Məhkəmə qərarları › İş №3(060)-893/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-893/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-893/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27127211 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, “Ford Tranzit” markalı ** XL *** dövlət qeydiyyat nişanlı avtombilin mülkiyyətçisi odur. Yuxarıda göstərilən ünvanda yaşayır, idarə etdiyi avtomobili xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə yaşadığı binanın arxa hissəsində, yəni şəhərin 18-ci mikrorayon dairəsindən sağa tərəf, köməkçi yolda saxlamışdır. Yaşadığı evin qarşısında uşaq bağçası yerləşir. Onun avtomobilinin qabarit ölçüləri böyük olduğundan həyətdə saxlamaq imkanı yoxdur. Ona görə də avtomobilini binanın arxa hissəsində park etməyə məcbur olur. Həmin yer köməkçi yol olduğundan, digər avtomobillərin və piyadaların gediş-gəlişinə qətiyyən mane olmur. Lakin, Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşı onun xəbəri olmadan ikinci dəfədir ki, avtomobilinin şəklini çəkərək haqqında əsassız protokol tərtib edir və 20 manat məbləğində cərimə edir. Həmin protokol və qərarla razı deyil. xx.xx.2025-ci ildə DYPŞ-nin əməkdaşı protokol tərtib edərkən səbəb kimi ona bildirmiş ki, avtomobili köməkçi yolun solunda deyil, yolun sağında saxlamalısan. xx.xx.2025-ci ildə protokolun tərtibi ilə maraqlanarkən bu dəfə əməkdaş ona əvvəlkindən fərqli olaraq bildirmiş ki, həmin yolun sağında deyil, solunda saxlamalı imiş. Hesab edir ki, haqqında qanunsuz və əsasız protokol və qərar tərtib olunmuşdur. Tərəfindən Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsinin tələbləri, yəni dayanma və durma qaydaları pozulmamışdır. Ona görə də hesab edir ki, haqqında tərtib olunmuş qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarında şikayət verilmiş orqan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ27127211 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X6” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin tarixdə saat 09:04-də Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində durma qaydalarını pozduğuna görə sürücü X3 Azərbaycan Respublikası İXMin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. “X6” markalı avtomobilin dayandığı yerdə olan fotoşəkilləri qərara əlavə edilmişdir. Məhkəmə tərəfindən hadisənin qeydə alındığı yerə baxış keçirilmişdir. Baxış zamanı “X6” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yolun birtərəfli hərəkət istiqamətinin olması, avtomobilin dayandığı yerdən təxmini 20-25 metr qabaqda 3.27 (dayanma və durma qadağandır) yol nişanının mövcud olması, həmin nişanla birlikdə 7.4.1 (icazə verilmiş maksimum kütləsi 3.5t-dan artıq olan yük avtomobili) əlavə məlumat nişanının quraşdırılması müəyyən edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, “X6” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerə yaxın sağa məhləyə giriş yeri vardır, həmin məsafə isə avtomobilin dayandığı yerdən təxmini 2-3 metr məsafədədir, yəni kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqdadır. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, “X6” minik markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci ildə saat 09:04-də Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində 3.27 (dayanma və durma qadağandır) yol nişanının təsir sahəsində, həmçinin kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda, yəni sağa məhləyə daxil olan başqa nəqliyyat vasitələrinin hərəkətinə mane yaradacaq məsafədə park edilmiş, qeyd edilən inzibati xəta hadisəsi aşkar edilərək İXM-in 122-ci maddəsinə əsasən müvafiq icraat aparılmaqla Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27127211 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə sürücü X3 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi X2 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27127211 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, X3 şikayətində Sumqayıt ŞPİnin DYPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmişdir. Bu baxımdan X2 şikayətinin əslində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27127211 nömrəli inzibati tənbeh vermə haqqında qərardan olması nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Həmin Qanunun 45-ci maddəsinin İİ hissəsinə əsasən yaşayış zonasında xüsusi olaraq ayrılmış, işarələrlə göstərilmiş, nişanlanmış yerlərdən kənarda saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, sürmə təlimi keçmək, mühərriki söndürmədən durmaq, habelə icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin durması qadağandır. Həmin Qanunun 52-ci maddəsinin İV hissəsinin 6-cı bəndinə əsasən 1.1—1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda, 8-ci bəndinə əsasən nəqliyyat vasitəsi svetofor siqnallarının, yol nişanlarının qarşısını tutmaqla başqa sürücülərin bunları görməsinə mane olduğu və ya başqa nəqliyyat vasitələrinin hərəkətini (girmə və ya çıxma) qeyri-mümkün etdiyi, yaxud piyadaların hərəkəti üçün maneə yaratdığı yerlərdə, 10-cu bəndinə əsasən isə 3.27 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.4 nişanlanma xəttinin təsir zonalarında dayanma qadağandır. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə nəqliyyat vasitələrinin durması qadağandır. Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2– 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27127211 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ27127211 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar