Məhkəmə qərarları › İş №3(060)-890/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-890/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-890/2025 13.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Baş X5 xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Baş X5 xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli qərarı ilə iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan X2 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X2 Azərbaycan Respublikası İnzabati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir . Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı tam əsassızdır. Barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, guya o, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi, Quba istiqaməti üzrə hərəkətdə olan zaman saat 15:19 radələrində “MERCEDES BENZ3235 xüsusi təy” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmək qaydalarını pozmuşdur. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli qərar qəbul edilmişdir. O bu qərarla razılaşmır. Onun barəsində “İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın 94: A9: A8: D8 43:93 nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsini qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüfi deyil ki, bu kamera İXM-nin 81-ci və 100.1.8-ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Digər tərəfdən ölçmə çihazı olan elektron tərəzinin müvafiq qaydada sonuncu dəfə hansı tarixdə yoxlanılması və “ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə”nin verilməsi elektron qərarda öz əksini tapmamışdır. Bundan başqa, qeyd olunmalıdır ki, sözügedən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümükün deyil. Belə ki, inzibati xatanın törədilməsinə dair “video görüntü” qeyd elektron qərarda öz əksini tapmamışdır. Elektron qərarda yalnız “inzibati xəta hadisəsinin baş verdiyi və nəqliyyat vasitəsinin sürücü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunur” sözləri qeyd edilmişdir. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli qərarın əlavəsində olan fotoşəkillərdə də inzibati xətanın törədildiyi tarix, saat və çəki əks olunmuş, lakin inzibati xətanın aşkar olunmasında istifadə olunmuş texniki vasitənin sonuncu dəfə yoxlamadan keçdiyini sübut edən hər hansı bir qeyd və sənəd əlavə edilməmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində göstərilən tələblərlə uzlaşmır. Bununla yanaşı, o, “MERCEDES BENZ3235 Xüsusi təy.” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyat vasitəsini idarə edərkən onun yük maşınında ümumilikdə tara ilə birlikdə 31 ton 680 kq., tarasız (bu halları sübut edən sənəd şikayətə əlavə olunur) çəkidə yük olmuşdur. Yük daşımaların çəkisi ilə bağlı Nazirlər Kabinetinin qərarında göstərilib ki, ona məxsus “MERCEDES BENZ3235 Xüsusi təy.” markalı, 32 tondan artıq olduğu halda ona inzibati cərimə tətbiq edilə bilər. Sözügedən avtonəqliyyat vasitəsinin çəni zavod istehsalı olduğundan Beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Yəni ki, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Bu isə onun deməyə əsas verir ki, hər hansı bir inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. İşin hallarından göründüyü kimi ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə yaranır. Nəqliyyat vasitəsi ona verilmiş sənədlərə əsasən zavod istehsalı olduğundan beynəlxalq yükdaşıma və mövcud standartlara uyğundur. Belə olan halda onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş əmələ görə inzibati tənbeh edilməsi işin faktiki hallarına uyğun deyil və İXM-nin prinsiplərinə ziddir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalı, barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək bildirmişdir ki, o, hər gün eyni yüklə gedib-gəlir. Sözügedən ərazi sərt yoxuşludur, oradan artıq çəkidə beton aparmaq mümkün deyildir. Qərar qanunsuzdur və buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, avtomaqistral yollarda avtomatik rejimdə işləyən asfalt örtüyünün alt hissəsində xüsusi texniki vasitə qurulmuş həmin texniki vasitə bilavasitə DİN Baş X4 İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya edildiyindən artıq yük olduğu halda avtomatik olaraq qeydə alınaraq elektron qərar qəbul edilir. İslam Həsənovun gətirdiyi dəlillər tamamilə əsassızdır, əgər o, idarə etdiyi yük avtomobilində artıq yük yığaraq idarə etməsə idi, o halda xüsusi texniki vasitə ilə qeydə alınmazdı. Şərh olunanları nəzərə alaraq, X1 şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 “MERCEDES BENZ3235 Xüsusi təy.” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyatı idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan xətanın törədilməsinə yol vermişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “MERCEDES BENZ3235 xüsusi təy.” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyat vasitəsinin yüksüz kütləsi 15000 kiloqram, maksimal tutum kütləsi isə 32000 kiloqramdır. DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto görüntüdən görünür ki, M-1 44.6 km., Sumqayıt şəhəri, H.Z.Tağıyev Quba istiqamətində hərəkətdə olan “MERCEDES BENZ3235 xüsusi təy.” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyatın çəkisi 34120 kq (limit 32000 kq) olmuşdur. Qeyd edilən fotoda nəqliyyat vasitəsinin çəkisi 34120 kq olması göstərilsə də, şikayətə əlavə edilmiş nəqliyyat vasitəsinin boş çəkisinə dair tərəzi qəbzindən görünür ki, avtomobilin yüklə birlikdə çəkisi birlikdə 31 680 kq olmuşdur(15520 kq+16160 kq=31680 kq). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 61.1.1-61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları vardır. 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixlii qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarın 4.3-cü bəndinə əsasən xüsusi ölçü alətlərinin, cihazlarının və tərəzilərin standartlara uyğun olmaları barədə sertifikatları olmalıdır. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayət verən şəxsin izahatını araşdıraraq hesab edir ki, X1 barəsində DİN-in BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli, EQ 27049890 nömrəli qərar əsassız olduğundan ləğv edilməli və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa, şikayət verən şəxsin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli STAR CP tərəfindən verilmiş yük-nəqliyyat qaiməsindən aydın olur ki, sürücünün idarə etdiyi “MERCEDES BENZ3235 xüsusi təy.” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə, çıxış saatı 15:43:01-də yüklə dolu çəkisi 31680 kiloqram olmuşdur. Göründüyü kimi DİN Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli elektron inzibati tənbeh vermə haqqında haqqında qərara əlavə edilmiş foto görüntüdə “MERCEDES BENZ3235 xüsusi təy.” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə saat 15:59:10-da çəkisi 34120 kiloqram qeyd edilsə də, xx.xx.2025-ci il tarixli qaimədə yük avtomobilinin çəkisinin 31680 kiloqram olduğu qeyd edilmişdir. Həmçinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində də “MERCEDES BENZ3235 xüsusi təy.” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran avtonəqliyyat vasitəsinin yüksüz kütləsinin 15000 kiloqram, maksimal tutum kütləsinin isə 32000 kiloqram olması qeyd edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, X1 iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı Azərbaycan Respublikası İXMnin tələblərinə uyğun şəkildə icraat aparılmamış, X1 iştirakı təmin edilməmiş, sübutlar toplanmamışdır. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, X1 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxsin iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X5 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə tənbeh olunmasına dair Azərbaycan Respublikası Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar