Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-9/2025 08.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24976951 nömrəli elektron qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24976951 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə X1 Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində “Mercedes Benz E220 CDİ” minik markalı, **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə durma qaydalarını pozması səbəb olmuşdur. Həmin qərardan narazı qalan X2 şikayət verərək xx.xx.2024-cü il tarixli EQ 24976951 nömrəli, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli EQ 24976951 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 346.1-ci maddəsi ilə durma qaydalarını pozmağa görə 20 AZN məbləğində cərimə olunmuşdur. O, “Mercedes-Benz” minik markalı **-DR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə tərtib edilən protokola qəti şəkildə etiraz edir. O, avtomobili saxladığı yerdə 3.27 dayanma-durma nişanının olmadığına tam əmin olandan sonra avtomobili tərk etmişdir. Yol hərəkəti qanununun 69-cu maddəsinin 6-cı bəndinin 4-cü hissəsində qeyd olunur ki, 1.4 nişanlanma xətti 3.27 nişanı ilə birlikdə tətbiq edildikdə dayanmanın qadağan olduğu yeri bildirir. O, Sumqayıt şəhər Sülh küçəsində (Kontakt Home-un qarşısında) 3.27 nişanının olmadığına tam əmindir, video çəkiliş etmişdir. Zərurət yaranarsa, məhkəməyə video çəkilişi təqdim edə bilər. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş və bildimişdir ki, o, avtomobili avtobus zolağında saxlamışdır. O, nişanın olmadığını görüb avtomobildən düşmüşdür. Dayanma-durmanı qadağan edən nişan yoxdursa, orada maşını saxlamaq olar. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə X1 şikayətinin dəlillərini, yerli baxış protokolu və video görüntünü araşdırıb, işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24976951 nömrəli elektron qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün DİN BDYPİnə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24976951 nömrəli elektron qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş fotoşəkilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “Mercedes-Benz” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil durma qaydalarını pozmuşdur. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixində yerli baxış keçirilməsi zamanı qeydə alınmış video görünütüdə şikayət verən şəxs X1 Sumqayıt şəhəri Sülh küçəsi Kontakt Home-un qarşısında avtomobilini saxladığını, yol ayrıcında durmanı qadağan edən yol hərəkət nişanının olmadığı, ümumi istifadə üçün nəzərdə tutulmuş avtobus zolağının olduğunu və şikayət verən şəxsin həmin zolaqda avtomobilini saxladığını bildirdiyi qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi İnzibati Xətalar Məcəlləsinin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs isə bildirmişdir ki, o, dayanma və durma qaydalarını pozmamış, onun avtomobilini saxladığı yol ayrıcında durmanı qadağan edən yol hərəkət nişanı olmamış və buna görə də o, qeyd edilən inzibati xətanı törətməmişdir. Bununla yanaşı inzibati tənbeh vermə haqqında elektron qərarda olan şəkillərdən də aydın şəkildə görünür ki, nəqliyyat vasitəsinin şəkili durma qaydalarını pozmağa görə nişanı ilə birlikdə çəkilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin elektron qərarda olan şəkillərlə İXM-nin həmin maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranmasını müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitəsini qeyd edilən yerdə saxlamaqla İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə qoyulsa da, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X1 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli, EQ 24976951 nömrəli elektron qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-9/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-9/2025
08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver