Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-899/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27060512 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ27060512 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs ərizəsini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27060512 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarla avtomobil idarə etdiyi zaman guya sürət həddini aşdığı iddia edilərək cərimə tətbiq olunmuşdur (87 km/saat). Lakin, həmin ərazidə sürət həddi 21-50 km/saat müəyyən edilmişdir. Onun idarə etdiyi avtomobilin sürəti maksimum 50 km/saat olmuşdur. Cərimə qərarı faktiki vəziyyətə uyğun deyil və həqiqəti əks etdirmir. Tətbiq olunmuş cərimə faktiki və hüquqi baxımdan əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək bildirmişdir ki, DİN BDYPİ-nin X1 patrul avtomobilindən smartradar vasitəsilə sürət həddi düzgün olaraq çəkilməmişdir. Belə ki, qarşıda olan yük markalı avtomobil saatda 90 km-dən çox sürətlə hərəkət etməlidir ki, arxada hərəkətdə olan Mercedes-Benz E240 minik markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil o halda saatda 87 km sürətlə hərəkət edə bilər. O baxımdan avtomobillər hərəkətdə olduğundan sürət həddi texniki səhv olaraq düzgün qeydə alınmamışdır. Şikayətə etiraz yoxdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin mahiyyətinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27060512 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 «MERCEDES BENZ E240 MİNİK» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 37 km/saat həddində aşmışdır. Buna görə də sürücü X3 Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27060512 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin xx.xx.2025-ci il tarixli məlumatında mübahisələndirilən xx.xx.2025-ci il tarixli, EQ27060512 nömrəli qərarının texniki səhv nəticəsində tərtib edilməsi qeyd edilmişdir. Qeyd edilən məlumatdan aydın olur ki, X2 təqsirli hesab edilməsinə səbəb olan - Azərbaycan Respublikasının İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi mövcud olmamışdır. İnzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud olmadığından X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27060512 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ27060512 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli, EQ27060512 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-899/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-899/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver