Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-895/2025 14.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Protokol tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4, Protokol tərtib etmiş şəxs – Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 5 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən, İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində səs-küy salıb hərəkətlərini davam etdirərək qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində saxlanılan zaman səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb edib xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2096/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 7898 manat Zərərçəkmiş şəxs ödənilməli olsa da borclu üzrsüz səbəbdən çağırışlara gəlməmiş, icra sənədini icra etməmiş, axtarış nəticəsində gətirilmiş, 7148 manat borcu vardır. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi və Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edən şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2096/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs 7898 manat pul ödəməlidir. xx.xx.2024-cü il tarixdə icra sənədi icraata daxil olmuş, icraata başlama haqqında qərar qəbul olunmuş, tərəflərə göndərilmişdir. Borclu şəxs idarəyə dəvət olunmuş, ona borcu könüllü şəkildə ödəməyi təklif olunmuş, şəxs borcu könüllü icra müddətində bağlaya bilmədiyindən və aylıq 300 manat ödəniş edəcəyini bildirmişdir. Bununla bağlı tələbkarla telefon əlaqəsi saxlanılmış, tələbkar ayda 300 manat ödəniş edilməsinə razılaşmışdır. Lakin budnan borclu şəxs Şəxs öhdəliyini yerinə yetirmədiyindən və hər ay 300 manat ödəmədiyindən onu idarəyə dəvət etmiş, lakin borclu şəxs idarəyə gəlmədiyindən barəsində axtarış qərarı tərtib olunaraq polis idarsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu şəxs axtarışla gətirilmiş, izahatı alınmışdır. Müəyyən olunmuşdur ki, borclunun yeni iş müqaviləsi vardır, yeni işə başlamışdır. Borcluya təklif olunsa da hal-hazırda heç bir ödəniş edə bilməyəcəyini və maksimum 100 manat ödəniş edə biləcəyini bildirmişdir. Lakin tələbkar borcun tam şəkildə ödənilməsini xahiş etmişdir. İcra məmurunun çağırışlarına gəlmədiyindən və məhkəmə qərarını icra etmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Borclu bu günə qədər 750 manat ödəniş etmişdir. Məhkəmədən borclu şəxsin inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi, polis kapitanı X6 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-c PB-nin sahə rəisi, polis kapitanı Söhrab Zeynalov ilə birlikdə olan zaman mülki öhdəliklərdən yayınan və axtarışda olan Şəxs görmüş və iltizamının alınması üçün polis bölməsinə dəvət etmişlər. Həmin şəxs səs-küy salaraq polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxs tərəflərindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Polis bölməsində olan zaman izahat vermiş, izahatında bildirmişdir ki, həmin əməli törətməmişdir. Şəxs bölməyə gətirilən zaman sahə rəisinin içkili olduğunu qeyd etmiş, sahə rəisi Sumqayıt şəhəri RND-də müayinədən keçirilmiş və nəticəsi iş materiallarına əlavə edilmişdir. Şəxsin əməlində İXM-nin 510 və 535.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Gecə saat 03 radələrində evə gedən zaman siqaret almaq üçün Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən “Oba“ marketə daxil olmuş, çıxan zaman vətəndaşla üzləşmişdir. Həmin vaxt tək olduğundan sahə rəisinə zəng etmiş və axtarışda olan şəxsin yanında olduğunu bildirmişdir. Sahə rəisi gələnə qədər şəxsi söhbətə tutmuş, sahə rəisi gəldikdən sonra onu polis bölməsinə dəvət etmişlər, lakin şəxs əsəbləşmiş, səs-küy salmağa başlamış, onu avtomobilə əyləşdirib bölməyə gətirmişlər, bölmədə də səs-küy salmışdır. Tərəfindən tərtib edilmiş protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, bir müddət işləməmiş, işlədikdən sonra tələbkarın kartına pul ödəyərək qəbzləri icra məmuruna təqdim etmişdir. Anası yataq xəstəsidir, himayəsində azyaşlı övladları vardır, kirayə yaşayır, buna görə də borcu tam şəkildə ödməyə imkanı yoxdur. Borcun ödənilməsindən yayınmır, ödəniş edir, sonuncu dəfə bir həftə əvvəl ödəniş etmişdir. İşi ilə bağlı rayona gedir, artıq getdikdə əlavə mükafat verildiyindən tez-tez rayona gedir, buan görə də çox vaxt Sumqayıt şəhərində olmamış, çağırışlara gəlməmişdir. İXM-nin 510 və 535.1-ci maddəsi ilə tərtib olunmuş protokolla bağlı bildirdi ki, o, polis əməkdaşı tərəfindən saxlanılmamışdan öncə həyat yoldaşı ilə əlaqə saxlamış və 10 dəqiqəyə evə gələcəyini bildirmiş, buna görə də saxlanılan zaman ailəsi ilə telefon əlaqəsi saxlamaq istəmiş və bu səbəbdən polis əməkdaşlarına etiraz etmişdir. İşə yeni düzəlmişdir, körpə uşağı vardır, kirayə yaşayır, ailəni o dolandırır. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, borclu üç ildir ki, onları aldadır, dedikləri yalandır. Ayda 300 manat ödənilməsi ilə bağlı razılığa gəlmişlər, bundan sonra bir dəfə avqust ayında 200 manat, oktyabr ayında 150 manat, ondan sonra da 50 manat, 100 manat, ümumilikdə 750 manat ödəmişdir. Borcu tam şəkildə tələb edir, özünün də xərcləri vardır, hazırda borcundan 1000 manat ödəsə, qalanının hissə-hissə ödənilməsi ilə razılaşar. O, sadəcə pulunu tələb edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil şəxsin əməlini səmimi etiraf etməsini, qeyd etdiklərini nəzərə alaraq ən yüngül cəzanın təyin edilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 14:10-da azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510, 528.1 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi (hazırda İXMnin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -https://e-qanun.az/framework/46960 fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq maneə yaratmış və səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Eyni zamanda Şəxs məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq lazımi qaydada ödəniş etməmiş, icra məmurunun çağırışlarından yayınaraq barəsində axtarış elan olunmaqla məhkəmə iclasına gətirilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə vəziyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri eyni vaxtda törətdiyindən, ona sanksiyası daha ağır hesab edilən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə və İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, inzibati qaydada tutulduğu 02 (iki) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi ilə nəzərə alınaraq İXM-nin 34.3-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1 və 34.4-cü maddəsinə əsasən tətbiq edilən inzibati tənbeh tədbiri toplanmaqla Şəxs ümumilikdə 650 (altı yüz əlli) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-895/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-895/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver