdır. Özü hüquqi savadsızlıq üzündən icra məmurunun depozit hesabına borcun hissə-hissə ödənilməsi praktikasından xəbərsiz olmuşdur. Şəxs qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcluya borcunu ödəməsi üçün uzun müddət vaxt vermişdir. Məhkəmə qətnaməsindən sonra borcun tam ödənilməsini tələb edir. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs müvafiq qərar qəbul edilməsini məhkəməsdən xahiş etdi. Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi savadsızlığını, ailə vəziyyətini nəzərə alaraq Şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4953/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 10800 manat pul və 100 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı X4 verilməlidir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədində göstərilən borcun könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilsə də, ötən müddət ərzində icra sənədi üzrə borclu tərəfindən icra sənədində göstərilən borcun ödənilməsi təmin olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-705/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-365/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsi tərəfindən 2(060)-4953/2022 saylı iş üzrə verilmiş xx.xx.2022-ci il il tarixli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, borcun ödənilməsindən boyun qaçırmaq məqsədi ilə müxtəlif üsullardan istifadə etməklə yayınmağa çalışmış, icra sənədi üzrə borcun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Belə ki, borclu bu günə qədər yaranmış borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq heç bir ödəniş etmədiyini, icra sənədinə əsasən borcunun yaranmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və tətbiq ediləcək cərimənin borclunun öhdəliyinin daha da artmasına səbəb olacağını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir (66.2). Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz (66.3). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-885/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-885/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver