Məhkəmə qərarları › İş №3(060)-904/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-904/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-904/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara, ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli, həmin Məcəllənin 529.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin protokollara baxılması bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolları müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2757/2024 saylı icra sənədinə əsasən borclu Şəxs 25.389 manat məbləğində pul və 167 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başalama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2024-cü ildə borcluya rəsmi qaydada verilmişdir. Lakin, borclu müxtəlif bəhanələr gətirərək ödənişlər etməmişdir. Bu səbəbdən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-3124/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra da borclu ödənişlər edəcəyinə dəfələrlə söz versə də, heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinə səbəb kimi isə maddi vəziyyətinin pis olmasını göstərmişdir. Həmçinin bildirmişdir ki, borclu barəsində də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-3124/2024 saylı icra sənədi də mövddur. Həmin icra sənədinə əsasən borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Borclu cərimə ödənişini də üzrsüz səbəbdən ödəməmişdir. Borclunun rəsmi gəliri və ya adına hər hansı əmlak aşkar edilməmişdir. Göstərilən halları nəzərə alaraq borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır, maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilməmişdir. Borcun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etsə də ərizəsi təmin edilməmişdir. Hazırda 100 manat ödəniş edə bilər. Maddi vəziyyətinin pis olması səbəbindən bu qədər borcu bir dəfəyə ödəyə bilmir. Borcun ödəniməsi ilə bağlı vədlər versə də, maddi vəziyyəti pis olduğu üçün vədinə əməl edə bilməmişdir. Göstərilən halları, həmçinin evli olmaqla iki uşağının olmasını nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X6 izahatında göstərmişdir ki, "xxxx" MMC boru istehsalı ilə məşğul olan müəssisədir. Şəxs onlarla əməkdaşlıq edərək onlara məxsus malları ölkənin müxtəlif yerlərinə aparıb satışını həyata keçirmiş və buna görə beş faiz qazancını da almışdır. Lakin, Şəxs bununla kifayətlənməyib onlara məxsus pul vəsaitlərininin bir hissəsini qaytarmadığı üçün məhkəməyə müracitə etmişlər və müvafiq qətnamə qəbul edilmişdir. Qətnamənin qəbulundan iki ilə yaxın müddət keçsə də Şəxs heç bir ödəniş etməmişdir. Onun barəsində əvvəl İXM-in 528.1-ci maddəsi protokol tərtib edilmiş və buna görə 500 manat cərimə edilmnişdir. Həmin tənbehdən nəticə çıxaramayaq yenə də heç bir ödəniş etməmişdir. Şəxs başqa müəssisələrlə də eyni qaydada işləmiş və buna görə bir neçə müəssisəyə eyni qaydada borcları yaranmışdır. Həmin borcları da ödəmir. Hazırda isə 25.556 manat borcdan ayda 100 manat ödəməsini təklif edir, bu qədər borca münasibətdə 100 manat ödəniş isə ağlabatan deyil. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şimal Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs borcunu etiraf edir və qərəzli olaraq ödənişdən boyun qaçırmır. Sadəcə maddi vəziyyətinə görə ödəniş edə bilməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2757/2024 saylı icra sənədini icra etməyərək 25.556 manat borcu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-3124/2024 saylı saylı icra sənədi üzrə 500 manat cəriməni qanunvericliklə nəzərdə tutulan müddət keçməsinə baxmayaraq ödəməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 2757/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs 25.389 manat məbləğində pul və 167 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)- 3124/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2757/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-3124/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icra barədə bildirişlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2757/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(060)-3124/2024 saylı icra sənədləri üzrə tələbləri könüllü şəkildə icra etməsi Şəxs tələb edilmiş, əks halda məsuliyyə daşıması barədə ona xəbərdalıq edilmişdir. Bildirişlərin üzərində olan qeydlərə əsasən Şəxs həmin bildirişləri rəsmi qaydada almışdır. İş materiallarında olan Şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli və xx.xx.2025ci il tarixli iltizamlardan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2757/2024 saylı icra sənədinin icrası üçün ona vaxt verilməsini xahiş etmiş və qısa müddətə ödənişlər edəcəyini vəd etmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs evli olmaqla iki azyaşlı uşağı var (xx.xx.2014-cü il və xx.xx.2016-cı il təvəllüdlü uşaqlar). Beləliklə məhkəmə iclasında müəyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2757/2024 saylı icra sənədinə əsasən borclu Şəxs 25.389 manat məbləğində pul və 167 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başalama haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2024-cü ildə borcluya rəsmi qaydada verilmişdir. Lakin, borclu üzrsüz səbəbdən icra sənədində göstərilən tələbi icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(060)-3124/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Bundan sonra da borclu ödənişlər edəcəyinə dəfələrlə söz versə də, heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinə səbəb kimi isə maddi vəziyyətinin pis olmasını göstərmişdir. Borclu barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-3124/2024 saylı qərarı xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və həmin vaxtdan 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan inzibati cəriməni də ödəməmişdir. Şəxs ödənişlər edəcəyi barədə dəfələrlə vəd versə də, vədlərinə əməl etməmiş və maddi vəziyyəti ilə əlaqədar ödəniş edə bilmədiyini qeyd etmişdir. Hazırda hər iki icra sənədi üzrə heç bir ödəniş olmamışdır. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, bir il ərzində eyni icra sənədinə münasibətdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərinin yerinə yetirilməməsi və cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməllərinə qiymət verilməsi üçün kifayət edir. Ona görə də Azərbaycan Respublikası İXM-in 114.4.1-ci maddəsinə müvafiq olaraq Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmalı və ona Azərbaycan Respublikası İXM-in müddəaları nəzərə alınmaqla ədalətli inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs evli olmaqla iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinməli, İXM-in 34.3-cü maddəsinə əsasən daha ağır sanksiyası olan həmin Məcəllənin 529.2-ci maddəsi ilə barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 15 aprel 2025-ci il tarixdən saat 14:45dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-3124/2024 nömrəli qərarının icrasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 145.1.6-cı maddəsinə müvafiq olaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Bu cür hüquqi tənzimetmə hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipindən irəli gəlir. Eyni əmələ görə təkrarən məsuliyyətə cəlb edilməyə yol verilməməsinə dair prinsip inzibati xətalar qanunvericiliyində də əks olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə müvafiq olaraq, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Məhz bu prinsipdən çıxış edərək qanunverici barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin həmin qərarı icra etməməyə görə İnzibati Xətalar Məcəlləsinin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildiyi halda onun barəsində əvvəlki inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İXM-in 145.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə qərarın icrasına xitam verir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saat vaxta görə 18 (on səkkiz) manat dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130 və 145.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək onun barəsində həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 15 aprel 2025-ci il tarixdən saat 14:45-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-3124/2024 nömrəli qərarının icrasına xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar