Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-897/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 12 mart 2021-ci il tarixli, 00700-0055/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən 12 mart 2021-ci il tarixli, 00700-0055/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs ASC (VÖEN **********) 03 dekabr 2020-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********1594 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Rusiya Federasiyasından 3 vaqon (56063464, 52830700, ********) ilə göndərilmiş “Qara metaldan konstruksiyalar” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 30 noyabr 2020-ci il tarixdə müvafiq olaraq saat 12:14 – 12:15-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 12 mart 2021-ci il tarixli, 00700-0055/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Sumqayıt Baş Gömrük İdarəsinin və Şəxs ASC-nin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilmədiyindən Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, SBGİ-nin Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/000332 nömrəli 04.02.2021-ci il tarixli raporta əsasən Şəxs ASC-nin ünvanına gələn 3 vaqon (56063464, 52830700, ********) ilə Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçərkən yükə dair qısa idxal bəyannaməsi verilməmişdir. İş materiallarında olan **********1594 sorğu nömrəli 03.12.2020-ci il tarixli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs ASC-nin ünvanına Rusiya Federasiyasından göndərilmiş 3 vaqon (56063464, 52830700, ********) ilə yük daxil olmuşdur. İş materiallarına əlavə edilmiş “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs ASC tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində 03 dekabr 2020-ci il tarixli **********1594 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 56063464, 52830700, 52900032 nömrəli vaqonlar ilə 30 noyabr 2020-ci il tarixdə müvafiq olaraq saat 12:14 – 12:15 intervalında Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanına verilməli olan qısa idxal bəyannaməsi verilməmişdir. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 işin mahiyyəti üzrə bildirmişdir ki, Şəxs ASC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyir. Şəxs ASC-nin ünvanına Rusiya Federasiyasından gələn 3 vaqon (56063464, 52830700, ********) ilə göndərilmiş “Qara metaldan konstruksiyalar” yükünə aid mallar ölkə ərazisinə daxil olmamışdan öncə elektron formada təqdim olunmalı olan qısa idxal bəyannaməsini təqdim edə bilməmələrinin səbəbi ixracarçının yükə aid sənədləri vaxtında idxalatçıya təqdim etməməsi olmuşdur. Bununla belə tərəflərindən törədilən əməlin hüquqpozma olduğunu etiraf edir və tətbiq olunan cəriməni ödəməyə hazırdırlar. İş materiallarından görünür ki, Şəxs ASC qısa idxal bəyannaməsini üzrlü səbəbdən verməməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 13-cü hissəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Elektron formada təqdim olunan qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi ilə əlaqədar gömrük orqanına təqdim edən şəxs tərəfindən bu məqsəd üçün gömrük orqanlarının müəyyən etdiyi rəsmi informasiya sistemləri vasitəsilə verilir. Məlumatların elektron emalı üsullarından istifadə edilməklə təqdim olunan qısa idxal bəyannaməsi mallar gömrük sərhədini keçənədək təqdim edilir. Həmin hissənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 960 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görəvəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs ASC şirkətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs ASC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Bakı şəhəri, Nəsimi rayonu İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-897/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-897/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver