Məhkəmə qərarları › İş №3(060)-898/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-898/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-898/2025 14.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X20" MMC-də Sosial işçi vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-223- 2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmiş və hazırda 1551 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-223-2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-ci il təvəllüdlü X17 oğlu və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər birinə münasibətdə Şəxs X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə icraata başlama qərarı qəbul edilmiş, borclu icra idarəsinə dəvət edilərək qərar və bildirişlə tanış edilmişdir. İcra idarəsində borclunun əmək haqqının 70 faizi miqdarında tutulmalar aparılır. Hazırda Şəxs 1551 manat aliment borcu vardır. Əmək haqqından tutulmanın miqdarı aliment borcunu tam ödəmədiyindən hazırkı borc məbləği yaranmışdır. Borclunun izahatı alınmış, lakin üzrsüz səbəblərdən sonuncu icra sənədini icra etməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, aliment borcunu ödəməkdən yayınmır. İcra məmurunun çağırışlarından heç vaxt yayınmışdır. Əlillik dərəcəsi olmamasına baxmayaraq səhhətində problem olduğundan ağır işlərdə işləyə bilmir. Bu səbəbdən “X20" MMC-dəki işindən başqa işdə işləyə bilmir. Maddi imkanı olmadığından aliment borcunu tam ödəyə bilmir. Əgər o, inzibati qaydada həbs edilsə hazırki işini itirə bilər və bununla bağlı olaraq heç bir aliment ödəniş edə bilməyəcəkdir. 3 gün müddəti ərzində tələbkara 300 manat miqdarında ödəniş edə bilər. Borc məbləği ilə razıdır. Qeyd edilənləri qərar qəbul edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 bildirmişdir ki, himayəsində 2 azyaşlı uşağı var. Borclunun ödədiyi 250-264 manat miqdarında pulla uşaqlarına baxa bilmir. Valideyni xəstədir, maddi sıxıntılar çəkir və öz səhhətində də problemlər var. O, bilir ki, Şəxs maddi imkanı var. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X15 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin aliment borcunu tam olaraq ödəyə bilməsə də mütəmadi ödənişlər etmişdir. Məhkəmə qərarını icra etməkdən yayınmır. Barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(105)-223-2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq 28 aprel 2016-cı il tarixdə doğulmuş X17 oğlunun və xx.xx.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər birinə münasibətdə sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,46 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-223-2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-223-2025 saylı, xx.xx.2025-cu il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. xx.xx.2025-ci il tarixdə Ramil Hüseynov bildirişlə tanış olmuşdur. X2 xx.xx.2025-ci il, xx.xx.2025-ci il,xx.xx.2025-ci il tarixlərində Sumqayıt şəhəri üzrə İcra idarəsinə ərizələrlə müraciət edərək məcburi icra tədbirlərinin görülməsinə, aliment borcunun ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(105)-223-2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq 28 aprel 2016-cı il tarixdə doğulmuş X17 oğlunun və xx.xx.2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər birinə münasibətdə sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,46 misli həddində sabit pul məbləği X4 verilməlidir. İş üzrə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş və onun 1551 manat borcu yaranmışdır. Tələbkar isə şikayət edərək ödəniş təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əmək haqqına yönəldilmiş 70 faiz tutulma aylıq aliment borcunu tam ödəmir və mütəmadi olaraq aliment borcunun artması davam edir. Şəxs qeyd edilən hərəkətləri, icra sənədini tam icra etməməsi, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan səbəblərdən Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Vəkil X11 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X15 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar