Məhkəmə qərarları › İş №3(060)-888/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-888/2024

06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-888/2024 06.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 330.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, yolayrıcında sağa dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməsi tələbinə riayət etmədiyi bildirilmişdir. Lakin o, dönmə əməliyyatı həyata keçirən zaman heç bir piyadanın yolun hərəkət hissəsində olmadığını, yolu keçməyə cəhd etmədiyini və heç bir qayda pozuntusu etmədiyini, etdiyi təqdirdə bunu sübut etməyə borclu olduğunu qeyd etmişdir. Lakin yol polis əməkdaşı sözlərini nəzərə almayaraq ona cərimə yazacağını bildirmişdir. Bununla razı olmadığını bildirsə də, İXP6193314 nömrəli protokol tərtib edilərək ona 50 manat cərimə yazılmışdır. Bildirir ki, sözügedən ərazidə olan piyada xəttini keçdikdən sonra hərəkətdə olarkən bir nəfər piyadanın yolda piyada keçidi olmayan hissəsində yolu keçməyə cəhd göstərmiş və avtomobilinin hərəkətdə olarkən arxa hissəsindən keçərək qanunsuz şəkildə yolun digər tərəfinə keçmişdir. Qeyd edir ki, cərimə tamamilə əsassız və qanunsuzdur. Yol Patrul Xidməti əməkdaşlarına piyadanın yolu keçərkən piyada keçidindən istifadə etmədiyini və yolu qanunla nəzərdə tutulmayan qaydada keçdiyini bildirsə də, ona məhəl qoyulmamışdır. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək şikayətin təmin edilməsini, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib olunmuş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun şəkildə icraat aparılmamış, sübutlar toplanmamışdır. Qərarı qəbul etmiş şəxs bununla bağlı tam araşdırma aparmadan, heç bir başqa sübut olmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 330.0.2-ci maddəsinə görə Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. İş materiallarında olan sənədlər vasitəsi ilə həqiqətən də inzibati xəta hadisəsinin olub-olmaması müəyyən edilmir. Məhkəmə araşdırması zamanı qərardan şikayət verən şəxs hadisədən dərhal sonra DYP-i əməkdaşının ona görüntü təqdim etdiyini, həmin görüntüyə baxdıqdan sonra bununla razılaşmasa da, barəsində protokol tərtib edildiyini bildirsə də, məhkəmə tərəfindən həmin görüntülərin əldə edilməsi mümkün olmamışdır. Həmin halların araşdırılması ilə bağlı Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilərək Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 124.2, 124.3 və 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəm qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar