Məhkəmə qərarları › İş №3(060)-901/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-901/2024

29.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-901/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi - “ŞİMAL” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 tərəfindən 29 aprel 2024-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs icra məmurunun qanuni tələblərini heç bir səbəb olmadan icra etməmiş və nəticədə icra vərəqəsi üzrə 12100 (on iki min yüz) manat borc yaranmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 12737 (on iki min yeddi yüz otuz yeddi) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. Borclu qətnamə üzrə müəyyən edilmiş borc məbləğinin müəyyən hissəsini ödəmiş, 12100 (on iki min yüz) manat borcu qalmışdır. Bir il əvvəl borclu tərəfindən hər ay 150 (bir yüz əlli) manat ödəniş olunacağı barədə tələbkar ilə borclu razılığa gəlmişlər, lakin buna baxmayaraq borclu 1-2 ay ödəniş etdikdən sonra ödənişi dayandırmışdır. Tələbkar ərizə ilə müraciət edərək borclu tərəfindən ödənişin dayandırıldığını bildirərək tədbir görülməsini xahiş etmişdir. Borclu dəfələrlə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunsa da, gəlməmişdir, ona görə də borclunun barəsində axtarış elan olunaraq qərar icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmiş və xx.xx.2024-cü il tarixdə borclu polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 12737 (on iki min yeddi yüz otuz yeddi) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Əvvəllər tələbkara hər ay 150 (bir yüz əlli) manat ödəyəcəyi barədə onunla razılığa gəlsə də, oğlu xəstə olduğu üçün 1-2 ay ödəniş etdikdən sonra ödəniş edə bilməmişdir. May ayının 5-i 400 (dörd yüz) manat ödəniş edəcəyini və tələbkarla hissə-hissə ödənişə razılığa gələcəyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3288/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 12737 (on iki min yeddi yüz otuz yeddi) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq ona ödənilməsi qət edilmişdir. Əvvəllər borclu ilə hər ay 150 (bir yüz əlli) manat ödəyəcəyi barədə razılığa gəlsə də, borclu 2-3 ay ödəniş etdikdən sonra ödəniş edə bilməmişdir. Hal-hazırda borclu ilə borcun hissə-hissə ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, barəsində inzibati protokol tərtib olunmuş Şəxs ilə aralarında hissə-hissə ödəmə barədə razılığa gəlmişlər və ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin qeyd olunanlardan göründüyü kimi, Şəxs tələbkar ilə razılığa gəldiyindən onun hərəkətlərində hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, Şəxs borclu ilə razılığa gəldiyindən və tələbkarın Şəxs cəza verilməməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiqini tapmamışdır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X7 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar