Məhkəmə qərarları › İş №3(060)-886/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-886/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-886/2022 20.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin yol patrul xidmətinin, polis baş serjantı X1 iştirakı ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YPX-nin inspekroru polis baş serjantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.3 və 333.1-ci maddələri ilə 30 mart 2022-ci il tarixli inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, AE 017466 saylı sürücülük vəsiqəsi ilə **-DL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet minik” markalı avtomobili idarə edən Şəxs Sumqayıt şəhəri, Sahil küçəsində işıq cihazlarından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı sərxoş olduğu aşkarlanmışdır. Qeyd olunan material 08.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 20 aprel 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YPX-nin inspekroru polis baş serjantı X3 izahatında bildirdi ki, sürücü Şəxs Sumqayıt şəhəri, Sahil küçəsində işıq cihazlarından düzgün istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmışdır. Yoxlama zamanı sürücü sərxoş halda olması müəyyən edilmişdir. Qeyd edilən hal video görüntüdə də qeydə alınmış və sürücü alkoqollu içki olan “Pivə” qəbul etdiyini etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, özünə məxsuz AE 017466 saylı sürücülük vəsiqəsi ilə **-DL-*** dövlət qeydiyyat nişanlı “Chevrolet minik” markalı avtomobili ilə Sumqayıt şəhəri, Sahil küçəsi istiqamətində olarkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Yoxlama zamanı ondan spirtli içki qəbul edib etməməsini soruşduqda o, spirtli içki qəbul etmədiyini bildirmişdir. Bu zaman polis əməkdaşı onu alkotester vasitəsi ilə müayinə etmişdir. Müayinədən sonra onda sərxoşluq vəziyyəti aşkar olunmuşdur. Lakin o, alkosterterin düzgün işləmədiyini bildirmiş və daha sonra o özü həkim müayinəsindən keçmişdir. Həkim müayinəsi zamanı onda sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Həmin aktı məhkəməyə təqdim edərək ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli İXM-nin 333.1-ci maddəsindən əlavə İXM-nin 329.3-cü maddəsi ilə də tövsif edilmiş, lakin İXM-nin 329.3-cü maddəsinə aid inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXMnin 329.3-cü maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında protokolu, DVD video görüntünü və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və alcovisor – az 817 saylı alkosterterin qəbzi və video görüntü ilə öz təsdiqini tapır. Alcovisor – az 817 saylı alkosterterin qəbzi Şəxs müayinə vaxtı (29 mart 2022-ci il saat 23:58) 4,117% promil alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarından görünür ki, Şəxs məxsus AE 017466 saylı sürücülük vəsiqəsi 29.01.2015-ci ildən 29.01.2025-ci ilədək etibarlıdır. İş materialında olan Respublika Narkoloji Mərkəzinin 30 mart 2022-ci il tarixli, 2/10728 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 03 mart 2022-ci il, saat 03:05-də tərtib olunmuş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktınıa görə Şəxs sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Məhkəmə 3 saatdan artıq vaxt keçməklə əldə olunan və hansı şəraitdə alınması məhkəməyə məlum olmayan 30 mart 2022-ci il tarixli, 2/10728 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktını Şəxs təqsirsiz olmasına dəlalət edən sübüt kimi qəbul etmir, çünki Şəxs özü piyvə içməsini video görüntüdə etiraf edir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi, o cümlədən həmin şəxsin tibbi müayinəyə göndərilməsi haqqında Qanununun 2.4-cü bəndində qeyd olunur ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnu məhdudlaşdırma növündə tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar